Ədalət Verdiyev: "Əslində həbsxana həyatı da kişilər üçün bir məktəbdir"

"Heç bir anlaşılmazlıq və ya həbs mənim dövlət, bayraq, Vətən sevgimə mənfi təsir edə bilməz"

"Dəyərli dostlar, tanışlar və izləyicilər. 7 aprel tarixindən azadlıqdayam. İlk olaraq dövlətimizin memarı olan Ulu Öndərimizi və  qəhrəman Şəhidlərimizi ziyarət etdim. Allah hamısına rəhmət eləsin!". 

"Sherg.az" xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev feysbuk səhifəsində yazıb. Barəsindəki ittihamlardan bəraət alan hərbi ekspert vurğulayıb ki, həbs müddətində isə müzəffər Ali Başa Komandana, qalıb Vətəninə və möhtəşəm Qələbəmizə xidmət etmək üçün əlimdən gələni etməyə çalışıb: "Təcrudxanada azadlıqda olduğum kimi oldum. Bir neçə dəfə saxlanılan şəxslərin ümumi maraqları naminə Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etdim və müsbət nəticələr də əldə etdim. Bu faktları orada saxlanılan onlarla şəxs  və rəhbərlik də təsdiq edə bilər. Həbs müddətində həm Baş Prokurorluqda, həm polis bölməsində, həm təcridxanada, həm məhkəmələrdə mənə qarşı xüsusi diqqət və hörmətlə yanaşdılar. Buna görə də dövlətimə, adı çəkilən qurumların mənimlə təmasda olan əməkdaşlarına təşəkkür edirəm. Çox sayda tanıdığım və tanımadığım insanlar sosial şəbəkələrdə mənə dəstək verdilər, çox sayda qohumlar və dostlar daim ailəmin yanında oldular. Hər birinizdən Allah razı olsun. Bir daha millətimizin nə qədər qədirbilən, mərhəmətli, xeyirxah olduğuna, ailə dəyərlərinə sadiq olduğuna əmin oldum. Əslində həbsxana həyatı da kişilər üçün bir məktəbdir". 
Ə.Verdiyev qeyd edib ki, çox insanlarla təmasda olub, çox kitab oxuyub, ətrafına qələbəmizin əhəmiyyəti barədə geniş məlumatlar təqdim edib: "Az sonra ətrafımda kitab oxuyanların və yerli KİV-ləri izləyənlərin sayı maksimum artdı, bu insanlar qələbəmizin davamını gözləməyə başladılar. Prezidentimizə tam dəstək verən insanlar Komandanımızın əhv və amnistya qərarlarını səbirsizliklə gözləyirlər. İctimai fikrə təsir etmək imkanımdan maksimum istifadə edərək insanlara doğru məsləhət verməyə çalışırdım, onları bundan sonra səhv addımlardan kənar olmağa dəvət edirdim. Bundan sonra da dövlətimiz naminə eyni istiqamətdə fəaliyyətlərimi davam etdirəcəm. Bu gün bir daha bildirirəm ki, heç bir anlaşılmazlıq, məhdudiyyət və ya həbs mənim Dövlət, Bayraq və Vətən sevgimə mənfi təsir edə bilməz. Uca Tanrı müzəffər Ali Baş Komandanımızı, qalıb Dövlətimizi, qəhrəman Əsgərimizi, üçrəngli Bayrağımızı və mərd xalqımızı qorusun!".