Atatürkün imzalı xəritəsi: “Onun qeyd etdiyi yerləri bir-bir, ağlaya-ağlaya gəzdim”

  Qardaş Türkiyədə Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində Qazi Mustafa Kamal – Atatürkün imzasıyla “qardaşım Mehmet bəyə” dərkənarı qoyulmuş xəritə çıxıb. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, xəritə 1915-ci ildə tarixi Çanaqqala savaşı günlərində Gelibolu yarımadasında “Anafartalar” qrup komandanı olan Mustafa Kamal tərəfindən topçu alayının komandiri Mehmet Ali bəyə göndərilib.  

Xəritə haqqında danışan Çanaqqala On səkkiz Mart  Universitetinin Atatürk və Çanaqqala Savaşları Araşdırma Mərkəzinin müdiri, dosent doktor  Barış Borlat Cümhuriyyətin 100-cü ildönümündə bir çox maraqlı faktların üzə çıxdığını deyib: “Bunlardan biri də Çanaqqala cəbhəsinə aiddir.  Çanaqqala cəbhəsində Mustafa Kamal Atatürk 8 avqust 1915-ci ildə Anafartalar Qrup Komandanı olarkən Topçu alayında xidmət keçən Mehmet Ali Bəyə öz imzasıyla bir xəritə göndərib. Maraqlı olan budur ki, Mehmet Ali bəy bu xəritəni aldıqdan sonra Qurtuluş Savaşına qatılıb. Qurtuluş Savaşı başa çatdıqdan sonra İstanbula gəlib və orada yaşayıb. Atatürkün imzası olan bu xəritəni isə Mehmet Ali bəyin həyat yoldaşı Eceabaddakı xəstəxanada həkim işləyən Bülənd Tərcana verilib. Bülənd Tərcan da məhz bu xəritəyə istinad edərək Gelibolu yarımadasını addım-addım dolaşıb.


 O, bu haqda gündəliyində yazıb: “Böyük həyəcanla və ağlayaraq, Mustafa Kamal imzalı xəritəyə istinad edərək yarımadanı gəzdim”. Lakin 1980—ci ildə B.Tərcan bu xəritəni Türkiyə Cümhuriyyətinin o dönəmdəki prezidenti Kənan Evrənə göndərib. Kənan Evrənsə B.Tərcana təşəkkür edərək xəritənin dövlət arxivinə təhvil verilməsinə göstəriş verib. Xəritənin önəmindən danışan Barış Borlat deyib ki, bu xəritə Çanaqqala cəbhəsində Gelibolu yarımadasındakı vəziyyəti, top atəşlərinin hansı yerdən atılmasının daha uyğun olacağına dair müfəssəl bilgi verir.  Xəritədə yarımadanın panoraması dəqiqliklə çəkilib. Bu isə cəhbədə uğur qazanılmasında əhəmiyyətli rol oynayıb.