Boran Əzizli: Əli bəy Hüseynzadə bütün Türk dünyasının fikir adamıdır

Dahi şəxsiyyətin irsinin dərindən öyrənilməsi və təbliği çox vacibdir

“Gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində də həmin irsin təbliği böyük əhəmiyyət daşıyır”


  "XX yüzilliyin əvvəllərindən Azərbaycan ictimai-siyasi həyatında yaxından iştirak edən, onu istiqamətləndirən şəxslərdən biri Əli bəy Hüseynzadə olub". 

Bu sözləri "Sherg.az"a açıqlamasında tarixçi-alim Boran Əzizli deyib. 
Tarixçi bildirib ki, Əli bəy Hüseynzadə milli şüurun, istiqlal təfəkkürünün formalaşması və reallaşması uğrunda mübarizənin üslubunu, zəruriliyini üzə çıxaran şəxslərdən olub: 

"Əli bəy Hüseynzadə çox böyük irs qoyub. O baxımdan onun irsinin dərindən öyrənilməsi və təbliği çox vacibdir. Gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində də həmin irsin təbliği böyük əhəmiyyət daşıyır. Əli bəy Hüseynzadə XX əsrin əvvəllərində "Türklər kimdir, kimlərdən ibarətdir" məqaləsini yazmaqla çarizmin "müsəlman-tatar" adlandırdığı xalqın böyük türk qövmünün bir hissəsi olduğunu yorulmadan izah etmişdi. Türk birliyinin yaradılması yönündə Yusuf Akçura, İsmayıl bəy Qaspıralı və başqa mütəfəkkirlərlə bərabər çiyin-çiyinə çalışmışdı. Əli bəy Hüseynzadənin anadan olmasının 160 illiyinin qeyd olunması vacibdir. Əslində, yubiley dönəmlərini gözləmədən ilin bütün günlərində Əli bəy Hüseynzadənin yaradıcılığı, zəngin fəaliyyəti araşdırılmalı, öyrənilməlidir. Çünki o, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəvi inkişafında, ictimai şüurun formalaşmasında müstəsna rola sahib şəxs idi. O baxımdan ən azından il dönümlərində mühüm konfransların, simpoziumların keçirilməsi, Əli bəy Hüseynzadə qiraətlərinin təşkili, onun haqqında alimlərimizin, şair və yazıçılarımızın yeni əsərlərinin nəşr olunması çox yaxşı olardı". 

  Məlumat üçün bildirək ki, XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı, tanınmış ədib, publisist, maarifçi, rəssam və təbabət alimi Əli bəy Hüseynzadənin (1864-1940) anadan olmasının 160 illiyi tamam olur. İctimaiyyət nümayəndələri hesab edirlər ki, görkəmli şəxslərin yubileylərinin qeyd olunması üçün mütləq mənada müvafiq sərəncamların olması şərt deyil. Yəni sərəncamlar və tapşırıqlar olmadan da böyük mütəfəkkirləri anmaq, onların zəngin və rəngarəng fəaliyyətlərini araşdırmaq mümkündür və milli-mənəvi borcumuzdur. Qeyd edək ki, Ə.Hüseynzadənin 150 illiyi Prezident İlham Əliyevin sərəncamı ilə dövlət səviyyəsində qeyd olunub, müxtəlif simpoziumlar, elmi konfrans və tədbirlər keçirilib.