Səriyyə Müslümqızı
Axı 7 rəqəmi müqəddəs idi. Erməni vəhşiliyi müqəddəs heç nə qoymadı Xocalıda...
Heç səndən ayrılmadım ki, elə hey sənə doğru qaçsamda çata bilmirdim. Vallah bu ayrılıqdan bağrım qana dönmüşdü. Ay Allah belə də uzun ayrılıq olarmış... Nəhayət düz 32 idən sonra Xocalıya dönürəm. Taleyə bax elə bu yaşımda çovğunlu bir qış gecəsindən Xocalını tərk etmişdim. Daha doğrusu yağılar yurdumu, yuvamı yağmalayıb doğmalarımı, əzizlərimı qətlə yetirmişdi. Mən isə sağ qalmağıma həm təəccüblənən, həm də peşman olan bir Xocalı sakini olmuşdum.
32 ildən sonra ilk dəfə Vətənə gedəcəydim . O Vətənə ki, orda qayğısız uşaqlığım çılğın gəncliyim xöşbəxt günlərim analı, sonalı bir dünyam qalmışdı. İçimdı kədər, qəlbimdə bitib tükənməyən bir nisgillə. Xəyallar məni haralara aparmırdı ki, çox sevdiyim bir ayda martda Xocalıya gedəcəydim. Yaz bayramı martda olduğundan bu ayı çox sevərdik. Mən fevralın çıxmasını uşaqlıqda çox həsrətlə gözləyərdim. Bu bayramı Xocalılar çox gözəl maraqlı keçirərdilər. Tonqallar çatılar, ocaqlar qalanardı. Uşaqların rəngəbərəng torbaları şirniyyata dolub, daşardı. Gənc qızlar səhərə qədər yatmayıb çilə çaxarardı .
Xocali səfərini təşkil edən Agentliyin mesajı məni xəyalımdan ayırır. “Çalişin gecikməyin saat 03-40 –da Su Idman Sarayının qarşısında olun.
Vaxtında ora çatıram. Dan yeri sökülməmiş yola çıxırıq. Axşamdan yağan yağış hələ kəsməmişdi. Təbiətdə sanki göz yaşı tökürdü. Sən demə düz 32 –dən sonra Xocalıya gedəcəyim tarix bu günə yazılmış. Martin 31-i Xocalı şəhərinin mərkəzində( keçmiş Xalça fabrikinin yaxınlığında) tapılan kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyəti müəyyən edilmiş 7 nəfər dəfn ediləcəydi. Düz 32 il bundan öncə Xankəndindəki 366-cı rus alayı və erməni birləşmələri tərəfindən bu insanlar qətlə yetirilmişdi. Onlardan 4- ü bizim nəslimizdəndir. Ağdama çatanda elə bildim yenə də o qış gecəsidir. Amma dərələr, təpələr yamyaşılıydı. Orda burda çiçəkləyən ağaclarıda vardı. Düz təpənin üstündəcə gözüm Qara qaya deyilən yerə sataşır. Bura sonuncu erməni postuydu. Ordan Ağdamın Şelli kəndinə cəmisi 5-6 km yol vardı . Elə bu postda Xocalıların çoxunun həyatına son qoyuldu. Onların qarşılarını ermənilər BTR-lə kəsib güllə yağışına tutdular. Ordan barmaqla sayılan qədər sağ qalanlar oldu. Onlarada sağ demək olardısa. Bu Qara qayada əvvəldən bəxti gətirməyən anamıda qətlə yetirilənlərdən biri idi. Onun nəşini bir aydan sonra Novruz bayramında ordan götürüb Uzun dərədə Uzun dərə qəbristanlığında dəfn etdik. Yolun sağında həmin qəbristanlıqdı. Burada darmadağın edilib. Dağılan itib batan məzardan biri də anamınkıdı. Xəyalım ruhum o qış gecəsində ilişib qalmışdı. Bu vaxt Rey Kərimoğlu “az qalır Xocalıya”-deyəndə vücudum titrəyir.
Yadıma düşür ki, yox hələ qarşıda Əsgəranda var axı. Zaman nə yaman gec keçir. Bir vaxtlar bu yol mənim üçün çox qısa idi. Qarşıda Rusiyanin bayrağı sancılan hərbi bazalar görünsədə hərbçilər gözə dəymir. Yenə də 32 bundan öncə ki, Xocaliya xəyal məni aparır. Bu hərbçilərin qapı-qapı gəzərək xocalıların əlindəki ov tüfəngini alıb, erməniləri isə təpədən dırnağa kimi silahlandırmaları yadıma düşür. Artıq Xocaliya çatırıq. İlk dəfə ayağımı Xocalı torpağına qoyuram. Bu gün ağır və çətin bir gün olacaq . Düz 7 şəhidimiz torpağa tapşırılacaq. Dəfn mərasimi başlayır.Onların doğmaları acı göz yaşları içərisində tabuta sarılaraq fəryad edirlər. Atası Ağəlini anası Sürəyyanı tabutuna sarılan övladları” axır ki gözümüz yollardan –yığıldı”-deyirlər. Xocali torpağı 7 şəhidini qoynuna aldı. Axı 7 müqəddəs rəqəmdi.
Atamin qəbrini axtarıram, amma qəbrləri dağıdıb viran qoyublar. Tapa bilmirəm. Uşaqlıqda qayanın böyründən qıvrıla-qıvrıla kükrəyib daşan çayı keçib atamın qəbrini ziyarət edərdim. Bapbalaca ürəyimlə o qəbri tapardım hərfləri bilməsəmdə baş daşından tanıyardım. Topladığım rəngbərəng çiçəkləri məzarına qoyardım. Indi isə tapa bilmirəm, çünkü erməni vandalizmi məzarlıqları da dağıdıb yox ediblər.
Özümü danlayıram. Hisslərin korşalıbmı? Yoxsa erməni kabusu hər şeyi yox edibmi –deyirəm. Atamın qəbrinə oxşayan bir qəbir tapıram. Allah etsin hisslərim məni aldatmasın-söyləyirəm Baş daşını param –parça ediblər... Qəbrin üstünə al qərənfillər düzüb mən gəldim ay ATA-deyə pıçıldayıram. Düz 32 ildi ruhun sərgərdan idi eləmi –deyirəm. Heç anamın qəbrini də tapa bilmədim. Sən məni uşaqlığımda anamsa gəncliyimdə tərk edib getdiniz.
Nə uşaqlığım nə də bir gəncliyim olmadı. Üzünü görmədiyim boynuna sarıla bilmədiyim atama giley –güzar edirəm. Səni itirəndə mənim cəmi bircə yaşım olub. Sənsiz çox ağrılar yaşadıq –biləsən-deyirəm. Xocalıya doğru boylanıram. Evimiz burdan görünməsədə çox uzaqda deyildi. Ah ay Ata onda sənin məzarını ziyarət etmək üçün gür çayı keçib gəlirdim. Indi isə arx qədər suyu qalan həmin çayı keçib evimizə getməyə nə dizimdə taqət nə də ürəyimdə təpər qalıb. Bağışla məni Ana ruhun dolaşan evimizə gedə bilmədim. Gedə bilmədim çünkü orda sən yoxsan ... Orda “gəldinmi ay bala”- deyənim yoxdu biləsən ...
Amma özümdə güc tapıb evimizə dönəcəm. Sönən çırağımızı yandırmaq üçün...