31 Mart 1918-ci il soyqırımı tarixi cinayətdir - 40 min türk qətlə yetirilib

1918-ci ilin 31 mart qırğını xalqımızın tarixinə, onun taleyinə qanlı hərflərlə yazılmışdır. Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür.  

 AMEA  Elmi Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev "Sherg.az"a açıqlamasında bildirib ki, ermənilərin türk millətinə qarşı nifrəti erməni yazıçılarından biri olan Daronyanın ölüm ayağında öz xalqına vəsiyyətindən aydın görünür:                   "O, vəsiyyət edirdi ki, ey erməni, çöldə zəhərli bir ilan görüb öldürməsən, səni bağışlamaq olar, amma bir türk görüb öldürməsən, heç bir erməni səni bağışlamaz. Budur bizim nankor qonşularımızın xisləti".
 
 Z.Əliyev deyib ki, 1918-ci il mart soyqırımı da erməni cəlladlarının təcavüzkar siyasətinin bir hissəsi idi:
"Belə ki, daşnaklar Sovet Rusiyasının qoltuğuna sığınıb, öz xəbis niyyətlərini reallaşdırmağa başladılar. Rusiya xarici işlər nazirinin müavini vəzifəsinə Qaraxan soxulmuş, daşnak S.Şaumyan isə Rusiyanın Zaqafqaziyada fövqəladə komissarı təyin edilmişdi. Bolşevizm pərdəsi arxasında əlində Leninin mandatı olan S.Şaumyan azərbaycanlılara qarşı daha qəddar divan tutmalı idi. Buna 1905-ci il soyqırımına nisbətən daha mütəşəkkil, daha planlı və ciddi hazırlaşmışdılar. İstəklərinə nail olmaq üçün 1918-ci ilin yanvarında M.K.Talışinskinin komandanlıq etdiyi müsəlman korpusu Lənkərandan Bakıya gələndən sonra korpusun zabit heyəti çar jandarmasında xidmət etməsi bəhanəsi ilə həbs olundu. Bütün bu hadisələr Bakının türk-müsəlman əhalisinin heysiyyətinə toxundu. Başda S.Şaumyan olmaqla Bakı Sovetinin rəhbərliyi tərəfindən “müsəlman əksinqilabçı ünsürlər” adlandırılan şəhərin azərbaycanlı əhalisini milli münaqişəyə cəlb etmək üçün bəhanə axtarırdı. Tezliklə belə bir bəhanə tapıldı. 30 mart 1918-ci ildə bolşevik-daşnak rəhbərliyi belə şayiə yaydı ki, “Evelina” gəmisi ilə Bakıdan Lənkərana gedən müsəlman zabitləri, guya, Muğanda rus-malakan kəndlərini məhv etmək tapşırığı almışlar. Həmin gün İnqilabi Müdafiə Komitəsinin köməyilə müsəlman zabit və əsgərlərinin tərksilah edilməsi, buna etiraz əlaməti olaraq azərbaycanlıların kortəbii mitinqlərinin keçirilməsi və nəhayət, sovet hərbi hissələrinin atlı dəstəsinin atəşə tutulması bolşeviklərin əl-qolunu açmış oldu. Şaumyan özü etiraf edirdi ki, atlı dəstəmiz üzərinə düşmən tərəfindən ilk silahlı basqın cəhdindən istifadə edərək cəbhə boyu hücuma başladıq. Əslində, bu, bolşeviklərin daşnaklarla birlikdə dinc silahsız Azərbaycan əhalisinə qarşı qabaqcadan düşünülmüş və həyata keçirilmiş milli qırğın idi. Leninin Cənubi Qafqaz üzrə fövqəladə komissar təyin etdiyi S.Şaumyanın çirkin niyyətləri Tiflisdə baş tutmadıqda, Bakıya gəlir. Moskva nökərinin burada geniş fəaliyyət göstəməsi üçün şərait nisbətən qənaətbəxş idi. 1918-ci ilin əvvəllərində V.İ.Leninin və İ.V.Stalinin imzaladıqları bədnam 13 nömrəli dekretlə Moskva Türkiyənin 6 vilayəti hesabına Qafqazda Ermənistan hökuməti yaratmaq niyyətini güdürdü. Bu oyunla Moskva ermənilərə istinadən Qafqazda yerləşmək istəyirdi. Eyni zamanda Şaumyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan Astraxan, Petrovsk, Krasnovodsk və İran yolu ilə cəbhədən dönən erməni alaylarını Bakıda toplayır, onlarla ruslardan ibarət "Qızıl Ordu" təşkil edirdi. Bu surətlə sırf ermənilərdən ibarət mütəşəkkil Qızıl Ordunun başına Avakyan keçmişdi.
  Məhz bu qüvvə ilə 31 Mart qırğını törədilmişdi. Şəhərdə cəbhələrdən qayıtmış 20-25 minlik silahlı erməni və rus əsgəri vardı. Bundan başqa, Xəzər dənizində rus hərbi donanması, Bakının neft mədənlərində rus və erməni fəhlələri vardı. Şaumyan bu qüvvələrə arxalanaraq martın 31-də  İçərişəhər əməliyyatına başladı. Əməliyyatda Anançenko, Suren Şaumyan, A.Mikoyan, Ovçiyan, Qalstyan, Manuçarov, Akopov və digər “Qırmızı qvardiyaçılar” fəal iştirak edirdilər. Planlı xarakter almış həmin qırğında iştirak etməyə hətta digər bölgələrdə məskunlaşmış ermənilər də cəlb olunurdu. Martın 30-31-də və aprelin 1-də Bakıda və Azərbaycanın əksər bölgələrində dəhşətli qırğınlar törədildi. Aprelin 1-də qırğının dayandırılması barədə qərar qəbul edilməsinə baxmayaraq, bu cinayətkar hərəkətlər aprelin 2-də axşama qədər davam etdi. Təkcə Bakıda 12-14 min nəfər günahsız müsəlman öz qanına qəltan edildi. Məhəmməd Əmin Rəsulzadə mart hadisələrini təsvir edərək yazırdı ki, Bakı Soveti erməni alayları ilə birləşərək Bakıda və ətrafda 15000-ə qədər müsəlmanı qətlə yetirdi. Həqiqətən, mart hadisəsi əsasında ruqiyə gələn qətl, bir sinif mübarizəsinə qətiyyən bənzəmirdi. Bu, hər hansı bitərəf maşahid nəzərində silahlı müdafiədən məhrum müsəlman xəlqinin amansız bir surətdə təciyyəsindən başqa bir şey deyildi.
  Qaniçənlər evlərə soxulur, sakinləri qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, baş götürüb qaçan valideynlərin atıb getdikləri südəmər körpələrin, demək olar ki, hamısını öldürür, valideynlərin özlərini isə yaxaladıqları yerdə asıb-kəsirdilər.
  A.Y.Klyugenin məlumatına görə, Mart hadisəsi zamanı Bakıda on minlərlə azərbaycanlı öldürülmüşdü. Onların çoxunun meyitləri tapılmamışdı, çünki şahidlərin dediklərinə görə, meyitləri od-alova bürümüş evlərə, dənizə və quyulara atırdılar.
  Azərbaycanın Şamaxı, Quba, Göyçay, Lənkəran, Qarabağ, Naxçıvan bölgələrində də milli qırğınlar törədilmişdi. Statistik məlumatların təhlili göstərir ki, 1918-ci ildə Qərbi Azərbaycanda 600 mindən çox azərbaycanlı olmuşdur. Bu da həmin ərazilərdə yaşayan əhalinin 84,5 faizini təşkil etmişdir". 

Z.Əliyev vurğulayıb ki, 1918-1920-ci illərdə hakimiyyətdə olmuş erməni daşnaklarının törətdikləri soyqırımı cinayətləri nəticəsində azərbaycanlıların sayı 200 minədək azalmışdır:    
 "Erməni quldur dəstələri Şamaxıda 8-12 min, qəzanın 72 kəndində 40 minə qədər müsəlman vəhşicəsinə öldürülmüşdü. Çox təəssüf ki, onlardan yalnız 8-12 min nəfəri qeydə alınıb. Aprel-may aylarında Qubada kütləvi qırğınlar törədilib və 30 min nəfərə qədər insan qırılıb. Ancaq burada da ölənlərin sayı 7-8 min nəfər göstərilir. Təkcə Zəngəzur qəzasında Andranikin başçılığı ilə 30 müsəlman kəndinin əhalisi tamamilə qırılmış, əmlakları talan edilmişdi.  Bolşevik   bayrağı altında daşnaklar kütləvi qırğınlar zamanı ağlasığmaz vəhşiliklər etmişlər. Hamazasp 100-200-dək adamı əlibağlı relslərin üzərinə düzərək üstündən qatar keçirib, körpə uşaqları ağacdan asdırıb, 40 nəfərin başını kəsdirib və s. Bütün bunları sadalamaqla tükənməz. Üç gecə davam edən bu qırğın zamanı Bakı havadan, dənizdən və qurudan bombardman edildi, məscidlər dağıdıldı, maarif və mədəniyyət müəssisələri, mətbəə, teatr, məktəb, kitabxana və s. od vurularaq yandırıldı. Bakı faciəsini gözləri ilə görmüş M.Kulka adlı xarici qonaq isə söyləyirdi ki, erməni əsgərlər müsəlman məhəllələrinə girib əhalini öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, uşaqları odun içərisinə ataraq diri-diri yandırır, üç-dörd günlük südəmər körpələri isə süngülərinə taxırdılar. 1918-ci ildə ermənilər bir neçə il əvvəl, xüsusilə 1905-1907-ci illərdə həyata keçirdikləri qətliamı təkrar etmişlər. Ermənilər təkcə  adı çəkilən illərdə 40 min türkü qətl etmişlər".