Nəsiman Yaqublu: Cümhuriyyət dövründə Zəngəzurda seçkilər keçirilib

“Əhməd bəy Ağayev də həmin ərazidən deputat seçilib”
 
“7 min kvadrat kilometrlik Zəngəzur Cümhuriyyət dövründə bizim ərazi kimi xəritədə əks olunmuşdu”
 
 Qazax qəzasının əraziləri Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövründən başlayaraq 1929-cu ilə qədər hissə-hissə zor gücü ilə ələ keçirilib. Həmin proses 1918-ci ildən başlayır. 1918-ci il may ayının 29-da Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı ermənilərə güzəşt etməsi ilə bağlı daha bir məsələ var. 29 may 1918-ci il tarixli Milli Şuranın 3 saylı protokolunda bu yoxdur. Biz yalnız İrəvanın ermənilərə güzəşt edilməsindən danışırıq. Ancaq 31 iyul 1918-ci il tarixində Fətəli xan Xoyskinin həmin dövrdə Ermənistan respublikasının nümayəndələri ilə sərhəd məsələləri ilə bağlı İstanbulda danışıqlar aparan Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi bir depeşedə (sürətli diplomatik məktub) belə deyilir: "...İstədiyiniz xəritələri hər biri bir nüsxə olmaqla sizə göndərirəm, Azərbaycanın sərhədlərini hər cür müdafiə etməlisiniz; əgər ermənilər Qarabağa iddia etsələr, İrəvanı və Qazax rayonunun bir hissəsini onlara verməkdən imtina edin, lakin əgər ermənilər şifahi razılaşmaya sadiq qalsalar, hətta xəritədə nöqtəli xətt ilə göstərilən İrəvan rayonu hissəsini də onlara vermək olar..."
 Axar.az-ın məlumatına görə, bu barədə tarixçi alim Səbuhi Hüseynov məlumat yayıb. Alim qeyd edib ki, depeşedən  görünür ki, artıq 1918-ci ildə Qazaxın hansısa hissələrinin güzəşt edilməsi planlaşdırılıb: “Həmin dövrdə Qazax qəzasının cənub sərhədləri Göyçə gölü sahilində olan Çubuqlu kəndinə qədər ərazini əhatə edirdi. Bu ərazilərə indiki Dilican, İcevan (Karvansara) və digər ərazilər də daxil idi. Bu danışıqlardan sonra rəsmi olaraq hansı ərazinin güzəşt edilməsi dəqiq bilinmir. Çünki bu hadisədən az sonra erməni silahlı qüvvələri Qazax qəzasının bir sıra ərazilərini işğal yolu ilə ələ keçirdi. Çünki bu işğalla bağlı arxivlərdə Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinin o zaman Ermənistan Respublikasının nümayəndələrinə təqdim etdiyi çox sayda notalar da mövcuddur. Təəssüf ki, Fətəli xan Xoyskinin məktubda haqqında söhbət açdığı bu xəritələr hələ ki, Azərbaycan tarixşünaslığında aşkar edilərək elmi tədqiqatlara cəlb edilməyib. Güman edirəm ki, bu xəritələr Türkiyədə olan arxivlərdə ortaya çıxacaq. Çünki rəsmi olaraq sərhəd mübahisələrinin həlli ilə bağlı müzakirə İstanbulda Osmanlı məmurlarının iştirakı ilə keçirilirdi”.
 
Tarixçi-alim, professor Nəsiman Yaqublu isə “Sherg.az”a açıqlamasında deyib ki, həmin vaxtlar Ermənistanla Azərbaycan arasında mübahisə predmeti olan ərazilər vardı. Hətta  gürcülərin nəzarətində olan bəzi ərazilərimiz var ki, mübahisəli qalıb: 
"Onu deyim ki, ermənilərə verilən yerlər AXC-nin  inzibati ərazi vahidi kimi qalırdı. Yəni  Azərbaycan tərəfi  məcburiyyət üzündən torpaqları Ermənistana verdi, lakin  ermənilər İrəvanı paytaxt kimi əldə etdikdən sonra Dağlıq Qarabağa və ondan da geniş ərazilərə iddialarını davam etdirdilər. Bu, sübut edir ki, biz şifahi razılaşma ilə güzəştə getmişik. Yəni İrəvanın Ermənistana verilməsi  qəti şəkildə qərarlaşmayan bir prosesdir. Ümumiyyətlə, o sənəd heç ratifikasiya da olunmamışdı deyə hüquqi akt  sayılmır. Guya  ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər, etmədilər. Elə buna görə də Azərbaycan  Milli Şuranın 1918-ci ilin 29 may tarixində İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarını ləğv etməklə bağlı məsələ qaldıra bilər”.

 N.Yaqublunun sözlərinə görə,  Cümhuriyyətin inzibati əraziləri müəyyənləşdirilsə də, dövlət sərhədlərinin tam şəkildə dəqiqləşdirilməsi  mümkün olmamışdı:  
“Xalq Cümhuriyyətinin yaradıcıları  Azərbaycan türklərinin yaşadıqları əraziləri mümkün qədər Azərbaycan Cümhuriyyətinin sərhədlərinə daxil etməyə çalışıblar.  İmkanları daxilində ərazilərimizi genişləndirməyə  cəhd göstəriblər. Lakin o zamanlar hər şey istəyə  yox, gücə bağlı idi. AXC 23 ay müddətində 114 min kvadrat kilometrlik bir ərazidə  bərqərar oldu və milli dövlət quruculuğu istiqamətində fəaliyyətini genişləndirdi. Bu ərazilərin 86 min kvadrat kilometrinə tam şəkildə nəzarət edə bildilər ki, bu da  kifayət qədər böyük bir hadisədir. Qalan əraziləri isə zamana buraxıblar ki, bir müddət sonra bu məsələlər həll ediləcək. Sonrasında isə buna nail ola bilmədilər. Şünki Azərbaycana olan qərəzli mövqe nəticəsində ərazilərimiz zamanla digər qoşulara verildi. Deməyim odur ki, o dövrlə bağlı bilmədiyimiz məsələlər çoxdur və bütün bunlar ortalığa çıxanda sərhədlər məsələsinə də aydınlıq gətiriləcək. İndiki məqamda isə mütləq bu məsələyə diqqət ayırmaq və Cümhuriyyət dövründəki sənədləri, xəritələri araşdırıb dövlətimizə məxsus  sərhədlərimizi dəqiqləşdirməliyik”.  

 N.Yaqublunun  sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə xas olan  xəritələr hazırda Türkiyə arxivlərində saxlanılsa da, surətləri, fotoları bizdə də var: 
“Həmin xəritələrdən bir neçəsi mənim şəxsi arxivimdə də var. Xəritənin ilk variantı 1923-cü ildə Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabında da çap edilib. Həmin xəritənin kənarlarına da zəncirlər bağlanıb, yəni  ölkənin işğal altında olması bu cür təsvir edilib. Xəritədə də görünür ki, biz nə Ermənistan, nə də Gürcüstana qarşı ərazi iddiaları edirik. Hazırda bu dövlətlərin nəzarətində olan ərazilər vaxtı ilə Cümhuriyyətimizin sərhədlərinə daxil olub və heç birini  rəsmi olaraq həmin dövlətlərə verməmişik. Yəni həmin dövrün özündə belə bu torpaqlar mübahisə obyekti  idi. Bütün bunlar ciddi araşdırılmalıdır.  
 Azərbaycan Xalq Cümhuriyyətinin qoyub getdiyi mədəni-siyasi, ərazi irsimizi, xəritələrimizi öyrənməli və dəqiqləşdirməliyik. Bu gün Ermənistanla aparılan sülh danışıqları, sərhədlərin delimitasiya- demarkasiyası məsələsində də bu faktları əsaslandırmalıyıq. AXC-nin xəritəsi 1920-ci ilin yanvar ayında  Parisdəki Versal sarayında  keçirilən Sülh Konfransında Cümhuriyyətin əraziləri kimi dünyanın aparıcı dövlətlərinə təqdim edilib. Ona görə də demarkasiya prosesində biz mütləq həmin xəritələrə istinad etməliyik.  Hansı ki bu ərazilər sovet dövründə bizdən alınıb ermənilərə verilib.  Cümhuriyyət dövründə Zəngəzur mahalında seçkilər keçirilib, Əhməd bəy Ağayev də həmin ərazidən deputat seçilib. 7 min kvadrat kilometrlik Zəngəzur Cümhuriyyət dövründə bizim ərazi kimi xəritədə əks olunub. Sovet dövründə ermənilər  həmin ərazinin yarısını, 4 min kv.km  ələ  keçirdilər. Ona görə də biz bugünkü danışıqlarda tarixi torpaqlarımız olan Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı tələb qaldırmalıyıq.
 Naxçıvanla Azərbaycanı birləşdirən 35-40 kilometrlik məsafə Paris Konfransında Azərbaycan Cümhuriyyətinin ərazisi kimi qəbul edilib və 23 dövlət tərəfindən de-fakto tanınıb. Lakin indi Ermənistan bu ərazilər üzərində  israrla dayanaraq danışıqlara problem yaradır.  Dövlət xəritəsi və hüquqi sənədə əsasən bizim olan bir əraziyə nəzarət məsələsi bu qədər problem olmamalıdır”.