Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Xosrov bəy Sultanovun doğum günüdür.
"Sherg.az" bu böyük şəxsiyyətlə bağlı tanınmış araşdırmaçı və yazıçı, jurnalist Dilqəm Əhmədin fikirlərini öyrənib.
"Xosrov bəy Sultanov çar Rusiyası dövründən etibarən Azərbaycanda tanınan bir şəxs olub. İstər həkim, istərsə də ictimai-siyasi xadim kimi həmişə xalqımıza xidmət edib. Biz onun adını Qars bölgəsindəki zəlzələlərdə qardaş köməyində çox görürük, "Qardaş köməyi" dərgisində yardım zamanı çəkilən şəkilləri də var. Şübhəsiz ki, biz daha çox onu Cümhuriyyət nazirlərindən biri olaraq tanıyırıq. İlk hökumət kabinetimizdə simvolik olsa da, Xosrov bəy tariximizə ilk Hərbiyyə naziri olaraq keçib. Daha sonra ziraət naziri, nəhayətdə Qarabağın hərbi valisi olub. Onun ən mühüm xidməti də məhz sonuncudur".
Bu fikirləri "Sherg.az"a açıqlamasında araşdırmaçı Dilqəm Əhməd deyib. Onun sözlərinə görə, Qarabağın Azərbaycanın tərkibində qalmasında, oradakı erməni üsyançı ünsürlərin məhv edilməsində Sultanov qardaşlarının rolu əvəzsizdir:
"Xosrov bəy Azərbaycan tarixində daha çox hərbi vali kimi fəaliyyəti ilə yadda qalıb. 1919-cu ilin yanvarında Xosrov bəy Şuşa, Zәngәzur, Cavanşir vә Cәbrayıl qәzalarının hәrbi valisi tәyin edilib, sərəncamına yüksək məbləğdə pul ayrılıb. Qarabağ hərbi valiliyinin yaradılmasındakı əsas məqsəd erməni Andranikin bölgədəki dağıdıcı fəaliyyəti olub. Xosrov bəy bölgəyə gəldikdən sonra fevral ayının 11-də əhaliyə müraciət edib. Əslində, bu çağırış erməni əhaliyə idi. O, bəzi mәsuliyyәtsiz ünsürlәrin başçılıq etdiyi quldur dәstәlәrinin bölgəni dağıtdığını, kәndlәri yandırdığını, әhalini mәhv etdiyini, milli ədavət toxumu səpdiklərini bildirib.
Bir neçə gün sonra Xosrov bəy Şuşada qəza rəisləri və ictimai xadimlərlə toplantı keçirib, ermәni-müsәlman münasibәtlәri, qaçqın ermәnilәrin müvәqqәti yerlәşdirilmәsi, qışlaq-yaylaq vә digər məsələlərlə bağlı müzakirələr aparılıb. 17 fevralda Xosrov bəy ingilis təmsilçinin də iştirakı ilə daha bir müşavirə keçirib və burada bildirib ki, Andranikin dəstələrinin buraxılması, Qarabağ hüdudlarından kənarlaşdırılması vacibdir. İngiltərə nümayəndəsi bu mövqe ilə razılaşıb, artıq onun çıxarıldığını bildirib. Yəni Xosrov bəy bölgəyə gəldiyi ilk gündən Azərbaycan Cümhuriyyətinin milli maraqlarının qorunmasına çalışıb. Onun valiliyi tarixindә әn önәmli hadisәlәrdәn biri də budur ki, o, 1919-cu ilin 21-30 martında Əsgәran döyüşündә daşnak generalı Dronun quldur dәstәsini darmadağın edib. Xosrov bəy ermənilərin dilini yaxşı bildiyi üçün hökumətə orada yerləşən Azərbaycan hərbi qüvvələrinin də ona tabe edilməsini istəyib, amma bu, mümkün olmayıb".
Araşdırmaçının sözlərinə görə, Xosrov bəy Sultanovun qərarlılığı nəticəsində erməni Milli Şurası da Paris Sülh Konfransının qərarınadək bölgənin Azərbaycana aid olduğunu qəbul etmişdi:
"Cümhuriyyətin işğalından sonra Xosrov bəyin mühacirət həyatı başlayır. Bir müddət İran sərhədində mövqe tutur və orada qardaşı ilə birgə bolşevikləri davamlı təhdiddə saxlayır. Daha sonra Türkiyədə və Avropada mühacir həyatı yaşayır, Rəsulzadəyə əks cəbhədə yer alsa da, onun da əsas məqsədi Azərbaycanın xilası olub. II Dünya müharibəsində almanların diqqət göstərdikləri şəxslərdən biri idi. Xosrov bəy Türkiyədə olduğu müddətdə həkim kimi də Trabzonda və İstanbulda çalışıb. İstanbulda da vəfat edib, Feriköy məzarlığında dəfn olunub".