KAMERAL TƏSVİRLƏR: TARİXŞÜNASLIĞIMIZDA YENİ MƏRHƏLƏ

Bədirxan Əhmədli

Bu yaxınlarda kimya üzrə fəlsəfə doktoru, görkəmli tarixçi-araşdırmaçı (mən bu ifadəni onun haqqında rahatlıqla işlədirəm!) Nazir Əhmədli layihə rəhbəri və elmi redaktoru akademik Şahin Mustafayev, elmi məsləhətçisi akademik Nizami Cəfərovun olduğu “Borçalı nahiyəsinin kameral təsviri” (Bakı, Elm və təhsil, 2024, 400 s.) kitabını avtoqrafla mənə verdi. Kitab Milli Azərbaycan Tarixi muzeyinin Elmi Şurasının qərarı ilə çap olunub. 

Nazir Əhmədli kitabı verərkən onu da qeyd etdi ki, hər kəsə kitabı bağışlamaq imkanım olmasa da, Borçalıdan olan alim kimi ilk sənə bağışlayıram. Əlbəttə, mən Nazir Əhmədlinin bu xidmətini borçalıların (təkcə borçalılarınmı?!) heç vaxt unutmayacağını və ona minnətdar olacağını söylədim. Dedim, amma bir tərəfdən də öz-özümə sual etdim: gecə və gündüzünü bu cür fundamental araşdırmalara sərf edərək aldığı cüzi maaşla bu kitabı nəşr edən alimə necə dəstək olmaq olar? Nədən bizdə bu cür araşdırmaları maliyyələşdirən fondlar yoxdur? Müəllif bu işinə görə müəyyən qonarara almaq əvəzinə, nədən öz hesabına kitablar çıxarmalıdır?! Axı bu cür kitablar millət, xalq, vətən üçün yazılır?! Tutaq ki, bu cür araşdırmaların maliyyələşməsində problemlər var. Bəs bu araşdırmalara verilən elmi qiymət hardadır? Nədən bu cür əsərlər elmi idarələrdə müzakirəyə cəlb olunmur və elmi əhəmiyyəti vurğulanmır?! Fəxri adlar demirəm, heç olmasa təltiflər, mükafatlar nədən bu müəllifdən yan keçir?! 


Məsələ burasındadır ki, hər zamanolduğu kimi, çağdaş dövrdə də tariximizin araşdırılması durduğu nöqtədən irəli getməli, hər zaman yeni fundamental tədqiqatlar aparılmalıdır. Bəzən yeni adda araşdırılmalar aparılsa da, baxırsan ki, əvvəlki tədqiqatlarda gətirilən faktlar təkrar olunur, dövriyyəyə yeni faktlar, mənbələr, materiallar daxil olmur. Tarixşünaslıq yazılan tədqiqatların sayı ilə deyil, tədqiqatlardakı yeniliklərlə inkişaf edir, yeniləşir və müəyyən bir mərhələyə daxil olur. Bu gün Nazir Əhmədlinin kameral təsvir tədqiqatları ilə tarixşünaslıqda, demək olar, yeni bir mərhələ yaşanır, tariximizin müxtəlif dövrləri ilə bağlı kameral siyahılar işlənilir və çap olunur. Ancaq bu zəhmət sanki gözardı edilir, araşdırmalar həqiqi elmi qiymətini almır. Tədqiqatçı alim Nazir Əhmədlinin son illərdə çap etdirdiyi kameral siyahılar elmi idarələr tərəfindən nədən Dövlət Mükafatı komissiyasına təqdim edilmir?! Halbuki bu işin fiziki və elmi miqyasını təsəvvür eləmək belə çətin olsa da, Nazir Əhmədli yeni tarix yazmaqla məşğuldu. Bu materiallar əsasında yeni faktlar üzə çıxacaq, bu faktlar isə yeni araşdırmaların yazılmasına rəvac verəcək, tarixə yeni baxışı formalaşdıracaq... Araşdırmaların ən böyük əhəmiyyəti də elə bundadır. Elmi dövriyyəyə yeni faktlar gətirir, bizim təsəvvürümüzdə olan tarix dəyişir və yenidən formalaşır. 

Kitabı əlimə aldığımda ilk gördüyüm iş Borçalıda anadan olduğum Az.Gəyliyən kəndinin adını axtarmağım oldu. Kiçik kənd olmasına rəğmən, bir çox alim yetişdirmiş bu kəndin tarixi haqqında ağsaqqallardan eşitdiyim söhbətlərin nə dərəcədə həqiqətə söykəndiyini yəqin etmək istədim. Kameral siyahı 1860-cı ili əhatə edir. Lakin bizim kəndin adı bu siyahıda yoxdur. Bolnisidən Başkeçidə gedən əsas yolun Didi Dmanisinin 3 km-lik sağında yerləşən gürcülər yaşayan Boslebinin adı olsa da, Az.Gəyliyən kəndi yoxdur. Boslebi kəndində də cəmi bir neçə ailə yaşayır. Boslebidən cəmi 2 km uzaqlıqda yerləşən Az.Gəyliyənin olmaması o deməkdir ki, kənd o zaman mövcud olmamışdır. Belə ehtimal da ola bilər ki, kameral siyahını tutanlar Boslebidən o yana getməmişlər. Hər halda araşdırmaları davam etdirmək üçün əldə mənbə var. Məsələn, bundan əvvəlki və sonrakı kameral siyahıya baxmaqla bunu müəyyənləşdirmək mümkündür. Lakin məqsədim bu deyil, Nazir Əhmədlinin ortaya qoyduğu “Borçalı nahiyəsinin kameral təsvir” kitabının və digər kameral siyahıların əhəmiyyəti ilə bağlı fikirlərimi çatdırmaqdır. 

Ondan başlayım ki, Borçalı nahiyəsinin tarixi xalqın, millətin vətəndən qıraqda qalan bir tarixidir, onun tarixini, etnik tərkibini araşdırmaq tarixşünaslığımızın ən əsas vəzifələrindən biridir. Bu mənada N.Əhmədlinin bu kitabı olduqca əhəmiyyətlidir. Kameral təsvirin tarix baxımından tarixşünaslığımıza gətirdiyi yenilikləri bir kənara qoyuram, bunu zaman-zaman tarixçilər araşdıracaqlar, müəllifin 45 səhifəlik tarixi icmalı fundamental bir araşdırmadır. Müəllif Borçalı türklərinin hələ miladdan öncə burada məskunlaşması ilə bağlı yeni fikirlər söyləyir: “Rusiya tarixşünaslığı indiki Gürcüstanda türk elementlərinin meydana çıxmasını səhvən 1480-ci ildə Yaqub şahla bağlayır. Halbuki gürcü mənbələri metaforik olsa da Makedoniyalı İskəndərin (b.e.əvvəl IV əsr) burada yerli türklərlə vuruşduğunu etiraf edir”. N.Əhmədli Borçalı bölgəsi haqqında tarixi məlumatlarla yanaşı, inzibati-ərazi bölgüsü, əhali və onun demoqrafiyası, kənd təsərrüfatı və iqtisadiyyatı, vergi mükəlləfiyyətləri haqqında da dolğun məlumatlar verir. Borçalı əhalisinin 1860-cı il üzrə ümumi əhalisinin mənzərəsini əks etdirən cədvəllər (Borçalı nahiyəsinin vergi mükəlləfiyyətli əhalisi, imtiyazlı əhalisi, ümumi əhalisi və s.) zəhmətli və elmi erudisiyanın məhsuludur. Üzərində geniş dayanmağa imkan olmasa da, N.Əhmədlinin Borçalı tarixi araşdırması tarixşünaslığımızı elmi, nəzəri cəhətdən zənginləşdirir. Yeri gəlmişkən, bu cür icmallar N.Əhmədlinin bütün kameral təsvirlərində yer alır. Təkcə bu tədqiqat-icmallarına görə N.Əhmədli tarix elmləri doktoru, professor ünvanını almağa layiqdir. Onu da demək lazımdır ki, Rusiya imperiyasının işğalından sonra tərtib olunmuş kameral təsvir siyahılarının üzə çıxarılması onun adı ilə bağlıdır. Məhz bu təsvirlər əsasında indiki Ermənistan ərazisindəki əhali tərkibinin xəritəsi kimi olduqca əhəmiyyətlidir. Bu siyahıya alınmaya görə ermənilərin Qafqaza köçürülmələrinin zamanını və sayını da müəyyənləşdirmək olar. Etnik tərkibin necə dəyişdirilməsinin mənzərəsi faktlarla təsdiqlənir. Hətta 1-ci və sonrakı siyahıya alınmalardakı fərqi də ortaya çıxarmaq mümkündür. Bu siyahıları Şopenin, digər erməni və rus tədqiqatçılarının araşdırmaları ilə də müqayisə əsl tarixi etnik mənzərəni görməyə imkan verir. Bütün bunlar gələcək tədqiqatlar üçün zəngin material verir. 

Tədqiqatçı alim Nazir Əhmədlinin kameral təsvir araşdırmalarının miqyası böyükdür. “İrəvan əyalətinin kameral təsviri”, “Dərbənd şəhərinin kameral təsviri”, “Dərələyəz mahalının kameral təsviri”, “Şəmsəddil nahiyəsinin kameral təsviri”, “Şərur-Dərələyəz mahalının kameral təsviri”, “Göyçə mahalının kameral təsviri” və s. əsərləri Azərbaycan türklərinin bu ərazilərdə tarixən yaşadıqlarını və ana vətəni olduğunu bir daha təsdiq edir. Bu kameral siyahılar demək olar Azərbaycan türklərinin yaşadığı bütün bölgələri əhatə edir. Bütövlükdə kameral təsvirlər 14 cildi əhatə edir. Bu isə, necə deyərlər, bir institutun gördüyü işə bərabərdir. Bu araşdırmalar tarixi ərazilərimizin sosial-iqtisadi, etnoqrafik, demoqrafik tarixini araşdırmaq üçün ən zəngin mənbə rolunu oynayır. Lakin bəzən görürsən ki, bu mənbələr də şübhə altına alınır, müəllifə qarşı əsassız ittihamlar irəli sürülür. Məsələn, Nazir Əhmədli Aşıq Ələsgərin, Ağ Aşıq Allahverdi, Aşıq Alı və digər tanınmış adamların anadan olması tarixini, yaşını dəqiqləşdirərkən hücumlara məruz qalır. Təkcə doğum tarixi deyil, onun haqqında indiyədək ədəbiyyatşünaslığın verdiyi digər ehtimallar da faktlar əsasında təkzib olunur. Aşıq Ələsgərin əmisi indiyədək babası kimi təqdim edilmişdi. Bütün bunlar təqdir olunmaqdansa tənqidə məruz qalır. Nazir Əhmədli məhz Ermənistan arxivində olan kameral siyahıya əsasən Aşıq Ələsgəriun 1821-ci ildə deyil, 1852-ci ildə anadan olduğunu təsbit edir. Yəni sübut edir ki, Aşıq Ələsgər indiyədək bütün araşdırmalarda göstərildiyi kimi, 105 il yox, 74 il yaşayıb. Mənbə də göstərilir. Lakin ən qəribəsi budur ki, bu fakta hələ elmi ədəbiyyatşünaslıq öz münasibətini bildirməyib. Halbuki ədəbiyat tarixçiləri, folklorşünaslar N.Əhmədli tərəfindən təsbit olunmuş bu yanlışlığı düzəltməlidirlər. Aşıq Ələsgərin yubileyi də “yeni doğum tarixi” ilə keçirilməlidir. Bunun əksinə getmək fakta, elmə inanmamaq deməkdir. Artıq ehtimallara deyil, faktlara inanmağımız lazımdır. Bu istiqamətdə N.Əhmədlinin araşdırmaları olduqca əhəmiyyətlidir. Və ən əsası; Aşıq Ələsgər sənəti, şəxsiyyəti bu dəqişləşdirmədən heç nə itirmir. Elə buradaca qeyd edim ki, aşıq yaradıcılığındakı araşdırmalarına görə ona hücum edənlər daha çox onun folklorşünas olmamasını iarad tuturdular. Halbuki N.Əhmədlinin “Azərbaycan aşıqları və el şairləri”( Bakı, Elm və təhsil, 2019, 360 s.) son illərin ən yaxşı tədqiqatlarındandır. Bu araşdırma üzərində burada geniş dayanmağa imkan olmasa da, görkəmli alim Əli Şamilin bu əsəri “folklorşünaslıqda yeni mərhələ” adlandırması ilə razılaşıram. Buradakı yenilik təkcə aşıqların doğum tarixlərinin dəqiqləşdirilməsində deyil, ümumilikdə aşıq yaradıcılığına yeni yanaşmada, elmi dövriyyəyə gətirdiyi yeni faktlarda və onun konstatasiyasındadır.  
Kameral siyahılar təkcə tarixçilər və tarixşünaslıq baxımından deyil, eləcə də etnoqraflar, Demoqrafiya ilə məşğul olanlar, filoloqlar, sosioloqlar üçün də eyni dərəcədə əhəmiyyəlidir. Nazir Əhmədli bu araşdırmalarla bizi tariximizə qaytarır, tarixi yaddaşımızı təzələyir. Bu araşdırmaların hər biri təkzibolunmaz sənədlərdir. Bu sənədlərin bir çoxu Gürcüstan, Rusiya, Ermənistan arxivlərində saxlanılır və heç də əlçatan deyil. Onu da bilmək olmaz ki, bu sənədləri gələcəkdə indiki kimi əldə etmək mümkün olacaqmı? Ona görə də tədqiqatçı var gücü ilə onları pasportlaşdırmağa, inventarlaşdırmağa, yenidən xalqın malı etməyə çalışır. Mən şahidəm ki, N.Əhmədli bu kameral təsvirləri əldə etmək üçün nələrindən (maddi, mənəvi və fiziki) keçməli olub. Elmi, ədəbi cameənin Nazir Əhmədlinin gördüyü işə qarşılığı yalnız və yalnız yığışıb bu fundamental işi Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim etməsi ola bilər. Yalnız bu zaman biz onun Azərbaycan dövlətçiliyinə və tarixşünaslığına olan bu xidmətini qismən ödəyə bilərik. 

P.S. Mən bu məqaləni yazdığım müddətdə Nazir Əhmədli özünün Fb səhifəsində  yeni bir kameral təsvir araşdırmasının gələcəyi anonsunu verdi. “Xeyirli olsun!” deyirəm. Ancaq həm də XIX yüzildə heç bir qarşılıq almadan, özünün pulu ilə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşr etməsinə qonağı olan fransız jurnalistin heyrətlənməsi yadıma düşür. Nazir Əhmədlinin “kameral təsvir” fundamental işini başqa heç nə ilə müqayisə etmək olmur. Heyrətlənməmək də öz yerində...