Qaratelə Milli Qəhrəman adı verilməlidir

Heydər Əliyev çıxışlarının birində də deyib, amma əməl olunmur

Kəmalə Musazadə: "Qaratelin şəhid olduğu ərazinin yaxınlığına belə getdim"


  Qazaxın 4 kəndinin bir güllə atılmadan işğaldan azad olunması 1990-cı illərdə bu kəndlərdə düşmənə qarşı mübarizə aparan qəhrəmanları da yada saldı. Bu qəhrəmanlardan, şəhidlərdən biridir Qaratel.
Ermənilərə əsir düşməsin deyə Əskiparada özünü şəhid edən Qaratel Hacımahmudovanın ruhu indi bəlkə də şaddır. "Şərq"in oxucularına Qarateldən danışacağıq. Daha doğrusu, şəhid xanımdan "Qaratel" sənədli filminin rejissoru Kəmalə Musazadə danışacaq. 


- Kəmalə xanım, filmin tarixçəsi haqda oxucularımızı qısaca məlumatlandıra bilərsiz?  Niyə məhz Qaratel obrazını film halında canlandırmaq qərarına gəldiz?    

- Uşaqlıqda ən böyük arzum kinorejissor olmaq idi. Vətənimin qəhrəmanları haqda  kino çəkmək istəyirdim. Mən 1992-ci ildə, yəni Qaratel şəhid olan vaxtda Bakıda tələbə olaraq təhsil alırdım. Rayona gedəndə anam Qaratel adlı bir qızın Əskiparada şəhid olduğunu söylədi. Bu hadisədən illər ötdü, Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində təhsil alarkən 2002-ci ildə  "Dağların telli havası" adlı sənədli film çəkdim. Bu mənim tələbə kimi ilk kurs işim idi. Sonralar 2010-cu ildə İctimai Televiziyada "Qaratel" sənədli filmini çəkdim. Qeyd edim ki, 7 kəndin işğalı barədə yeganə məlumat verən filmdir. Qaratel heç vaxt ailə həyatı qurmayıb. Çünki şəhid qardaşının 3 övladına sahib çıxıb. Əslində, onun iki adı olub. Hacımahmudova Qaratel, kənddə isə Seyidova Hava kimi tanıyıblar. Bu isə onun taleyində dərin iz qoyub. Belə ki, Qaratelin cəsədi ermənilər tərəfindən 14 gün saxlanılıb. Daha sonra onu Azərbaycana Hava adı ilə təhvil veriblər. Bilsə idilər ki, həmin cəsəd öz yurdunu qorumaq üçün tək başına əsgər qardaşları ilə çiyin-çiyinə vuruşan həmin Qarateldir, o zaman onu geri qaytarmaqdan imtina edərdilər.            
      
 -  Hər bir uğurun arxasında böyük əziyyətlər olur. Bəs, siz filmi çəkərkən çətinliklərlə qarşılaşdığınız anlar oldumu? 

- Əlbəttə. Bu film çox əziyyətlə başa gəldi. Ancaq çətinliklərə dəydi və uğurlu alındı. Qaratelin şəhid olduğu ərazinin yaxınlığına belə getdim. O bölgələri daha yaxından çəkməyə çalışırdım. Həmin sahələrdə köhnə döyüşçülərdən biri xəbərdarlıq etdi ki, yaxına getməyin, minalar var. Bir sözlə, daha yaxın getsəydim, minaya düşə bilərdim. Qaratelin birgə döyüşdüyü əsgərlərimizi araşdırıb tapdım.

- İşğaldan azad olunan 4 kənddən biri də Aşağı Əskiparadır. Filmi çəkərkən bir gün həmin ərazilərin geri qayıdacağını düşünərdiz?     

- Nəinki film çəkiləndə, hər zaman o ərazilərə gec-tez qovuşacağımıza çox inanırdım. Universitetdə oxuyarkən, "Anar" adlı bir pyes yazmışdım. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr etmişdim. Pyesdə Anar adlı şəhid obrazının dilindən  belə cümlə vermişdim: "Vaxt gələcək  Xəzərdən İrəvanadək, Təbrizdən Dərbəndədək böyük, qüdrətli, vahid  Azərbaycan dövləti olacaq". Burada bu misraların da bir gün gerçəkləşəcəyinə varlığım qədər inanıram.              

- İmkan yaradılsa, Əskiparada filmin davamı olaraq çəkiliş etməyi planlayırsız?             

- Təbii ki, gələcək planlarımda filmin davamı kimi həmin məkanda çəkiliş etmək var. Onu da vurğulayım ki, Qaratelə Milli Qəhrəman adı da verilib. Təəssüf ki, bir müddət sonra, bu, Azərbaycan bayrağı ordeni ilə əvəz olunur.                

- Maraqlıdır, dəyişdirilməsinin səbəbi nədir?                   

- Səbəbini öyrənməyə çalşdım, ancaq cavab qane etmədiyi üçün sizinlə bölüşə bilməyəcəm. 
Rəhmətlik Prezident Heydər Əliyev çıxışlarının birində deyib ki, əsl milli  qəhrəman adı kimə verilməlidir? Qazaxda düşmən əlinə sağ keçməsin deyə, özünə qəsd edən Qaratelə verilməlidir. Ümidvaram ki, yaxın zamanda ona layiq görülən milli qəhrəman statusu bərpa olunacaq. Çünki indi tam zamandır. Əskiparadakı döyüşlərdə şəhid qardaşlarımızın da ruhu şad olar.

- Qalib dövlətin məğlubedilməz xalqıyıq. Kinorejissor olaraq, sizcə, bununla bağlı kifayət qədər uğurlu filmlər çəkilir?               

- Əslində, biz həqiqətləri dünyanın anlayacağı dildə göstərə bilərik. Ermənilərin bir çox filmləri var. Bununla onlar öz yalançı tarixlərini dünyaya tanıtdıra biliblər. Ancaq bizlər hələ doğruları çatdıra bilmirik.

- Əvvəllər  keyfiyyətli filmlər çəkilirdi. Fikrimcə, mənlə razılaşarsız. Məsələn, "Fəryad", "Ağ atlı oğlan", "Dolu" və s. Bəs, müasir dövrdə niyə belə səs-küyə səbəb olacaq filmlər çəkilmir?  

- Bilirsiniz, artıq dövr başqadır. "Azərbaycanfilm" kinostudiyası istehsalatla məşğul olmur. Əvvəllər fəaliyyət göstərən "Salnamə" studiyası da bağlanıb. Keyfiyyətli iş ortaya çıxarmaq üçün külli miqdarda vəsait, maliyyə dəstəyi lazımdır. Bu səbəbdən iş adamlarına təklif edirəm ki, vətənpərvər ruhda çəkilən kinolara vəsait ayırsınlar. Bu halda rejissorlar tariximizi yarada və yaşada bilər. Mərhum Prezident Heydər Əliyevin dediyi kimi, "Azərbaycan kinosunun tarixi xalqımızın salnaməsidir." Gəlin, bu salnaməni məhv etməyək, yaşadaq!           

Söhbətləşdi: Nəzrin Lalayeva