Andlı şəhid Noman Çələbi Cihan

Noman 1885-ci ildə Krımda İbrahim Çələbinin ailəsində doğulub. Uşaq vaxtından vətənə sevgisi ilə yaşıdlarından seçilən Nomanın dünyagörüşünün formalaşmasında Mustafa Əfəndinin rolu böyük olub. Təhsil illərində İsmayıl bəy Qaspıralının "Tərcüman", Rəşid Mediyevin "Vətən xadimi" qəzetlərini və İstanbuldan gələn kitabları diqqətlə oxuyan, rus dili öyrənən və bu dil vasitəsilə inqilabçıların əsərlərini oxuyan, onların mitinqlərdəki çıxışlarını dinləyən Noman üsyankar bir ruhda böyüyüb.

Sherg.az bildirir ki, 1905-ci il inqilabı nəticəsində bəzi islahatların həyata keçirilməsi, çarın xalqın xeyrinə bəzi güzəştlərə getməsi gənc Nomanı daha da ruhlandırıb. O Rusiya Imperiyasından xalqını qurtarmaq, haqsızlığa, qanunsuzluğa son qoymaq üçün yollar axtarıb. Noman 1906-cı ildə Əbdülhalim Çələbi və Əbubəkir Çələbinin maddi yardımıyla təhsilini davam etdirmək üçün İstanbula gedir. Orada Mərcan İdadisində oxuyaraq dini biliklərini dərinləşdirir. Sonra universitetin hüquq fakültəsində təhsilini davam etdirir. Cəfər Seydəhməd Kırımər ilə tanış olur. Tanışlıq dostluğa çevrilir və ömrünün axırınadək davam edir. İstanbuldakı krımlı gənclərlə birlikdə "Vətən" adlı gizli bir təşkilat yaradır. Onlar vətəni azad etmək, milləti oyatmaq ümidiylə hekayələr, şeirlər, məqalələr, xalqa müraciətlər yazaraq gizli çap etdirib yayırlar. 

Krımın ziyalılarının çoxsaylı fədakarlıqları nəticəsində 1917-ci il martın 26-da Krım Xalq Cümhuriyyəti elan edilir. Krım Müsəlmanları Mərkəzi İcra Komitəsi Noman Çələbi Cihanı Krım Müftiliyinə, Cəfər Seydəhmədi isə Vəqf İşləri Müdirliyinə seçir. Beləliklə Çələbi Cihan yalnız Krımın deyil, eyni zamanda Batı Müsəlmanlarının, yəni Polşa və Litva müsəlmanlarının da müftisi olur. Bu dövrdə Krımda ana dilində çıxan qəzet və jurnalların sayı artrılır. 

1917-ci il noyabrın 1-də Krım Tatarlarının Komitələrindən seçilən nümayəndələr Ağməsciddə qurultaya toplaşırlar. Qurultay Krımda yaşayan xalqların dininə və dilinə, adət-ənənəsinə sayğı göstərəcək, onların dini, milli və siyasi haqlarını qoruyacaq Krım Xalq Cümhuriyyəti qurulduğunu elan edir. Yeni qurulan hökuməti qorumaq üçün I Dünya savaşına cəlb edilmiş krımlı əsgər və zabitləri vətənə gətirmək qərara alınır. 1917-ci il noyabrın 17-də Krımda ilk dəfə qadınların da tam hüquqlu vətəndaş kimi iştirak etdiyi bir seçki keçirilir. Deputatlar noyabrın 26-da Baxçasaraya gəlirlər. Xan camidə namaz qıldıqdan sonra nümayəndələr Divani Ali Odasına doğru irəliləyəndə onları komandirlərin əmrilə əsgərlər hərbi qaydada salamlayır, "Hürriyyət" marşı çalınır, bu günləri görmək arzusuyla yaşayan xalq kütlələri, tələbələr onları alqışlayırlar. Saat 2.00-da keçirilən iclasda Krım Müsəlmanları İcra Komitəsi adından Noman Çələbi Cihan onları salamlayır və toplantını açıq elan edir. Toplantının ilk iclasına yaşda hamıdan böyük olan Hacı Əli əfəndi sədirlik edir. Qurultayın rəyasət heyətinə Noman Çələbi Cihan, Cəfər Seydəhməd, Abdülhakim Hilmi, Hacı Bədrəttin və Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə Qaspıralı seçilir. 

Krım tatarlarının bu uğurlarından narahat olan Sovet hökuməti Krıma ordu göndərir. Baş verən döyüşlərin şiddətli vaxtında Ağməsciddəki Narodnıy Dom (Xalq evi) binasını milli qüvvələr tutdu. Lakin sonradan Milli hökumətin Nazirlər Şurası Narodnıy Dom (Xalq evi) binasından geri çəkilməyi qərara aldı. Bununla razılaşmayan Noman Çələbi Cihan istefa verdi. Vəziyyəti müzakirə etmək üçün parlament üzvləri Ağməscidə dəvət edilərkən bolşeviklər şəhəri tutdular və Noman Çələbi Cihanı Akyara apardılar. Ordusunu və idarəetmə orqanlarını yeni formalaşdırmaqda olan gənc Krım hökumətini bolşeviklər qan içində boğdular. Noman Çələbi Cihana həbsxanada ağır işgəncələr verdikdən sonra 1918-ci il fevralın 23-də öldürərək cəsədini dənizə atdılar. 

Noman Çələbi Cihan və onun silahdaşları məğlub olsalar da, adlarını tarixə qanları bahasına yazdılar. Bu böyük şəxsiyyəti hörmət və ehtiramla anırıq.