Bu gün Ulu öndər görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur. Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.
O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib.
H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub.
O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib.
H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.
H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib.
Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub.
H.Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.
H.Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.
Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalının “Sherg.az”a açıqlamasına görə,Ulu Öndər Heydər Əliyev fərqli siyasi sistemlər şəraitində Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanması, müstəqil dövlət ideyasının gerçəkləşməsi prosesində ölkəmizi mürəkkəb, olduqca təlatümlü mərhələlərdən fövqəladə siyasi uzaqgörənliyi ilə çıxararaq Ümummilli Lider səviyyəsinə yüksəlmiş tarixi şəxsiyyət və böyük dövlət xadimidir:
“Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq, ölkəsini tənəzzüldən çıxarıb və tərəqqiyə qovuşdurub. Dövrün bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində o, tarixi hadisələrin gedişini irəlicədən görə bilib, Azərbaycanın dünəni, bu günü və sabahı üçün olduqca mühüm önəm daşıyan qərarlar qəbul edilən zaman düzgün mövqe tutub, qətiyyətlə hərəkət edib. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji onun bəyanat və çıxışlarında, qərarlarında, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirib”.
G. Ağamalının sözlərinə görə, Azərbaycan dövlətinin ağır günlər yaşadığı bir dönəmdə ümidsiz qalan xalqımız çıxış yolunu Ümummilli Liderimiz Heydər Əliyevin Bakıya qayıtmasında görüb:
“ Ən çətin məqamlarda xalqımızın çağrışına səs verən, Azərbaycan dövlətinin taleyinə biganə qalmayan Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizi anarxiya və parçalanmadan, milli dövlətçiliyimizin məhv olma təhlükəsindən, erməni qəsbkarlarının genişmiqyaslı işğalından xilas edib. Milli dövlətçiliyimizin təməl daşını qoyan Ümummilli Liderimiz Heydər Əliyevin gərgin əməyi ilə pərdə arxası bütün oyunlara son qoyuldu və Azərbaycanda dövlət quruculuğuna start verildi, Konstitusiyamız qəbul edildi. Milli dövlətçiliyimizin əsası olan hüquqi, siyasi, iqtisadi, sosial islahatlar həyata keçirildi, dünya iqtisadiyyatına inteqrasiyası yolunda ciddi addımlar atıldı, aparıcı dövlətlər və Beynəlxalq təşkilatlarla yüksək səviyyədə əlaqələr quruldu. Məhz bu təməl üzərində Azərbaycanımız dünyada ciddi söz sahibinə çevrilən ölkələrdən biridir. Azad, Qüdrətli, Bütöv Azərbaycan yaşadıqca Ulu Öndər Heydər Əliyev hər bir Azərbaycanlının qəlbində yaşayacaqdır. Unudulmaz şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini ehtiramla anır, ruhu qarşısında baş əyir, Uca Yaradandan rəhmət diləyirəm”.