Bu gün Azərbaycan klassik ədəbiyyatı əsərləri nümunələrinin naşiri, şair və ədəbiyyatşünas, məşhur publisist Salman Mümtazın anadan olmasından 140 il keçir.
Sherg.az xəbər verir ki, Salman Məhəmmədəmin oğlu Əsgərzadə (Mümtaz) 1884-cü ildə Şəkidə anadan olub. Kiçik yaşlarından elmə marağı ilə seçilən Salman gənc yaşlarında ərəb, fars, urdu dillərini öyrənir. Cəmi 3 ay molla yanında təhsil almasına baxmayaraq, o, öz üzərində ciddi işləməyə başlayır və Şərq ədəbiyyatına dərindən yiyələnir.
Molla Nəsrəddin jurnalının fəaliyyətə başlaması ilə Salman Mümtaz da orada satirik şeirlər və məqalələr yazır. Həmçinin o, Tiflisdə ilk kitabı “Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı”nı Cəlil Məmmədquluzadənin “Qeyrət” mətbəəsində çap etdirir. Həmçinin Mirzə Ələkbər Sabiri çox sevən Salman onun ölümündən sonra “Hophopnamə”nin nəşr etdirilməsində Abbas Səhhətə yardım edir.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra müstəqilliyin milli xəzinə olduğunu anlayan Salman Mümtaz Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru paşanı və Osmanlı dövlətinin hərbi naziri, siyasi xadim Ənvər paşanı yüksək qiymətləndirirdi. 1918-ci ildə Salman Mümtaz Nuru paşa ilə görüşərək ona həsr etdiyi “Öyün millət!” qəzəlini söyləyir. Ənvər paşaya isə “Ənvəriyyə” müxəmməsini həsr edir. Salman Mümtaz tədqiqata çox üstünlük verirdi. O, bütün gücünü Azərbaycan ədəbiyyatının toplanmasına, tədqiqinə, müəyyənləşdirilməsinə, nəşrinə və yayılmasına yönəldirdi.
Salman Mümtaz ümumilikdə '“Molla Nəsrəddin” jurnalı, “Azərbaycan” və “Kommunist” qəzetlərinə əlavə olaraq çap edilən “Zənbur”, “Hacı Leylək”, “Tutu”, “Şeypur”; “Füqəra Füzuyatı”, “Qurtuluş”, “Qardaş köməyi”, “Maarif və mədəniyyət”, “Qızıl Şərq”, “Şərq qadını” jurnalları ilə, həmçinin “Səda”, “Günəş”, “İnqilab”, “Açıq söz”, “Kommunist”, “Tərəqqi”, “Yeni iqbal”, “İqbal”, “Ədəbiyyat qəzetəsi” qəzetləri ilə əməkdaşlıq edib və həmin qəzet və jurnallarda Salman Mümtaz “Aşqabadlı”, “Vasvası”, “Eşşəkarısı”, “Mömin çinovnik”, “Mümtaz” (ərəb dilindən tərcümədə bu söz “seçilmiş”, “başqalarından seçilən” mənasını verir), “Sağsağan”, “Sərçə”, “Sərçəqulu”, “S.M.”, “S.Əsgərov”, “Türkməndost”, “Xortdanqulu bəy”, “Xortdanbəyzadə”, “Çalağan” və başqa imzalar altında satirik və lirik şeirlər, məqalə və felyetonlar, nəsr əsərləri yazıb.
Salman Mümtazın uğurlu fəaliyyətindən narahat olmağa başlayan bolşeviklər onu təqiblərə başlayır. İlk olaraq Azərbaycan Yazıçılar Birliyindən azad edilən Salman həmin ilin 10-12 iyun tarixlərində “xalq düşməni” adlandırılıb. O, iyun ayının 19-da “burjua milliyətçisi” və “pantürkist” damğası vurularaq tutduğu vəzifələrdən də azad edilib. Uzun müddət işgəncələrə məruz qaldıqdan sonra 1941-ci il 6 sentyabrda güllələnərək öldürülüb.