28 May-Müstəqillik günü Azərbaycan tarixinin ən böyük günlərindən biridir. Lakin əfsus ki, ölkəmizdə lazımınca qeyd olunmadı. Hətta bəzi qüvvələr Məhəmməd Əmin Rəsulzadə ilə Əlimərdan bəy Topçubaşovu, Fətəli xan Xoyski ilə Nəsib bəy Yusifbəylini müqayisə edir, cəmiyyət arasında qurucu ziyalılarımız arasında iğtişaşlar olduğu görüntüsünü yaratmağa çalışırdı. Bəs bu qüvvələr kimlərdir? Qurucu babalarımızın qanları və tərləri hesabına qazanılmış müstəqilliyi kimlərin gözləri götürmür?
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında bildirib ki, ölkəmizdə Müstəqillik Gününün yüksək səviyyədə qeyd olunmamasının səbəbi bəzi nazirliklərin, dövlət qurumlarının biganəliyidir:
"Biz bilirik ki, Prezident İlham Əliyev həm Müstəqillik Günü, həm də Cümhuriyyət qurucularının yubileylərinin keçirilməsi ilə bağlı bir çox sərəncam verib. Buna baxmayaraq biz qurucu ziyalılarımıza lazımi diqqət ayrıldığını görə bilmirik. Əlbəttəki, xalqımız, əsasəndə gənclər sosial şəbəkələrdə belə əlamətdar günləri qeyd edirlər. Lakin Cümhuriyyət qurucularının televiziya ekranlarında, kitab səhifələrində görsənməməsinin səbəbləri xalqımızın yox, müvafiq dövlət qurumlarının biganəliyinin nəticəsidir. Bəzi qüvvələr Cümhuriyyət qurucularını bir-biri ilə müqayisə edir, cəmiyyətdə bu şəxslər haqqında mənfi görüntü yaratmağa çalışırlar. Müşahidələrimiz bizə onu göstərir ki, bu cür xoşagəlməz hallar əsasən həm ruspərəstlərin, həm də iranpərəstlərin gərgin "əməyinin" nəticəsində baş verir. Lakin onu da qeyd edək ki, bəzi hallarda xalqımız da kor-koranə şəkildə bunu edir. Belə hadisələr hər bir halda qəbuledilməzdir. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında əməyi olan bütün ziyalılara dəyər verir. Lakin bir danılmaz gerçək var ki, bizə müstəqilliyi aparan yolu aydınladan, xalqa rəhbərlik edən məhz Məhəmməd Əmin Rəsulzadə olub".
Faiq Ələkbərli qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin liderliyi həm sosialistlər, həm liberallar, həm də milliyətçilər tərəfindən səs çoxluğu ilə qəbul edilib:
"Nəsib bəy Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin və digər qurucu ziyalılarımızın xalqımızın qəlbində özünəməxsus yeri var. Lakin bu dövlətin əsas qurucusu birmənalı olaraq Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə olub".