Taleh Cəfərov,
Tarixçi alim
Türk-Turan sivilizasiyası və onun inkişaf mərhələləri. Türk xalqları yer kürəsinin sıx məskunlaşmış xalqlarından biridir. Onların böyük bir hissəsi tarixən Avrasiya materikində yaşasalar da, Amerika və Avstraliya qitələrinə də yayılmışlar. Müasir dövrdə türk dünyasının coğrafiyası qərbdə Balkan yarımadasından şərqdə Sakit okeana, şimalda Şimal Buzlu okeandan cənubda Tibetə qədər uzanan 11,2 milyon kv. km-lik ərazini əhatə etməkdədir. Yer kürəsinin 149 milyon kv. km-ni quru sahəsinin təşkil etdiyini nəzərə alsaq, bütövlükdə ümumtürk xalqlarının yaşadığı ərazi yer kürəsinin quru sahəsinin 7,5 faizini təşkil edir. Bu coğrafi ərazidə bu gün 250–300 milyon civarında türk əhalisi yaşamaqdadır ki, bu da, bütövlükdə ümumdünya əhalisinin 3-4 faizini təşkil edir. Belə ki, Türkiyə əhalisinin 90 faizini, keçmiş SSRİ əhalisinin 50 milyonunu –yəni slavlardan sonra ikinci böyük qrupu türklər təşkil etməkdədir.
Keçmiş SSRİ coğrafiyasında yaşayan türk xalqları ərazi baxımından bir neçə qrupa bölünür:
1. Litvanın qərb əyalətləri, Ukrayna və Krım, Cənubi Moldova;
2. Qafqaz;
3. Volqaboyu;
4. Mərkəzi Asiya;
5. Qərbi və Şərqi Sibir.
Burada birinci qrupa Litva və Belarus tatarları, qaraimlər, qaqauzlar və krımçaklar; ikinci qrupa Azərbaycan türkləri, kumıklar, balkarlar, qaraçaylar və noqaylar; üçüncü qrupa tatarlar, başqırdlar və çuvaşlar; dördüncü qrupa özbəklər, uyğurlar, qazaxlar, qaraqalpaqlar və türkmənlər; beşinci qrupa isə Sibir tatarları, yakutlar, tuvalar, xakaslar, kamasinlər və altaylılar (Dağlıq Altayda yaşayan xırda türk xalqları) daxildir.
Tarixdə dövlətçilik ənənələrinə daha tez yiyələnən, ən çox dövlət, imperatorluq qurmuş xalqlardan biri, şübhəsiz ki, türklərdir. Sovet tarixşünaslığında söz sahibi olmuş bir sıra tarixçilər nədənsə tarixdə mövcud olmuş türk dövlətlərinin sayı haqqında bilərəkdən susmuşlar. Türkiyə tədqiqatçılarına görə, tarixdə 110 türk dövləti olmuşdur ki, bunların 15-i xaqanlıq (imperatorluq), 38-i dövlət, 34-ü bəylik, 4-ü atabəylik, 17-si xanlıqdır.
SSRİ-nin süqutu nəticəsində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan respublikaları dövlət müstəqilliklərini bərpa edərək BMT-nin tamhüquqlu üzvü oldular. Türkiyə də daxil olmaqla artıq müstəqil türk respublikalarının ərazisi türk dünyasının ancaq 43 faizini təşkil edir. Başqa sözlə, 11,2 milyon kv. km-lik türk dünyasının 4,8 milyon kv. km-ni bu altı ölkənin ərazisi təşkil edir. Yerdə qalan 57 faizlik (6,4 milyon kv. km-lik) ərazi isə digər ölkələrin sərhədləri daxilindədir.
Bu gün yuxarıda adlarını qeyd etdiyimiz altı müstəqil türk dövlətindən savayı türklər başda Rusiya Federasiyası olmaqla Ukrayna, Moldova, Gürcüstan, Çin Xalq Respublikası, İran, İraq, Suriya, Əfqanıstan, Hindistan, Yaxın Şərq, Şərqi və Qərbi Avropanın bir çox ölkələrində yaşayırlar. Təkcə İran, İraq, Suriya, Əfqanıstan və Balkan ölkələrində yaşayan türk əhalisinin ümumi sayı 50 milyondan artıqdır ki, bu da ümumtürk əhalisinin 1/5-i deməkdir. Bunların bəzilərində muxtar türk respublikaları, vilayətləri mövcuddur. Rusiya Federasiyası daxilində Başqırdıstan, Tatarıstan və Saxa-Yakutiya dövlət statusu əldə edib. Tuvalar, xakaslar, altaylar və çuvaşlar isə muxtar respublikalarına sahibdirlər.
Dünya sivilizasiyalarının mühüm tərkib hissələrindən biri də Türk/Turan sivilizasiyasıdır. Turan sivilizasiyasının formalaşdığı ərazilər, keçdiyi inkişaf mərhələləri və nailiyyətləri, həmçinin digər sivilizasiyalarla qarşılıqlı əlaqələrindən öncə Turan adının yaranması və onun etimologiyası haqqında məlumat vermək istərdik. Məlumat üçün qeyd edək ki, Turan sözü ilk dəfə Sasanilər sülaləsindən I Şapura (III əsr) məxsus qaya yazısında çəkilib. Xüsusilə, ilkin mərhələdə Mərkəzi Asiyanın türklər yaşayan ərazilərinə şamil edilən Turan coğrafi adı daha sonralar 11,2 mln. kv. km. ərazilərdə məskən salaraq dövlətlər qurmuş türklərin ümumi vətəni anlamını ifadə etməyə başladı.
Ə.Muxtarovanın fikrincə, Paropamid dağlarının öndağ hissəsi, qərbdən Xəzər dənizi, şimal-qərbdən Turqay yaylası, şimal-şərqdən Qazaxıstan, Mərkəzi Asiyanın və Cənubi Qazaxıstanın düzənlik hissəsi Turan adlanır. Ovalıq cənubdan Kopetdağ və Tan xırda təpəliyi, cənub-şərqdən Tyan-Şan və Pamir-Altay dağları ilə əhatələnir. Buradan iki əsas çay – Amudərya və Sırdərya çayları axır. İlk dəfə olaraq “Avesta”da “iti sürətli atlara malik olan” tur tayfasının adı ilə bağlı Turyana (Turan) ölkəsinin adı çəkilib. Həmçinin “Avesta”da turlar İran dillərində danışan müasir xalqların ulu əcdadları olan arilərin qatı düşməni, həm də onlardan fərqli etnos kimi göstərilir və Turan İrana qarşı qoyulur. Qeyd edək ki, ərəb istilasından sonra islam tarixçilərinin, coğrafiyaşünas səyyahların əsərlərində Turan ölkəsi Türküstan ölkəsi, turanlılar isə türklər kimi adlandırılırlar. Belə ki, bəzi Qərb müəlliflərinin əsərlərində Turan anlayışı milliyyəti, qövmiyyəti deyil, coğrafi ərazini, ölkəni (Turan ölkəsi) ifadə edir. Məsələn, Eliza Reklüye görə, Turan anlayışı altında hələ qədim zamanlarda Asiyadan Şimal Buzlu Okeana və Berinq boğazına qədər ərazilər nəzərdə tutulur.
E.ə. IV-III minilliklərdə Ön Asiya, Azərbaycan və Şimali Qafqaz arealında formalaşan Türk/Turan sivilizasiyası uzun bir inkişaf yolu keçmiş, digər areallarda da sürətli şəkildə intişar tapmışdır. Xüsusən, Türk sivilizasiyası qədim tarixi köklərə malik olub, özünün inkişaf yolunda bir neçə mərhələ yaşamış və mövcudiyyətini qoruyub saxlamaqda olan sivilizasiyalara aiddir. Bu barədə Ərəstun Həbibbəyli yazır: “Tarixin müxtəlif zamanlarında və hətta bəzən eyni zaman kəsiyində Türk sivilizasiyası bir neçə mərkəzi güc üzərində qurulub. Məsələn: birinci nəsil sivilizasiyalar dövründə Ön Asiyada və Uzaq Şərqdə Türk sivilizasiyalarının izlərinə rast gəlinir. Sonrakı mərhələlərdə Osmanlı, Səfəvi, Misir Məmlük sultanlığı, Böyük Moğol imperiyasının timsalında Türk sivilizasiyasının güc mərkəzləri artmışdır. Ümumiyyətlə, çoxqütblülük Türk sivilizasiyasının zəngin mədəniyyətinin və çoxminillik aramsız dövlətçilik tarixinin əsas səbəblərindən biridir”.
Dünya sivilizasiyaları sahəsini tədqiq edən Qərb alimləri sivilizasiyaların təsnifatını apararkən heç bir halda Türk sivilizasiyasını ayrıca bir sivilizasiya olaraq nəzərdən keçirməyiblər. Nə Samuel Hantinqtonda, nə Arnold Toynbidə, nə Frensis Fukuyamada Türk sivilizasiyası anlayışına müstəqil bir sivilizasiya növü kimi rast gəlmirik. Bunun səbəblərini isə Qərb sivilizoloqlarının qeyri-elmi, qərəzli mövqelərində axtarmaq lazımdır. Məlumdur ki, sivilizasiya məfhumuna elmi yanaşma, ilk dəfə Avropada başlayıb və hazırda da bu sahə ilə daha çox Qərb ölkələrinin alimləri məşğul olurlar. Onlar isə tarixin ən qədim dövründən günümüzədək maddi-mənəvi özünəməxsusluğunu qoruyub saxlamış Türk sivilizasiyasını görməzlikdən gəlir, yaxud bu fenomenə qısqanclıqla yanaşırlar. Halbuki Türk sivilizasiyası tarixdə nəsildəyişmə mərhələlərindən öz seçkinliyini qoruyub saxlayaraq keçən azsaylı sivilizasiya tiplərindəndir. Qeyd edək ki, hazırda sivilizasiyaların təsnifatında əsas kriteriya olaraq nəsil (zaman) dəyişikliyinə üstünlük verilir. A.Toynbi, S.Hantinqton, E.Toffler kimi sivilizoloqlar üç və ya dörd nəsil sivilizasiya müəyyən ediblər və bu təsnifatlarda heç zaman Türk sivilizasiyasına müstəqil element kimi baxılmasına rast gəlmirik. Əslində isə Türk sivilizasiyası çox nadir sivilizasiya tiplərindəndir ki, həm birinci nəsil (Qədim Misir, Şumer, Çin, Hind və s.), həm də sonuncu nəsil (sənayedən sonrakı) sivilizasiya tipləri ilə bərabər mövcud olub və hələ də öz varlığını qoruyub saxlayır.
Rahid Uluselin təsnifatında isə Türk sivilizasiyası İslam, Yapon, Çin, Hind, eyni zamanda Afrika və Okeaniya sivilizasiyaları ilə bərabər hazırkı dünya sivilizasiyasının Şərq qrupunu təşkil edir.
Dünya alimlərinin, o cümlədən qərblilərin irəli sürdükləri əsas müddəalardan biri odur ki, Aryanlar Hind-Avropa mənşəli olduğu halda, turlar türklərin əcdadıdır və onun adını Turan torpağının adından ayırmaq olmaz. Fransız alimi G.Montandona görə də Turan irqi Ari irqindən fərqli olaraq, monqoloid və avropoid irqinə aid mələz bir irqdir ki, buraya türklər, tatarlar, yakutlar, altaylılar, monqollar və başqaları aiddirlər. Alman alimi Max Müllerə görə də türk, monqol, tunquz, macar, fin dilləri yalnız Turan dillərinə aiddir. Bir zamanlar şumer, yapon və Qafqaz dilləri də Turani dillərə aid olub. L.Rasonyi də hesab edir ki, Ari irqindən tamamilə uzaq olan Turan irqi monqoloid irqiylə də az bağlı olub, daha çox Ön Asiyaya aiddir.
Sivilizasiya məsələləri üzrə tədqiqat işləri aparan A.Toynbi də irəli sürdüyü sivilizasiyalar arasında Türk sivilizasiyasına yer verməməsi bir yana, Ari mənşəli saydığı Şumer, İran, Hind sivilizasiyalarının içərisində isə türkləri uzun müddət görmək istəmir. Çünki Toynbinin iddiasına görə, türklərin tarixi arilərdən min il sonra başlayır: “Qədim Misir sənədləri göstərir ki, e.ə. II minilliyin I yarısı boyu arilər üç min il sonra türklərin də çıxdığı Böyük Çölün eyni yerindən çıxıblar”. Üstəlik, Toynbi və başqa Qərb alimlərinin sivilizasiya nəzəriyyələrində Türk/Turan sivilizasiyası ya İslam sivilizasiyasının tərkibində, ya da onun daxilində subsivilizasiyası kimi qeyd olunur. Toynbi İslam sivilizasiyasının subelementlərindən bəhs edərkən həm Ərəb, həm də İran mədəniyyətinin özünəməxsusluqlarını göstərdiyi halda, Türk mədəniyyətinə sivilizasiya yaradıcı komponent kimi baxmayıb.
Ümumiyyətlə, Qərb alimlərinin fikirlərindən belə bir nəticə hasil olur ki, ən qədim dövrlərdə Avropada ancaq hind-avropalılar yaşayırmışlar ki, e.ə. II minilliyin sonlarında onların bir hissəsi olan arilər/iranlılar Ön Asiyada yerləşiblər. Onlardan çox sonralar (erkən orta əsrlərdə) haradansa, yəni Ön və Mərkəzi Asiyada əvvəllər yaşamayan türklər “peydə olmuş” və onlar hind-avropalıların qədim məskənlərini ələ keçirərək buranı Türküstan adlandırmış, hətta üstəlik, Turan adını da arilərin aşağı budağı olan xalqların adından götürüblər.
Bu gün dünyada onlarla sivilizasiyalar, mədəniyyətlərdən bəhs olunarkən, Türk mədəniyyətini görməmək, ya da onu Arilik, Buddizm, İslam, Xristian mədəniyyətlərinin tərkib hissəsi kimi təqdim etmək qətiyyən doğru deyildir. Turan sivilizasiyasını ortaya qoymaq üçün, ilk növbədə prototürklər: şumerlər, kutilər/qutilər, troyalılar, etrusklar, işquzlar/oğuzlar, aranlar/albanlar, kimmerlilər, qarqarlar, xəzərlər/kaspilər, səlcuqlar, baharlılar, bayandurlular, osmanlılar, səfəvilər, əfşarlar, qacarların tarix və mədəniyyətlərini öz gözümüzlə, düşüncəmizlə analiz etməliyik. Turan sivilizasiyası Alyaskadan tutmuş Atlantik okeanına qədərki coğrafiyanı əhatə etdiyi üçün türk xalqlarının ona yad olan mədəniyyətlərə ciddi şəkildə təsir göstərməsi, eyni zamanda özünün də bundan qidalanması şübhəsizdir.
Türklərin Ön Asiyaya və onunla həmsərhəd olan ərazilərə “gəlmə” xalq olması nəzəriyyəsinin puçluğunun ortaya çıxarılması, yalnız Azərbaycan türkləri deyil, onun qərbində olan Anadolu türkləri və Şərqində olan Türküstan türkləri qədər eyni dərəcədə önəmlidir. Türk (M.Ə.Rəsulzadə, O.Tuna, M.Adcı, M.H.Vəliyev, Z.M.Bünyadov, Y.Yusifov, T.Hacıyev, F.Ağasıoğlu və b.) və əcnəbi (N.Orablis, Hommel, Oppert, Says və b) mütəxəssislərin türklərin yalnız Ön Asiyaya deyil, Kiçik Asiyaya da guya “gəlmə” xalq olması nəzəriyyəsinə qarşı çıxaraq, bu ərazilərin yerli əhalisi olması müddəasını dəstəkləmələrini çox vacib hesab edirik.
Ötən əsrin 30-cu illərinin sonlarından başlayaraq yenidən türklərin Ön Asiyaya “gəlmə” xalq olması məsələsi gündəmə gətirilmişdi. Həmin saxta nəzəriyyənin təbliğatçıları olan İ.M.Dyakonov, İ.Əliyev, S.Qaşqay, Q.Melikişvili, E.Qrantovski, S.Ə.Kəsrəvi, V.Bartold, Ə.S.Sumbatzadə kimi Qərb ideologiyasına (“Avropa mərkəzçi”liyə) xidmət edənlərin başlıca iddialarına görə, e.ə. III–I minilliklərdə Ön Asiya, o cümlədən qədim Azərbaycan ərazisində yaşamış yerli tayfalar –kutilər, lullubilər, turukkilər, uruatrilər, sular, kaşşu, manna və digərləri dil, etnik-mədəni cəhətdən ya Qafqaz-Hürri, Zaqroş-Elam dilləri qrupuna aiddirlər ya da onlardan bəzilərinin etnik kökü bəlli deyildir, ən əsası onların türklərə heç bir aidiyyəti yoxdur, bütün bunlar təsadüfi olmayıb.