"Türkiyədəki siyasi və ictimai fəaliyyətinə yenidən nəzər yetirilməsi vacibdir"
XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı, tanınmış ədib, publisist, maarifçi, rəssam və təbabət alimi Əli bəy Hüseynzadənin (1864-1940) anadan olmasının 160 illiyi tamam olur. Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olub. 1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olub. Burada dövrün məşhur elm xadimləri – Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O, burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur. Öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edən, türkün tərəqqisi naminə bütün gücü ilə çarpışan Əli bəy Hüseynzadə "Kaspi", "Həyat", qəzetlərində çalışır. 1906-cı il noyabrın 1-də isə Azərbaycan ictimai-siyasi həyatında mühüm rol oynayan "Füyuzat" jurnalını nəşr etdirir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. Əksəriyyəti iztirablar içində, 30 ildən çoxunu mühacirətdə keçən Əli bəy Hüseynzadə ömrü 76 yaşında, 1940-cı ildə İstanbulda başa çatır. Qaraca Əhməd məzarlığında, Səlimiyyə təkkəsi qarşısındakı yerdə, şair Hədimin qəbri yaxınlığında dəfn olunur. İctimaiyyət nümayəndələri hesab edirlər ki, görkəmli şəxslərin yubileylərinin qeyd olunması üçün mütləq mənada müvafiq sərəncamların olması şərt deyil. Yəni sərəncamlar və tapşırıqlar olmadan da böyük mütəfəkkirləri anmaq, onların zəngin və rəngarəng fəaliyyətlərini araşdırmaq mümkündür və milli-mənəvi borcumuzdur. Qeyd edək ki, Ə.Hüseynzadənin 150 illiyi Prezident İlham Əliyevin sərəncamı ilə dövlət səviyyəsində qeyd olunub, müxtəlif simpoziumlar, elmi konfrans və tədbirlər keçirilib.
Cümhuriyyət dövrünün tədqiqatçısı, araşdırmaçı-yazar, "Çapar" dərgisinin baş redaktoru Dilqəm Əhməd "Sherg.az"a deyib ki, Əli bəy Hüseynzadənin Azərbaycandakı qısa müddətlik dövrü haqqında zəngin əsərlər yazılıb, məqalələri transliterasiya edilib. Amma mühacirət həyatı daha az tədqiq olunub.
Araşdırmaçı vurğulayıb ki, Ə.Hüseynzadənin Türkiyədəki siyasi və ictimai fəaliyyətinə yenidən nəzər yetirilməsi vacibdir:
"Xüsusən, Ege Universitetində qorunan arxivi üzərində geniş tədqiqata ehtiyac var. Hörmətli professor Yavuz Akpınar həmin arxivin təsviri ilə bağlı məqalələr hazırlayıb. Ancaq düşünürəm ki, orada tədqiq olunmayan xeyli materiallar qalır. Xüsusən, rus dilində olan sənədlərin araşdırılmasında azərbaycanlı alimlərə ehtiyac var. Müvafiq Sərəncam olanda bir çox qurum hərəkətə keçir. Bu baxımdan, əlbəttə ki, üstünlüyü var. Amma çalışan insanlar sərəncam gözləmirlər".