Sosioloqdan xəbərdarlıq: “Uşaqların heyvanlara qarşı aqressiyası ciddi siqnaldır”

Mətanət Məmmədova: “Bu gün heyvana xəsarət yetirən yeniyetmə sabah cəmiyyət üçün təhlükəli fərdə çevrilə bilər”

Sahibsiz heyvanlarla bağlı cəmiyyətimiz hələ də yekdil mövqe ortaya qoya bilmir. Bu məsələyə hər kəs şəxsi düşüncəsi, şəxsi istəklərindən yanaşır. Heyvanlara rəğbət bəsləyənlər, onları canlı təbiətin ayrılmaz parçası hesab edənlər qayğı göstərilməsinin, laqeyd olanlarsa yaratdıqları təhlükəni əsas gətirərək tələf edilmələrinin tərəfdarıdır. Bu günlərdə sahibiz itlərlə bağlı 2 fəqli hadisə barədə məlumat yayılıb. Bakının Xətai rayonunda axşam saatlarında sahibsiz bir neçə it küçədə insanlara hücum çəkib. Xoşbəxtlikdən yoldan keçən bir avtomobil sayəsində itlərin hərəsi bir tərəfə dağılışıb. Digər hadisədə isə, uşaqların binanın həyətində blokun qarşısında uzanmış iti cırnadır, ona tərəf daş atır, sonra da ətrafa qaçışırlar. Sosial şəbəkə istifadəçiləri qeyd edir ki, küçə itləri bu şəkildə cırnadılır, amma itlər uşaqların üstünə cumanda valideynlər qışqır-bağır salıb itlərin öldürülməsini tələb edir. 

Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında bildirdi ki, bu məsələlərə həm sosioloji, həm də psixoloji yanaşma olmalıdır: 

- Bu cür hərəkətlərin sosioloji və psixoloji tərəfləri var. Ümumiyyətlə insanların digər canlılara münasibətdə aqressiya nümayiş etdirməsi cəmiyyətdə empatiya hissinin zəiflədiyini və mənəvi dəyərlərin aşındığını göstərir. Uşaqların davranışına isə sadəcə “şıltaqlıq”, “dəcəllik” kimi yanaşmaq doğru olmaz, bu, ciddi bir siqnal kimi qəbul edilməlidir. Yadınızadadırsa, belə bir görüntü də yayılmışdı, yeniyetmələr ağacdakı quş yuvasını yeri salıb təpikləyərək dağıtmışdılar. Bu onu göstərir ki, uşaq daxilində yığılmış mənfi enerjini və aqressiyanı özündən qat-qat zəif olan, ona müqavimət göstərə bilməyən bir canlıya qarşı yönəldir. Bu zərərli davranış modelinin arxasında çox vaxt ailədəki soyuqluq, diqqətsizlik və ya basdırılmış emosiyalar dayanır. Uşaqdır, deyib keçmək olardı. Amma uşaq və ya yeniyetmə niyə qarşısında zəif, gücsüz halda bir canlıya işgəncə verməlidir? Bunun dərin sosial-psixoloji səbəbləri ola bilər. Bəlkə də yoxdur, o uşaqlar normal, əxlaqlı bir ailənin övladlarıdır, həmyaşıdları ilə sadəcə oynayıblar, zarafat ediblər, şənləniblər. Bütün hallarda bu cür hadisələr ciddi araşdırma tələb edir. Səbəb bilinməlidir. Sahibsiz itlərə gəlincə, paytaxt sakinlərindən, regionlardan şikayətlər çoxdur, sosial şəbəkələrdə görürük. Bu məsələ həllini tapmalıdır artıq. Sahibsiz itlərin, pişiklərin küçələrdə sərgərdan dolaşması sanitar-gigiyenik baxımdan da doğru deyil, həm də təhlükəlidir. Hesab edirəm ki, aiduyyəti qurumlar nəhayət ki üzərlərinə düşən vəzifəni yerinə yetirməlidir. Sahibsiz heyvanlar incidilmədən, işgəncəyə uğradılmadan peyvəndlənməli, xüsusi sığınacaqlara yerləşdirilməlidir. Belə kütləvi, nizamsız populyasiya çox böyük təhlükədir. Uşaqlara isə ekoloji tərbiyəni, təbiəti sevməyi aşılamalıyıq. Bu gün hər hansı canlıya xəsarət yetirən yeniyetmə sabah cəmiyyət üçün daha təhlükəli bir fərdə çevrilə bilər.