İran İrəvanda Azərbaycanın tarixi-memarlıq abidəsi olan Göy məscidi özünküləşdirir.
Bu barədə Ermənistanda yaşayan iranlılara məxsus Teleqram kanalında məlumat verilib. Bildirilir ki, Göy Məscidi İranın incəsənət abidəsidir.
Qeyd edək ki, Göy məscid İrəvanda azərbaycanlılara məxsus tarixi abidədir. Belə ki, bu məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Çar Rusiyası dövründə İrəvanda azərbaycanıların ibadət etdikləri 8 məsciddən biri olub.
Ermənilər artıq illərdir ki, Azərbaycanın tarixi memarlıq abidəsini İranın mədəniyyət nümunəsi "fars məscidi" kimi qələmə verirlər. Təbii ki, belə yanaşma molla rejimi ilə Ermənistan hakimiyyətinin birgə planıdır. Onlar bu təbliğatla Ermənistanda türk izini silməyə çalışırlar.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan söyləyib ki, İran istər Pəhləvilər, istərsə də Xameneiçilərin hakimiyyəti dövründə panfarsizm ideologiyasına xidmət edib:
“Bu dövlətin siyasi ideologiyası İran mərkəzli fars düşüncə sistemidir. Yəni həmin ideologiyaya əsasən, ölkədə olan bütün mədəni, maddi mədəniyyət nümunələri və ədəbiyyat məsələləri, hətta insanlar belə fars dilinin törəməsidir. Ona görə Tehran hakimiyyəti regiondakı mədəniyyət abidələrinə də eyni müstəvidən yanaşır. Məsələn, Şuşada yerləşən Yuxarı Gövhər ağa məscidinin bərbasında fars elementləri həkk olunmuşdu. Eyni zamanda İrəvanda olan Göy məscid də hazırda İranın mədəniyyət mərkəzi kimi təqdim edilir. Göy məscidin fars abidəsi kimi təqdim olunması həm Ermənistana, həm də İrana sərf edir. Çünki bununla ermənilər türk izini silmək istəyirlər. İran isə Göy məscidə sahib çıxmaqla erməni saxtakarlığına dəstək verir. Tehran hakimiyyəti oxşar hadisələri Cənubi Azərbaycan ərazisində də törədir. Yəni Cənubi Azərbaycan ərazisində türklərə məxsus tarixi abidələr ya məhv edilir, ya da adları dəyişdirilir. Həmçinin Cənubi Azərbaycanda olan kilsələr də erməniləşdirilir. Amma tarixdən də bəllidir ki, Azərbaycan türkləri vaxtilə xristian dininə etiqad ediblər. İran və Ermənistanın şovinist qüvvələri daim birlikdə antitürk fəaliyyətlərilə çıxışlar edirlər”.