Başlıbel faciəsindən 31 il ötür -AÇIQLAMA

Kənd sakinlərindən 14 nəfərinin meyitinin qalıqları bugünədək tapılmayıb



  Ermənistan zaman-zaman xalqımıza qarşı soyqırım cinayətləri törədib. 
Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti tariximizin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, əzəli Azərbaycan ərazilərində uydurma “böyük Ermənistan” dövləti yaratmaq olub.
Son bir əsr ərzində  ermənilərin xalqımıza qarşı Bakıda, Qubada, Zəngəzurda, Xocalıda, Qaradağlıda, Ağdabanda, Edilli, Ballıqayada törətdiyi qətliamları xatırlamaq bu hadisələrin ağırlığını təsəvvür etmək üçün yetərli olar.
Ermənilərin xalqımıza qarşı vəhşiliklərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. Bu gün həmin faciədən artıq 31 il ötür.
  18 apreldə erməni hərbi birləşmələrinin əsarətinə keçən Kəlbəcər rayonunun Başlıbel kəndində baş verən cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb.
  Ombudsman da Başlıbel faciəsinin 31-ci ildönümü ilə bağlı sosial mediada  paylaşım edib: “Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıqla qətlə yetirilməsinə, onların soyqırımı cinayətinin qurbanına çevrilməsinə səbəb olub. Bu gün Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndində törətmiş olduğu qətliamdan 31 il ötür. İnsanlıq əleyhinə yönəlmiş bu qanlı qətliam nəticəsində beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulmuş, içərisində qadınların, uşaqların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, dini, mədəni obyektləri işğal zamanı dağıdılaraq məhv edilib. Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilmiş şəxslərin dəfn olunduğu yer aşkar edilib. Kütləvi şəkildə qətlə yetirilmiş kənd sakinlərinin qalıqları ekskumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və daha sonra ayrı-ayrı dəfn olunub". 
 
 Başlıbeldən olan jurnalist,  Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımovun “Sherg.az”a açıqlamasına  görə,  1993-cü il aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilmişdi:
 “Amma Ermənistanın başıpozuq hərbi birləşmələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 17 gün gizlində qala biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçərək 18 nəfəri qətlə yetiriblər, 14 nəfəri isə girov götürüblər.
  18 aprel qətliamından sonra düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib. Onların mühasirə həyatı iyul ayınadək davam edib. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər -  I və II Dünya müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur.
  Başlıbel kəndində mühasirəyə düşən mülki insanların müdafiəsini təmin etməyə çalışan əslən Zərdab rayonundan olan 22 yaşlı Abdullayev Vüqar İsa oğlu da qətlə yetirilib. Vüqar Başlıbel sakinlərini erməni quldurlarından müdafiə edərkən son nəfəsinədək döyüşüb. Patronu tükəndikdən sonra belə Vüqarın olduğu kahaya yaxınlaşa bilməyən ermənilərin atdığı qumbara onun həyatına son qoyub.  
  2020-ci il sentyabrın 27-də başlanılan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü təmin edərək Başlıbel kəndini işğaldan azad edib. İşğaldan azad olunmasından sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunaraq Bakıya – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqlədi. Faciə qurbanları 2021-ci ilin sentyabrın 3-də mühasirədə qalan kənd sakinlərinin dəfn edildikləri ərazidə torpağa tapşırılıblar”.

  X.Kazımov deyib ki, qətlə yetirildiyi şahid ifadələri ilə təsdiqlənən 27 nəfər dinc Başlıbel sakinindən 14 nəfərinin meyitinin qalıqları bugünədək tapılmayıb. Həmçinin işğaldan sonra Başlıbel kəndinə səfər edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının səfəri zamanı kəndin tarixi-mədəni abidələrinin, o cümlədən XVII əsrin yadigarı olan məscidin dağıdılması müəyyən olunub:
 “Kəndin qəbiristanlığı erməni vandalları tərəfindən dağıdılıb, məzarların içərisi dağıdılaraq cəsədlərin üzərində olan qiymətli metallar qarət edilib. Ermənilərin Başlıbeldə törətdikləri müharibə cinayəti zamanı həm mülki əhaliyə, həm də mülki infrastruktur obyektlərinə hücumlar olub. Belə ki, dördüncü Cenevrə Konvensiyası – “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” sənəd bu cür hücumları qəti qadağan edir. “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini qadağan edir və bu cür əməllər müharibə cinayəti kimi qiymətləndirilir. 
  Onu da qeyd edim ki, Ermənistan hərbi birləşmələri tərəfindən Başlıbel sakinlərinin qətlə yetirilərək kütləvi şəkildə dəfn edilməsi faktı mövcuddur ki, bu da Üçüncü Cenevrə Konvensiyasının 120-ci, Dördüncü Cenevrə Konvensiyasının 130-cu maddələrinin tələblərinin pozuntusudur. Həmin beynəlxalq sənəd əsirlikdə vəfat etmiş şəxslərin şərəflə, mümkün olduğu halda öz dini adətlərinə uyğun və qarşısıalınmaz hallar olmadığı təqdirdə fərdi məzarlarda dəfn edilməsini tələb edir. Amma Ermənistanın törətdiyi Başlıbel qətliamı bütün bu beynəlxalq hüquq normalarının tələblərinin kobud şəkildə pozulduğunu göstərir. Lakin 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan ordusu Ermənistanın hərbi birləşmələrinin xalqımıza qarşı törətdiyi soyqırımı cinayətlərinin cəzasını döyüş meydanında verdi. Azərbaycan bu gün diplomatiya cəbhəsində də Ermənistanı 90-cı illərdən bəri xalqımıza qarşı törətdikləri əməllərə görə cavab verməyə məcbur edir”.