Fransa Əlcəzairdəki xalqı soyqrımla yanaşı assimlasiya etməyə çalışıb -TƏHLİL

Son illərdə Fransanın keçmiş müstəmləkələri, o cümlədən Əlcəzairlə münasibətlərinin heç də yaxşı olmadığı sirr deyil. "Dualemn" ləqəbi ilə tanınan bloger Naaman Buale ilə bağlı qalmaqal vəziyyəti daha da gərginləşdirdi. Bloger "Fransa ərazisində zorakı hərəkətlərə çağırış" ittihamı ilə həbs edilib. Miqrasiya orqanları onu Əlcəzairə deportasiya etmək qərarına gəlsə də, vətəni onu qəbul etməkdən imtina edərək ölkəyə girişinin qadağan edildiyini bildirib. Buna görə də bloger Fransaya geri qaytarılıb. Fransa keçmiş müstəmləkəsinin bu addımına isterika və açıq təhdidlərlə reaksiya verib. Belə ki, respublikanın daxili işlər naziri Əlcəzairin hərəkətlərində "Fransanı alçaltmaq" cəhdi görüb və bunun "təcavüz aktı" olduğunu bəyan edib. O, həmçinin bildirib ki, əgər Əlcəzair belə siyasət yürütməyə davam edərsə, Fransa "cavab tədbirləri" görməli olacaq. Bu bəyanatlar istər-istəməz belə bir fikir yaradır ki, Fransa Əlcəzairin suveren siyasət yürütməsinə açıq-aşkar mane olur, çünki müstəqil dövlətin qanunvericiliyinə riayət edilməsinin necə "təcavüz aktı" kimi qəbul oluna biləcəyi aydın deyil. Belə təəssürat yaranır ki, Paris keçmiş müstəmləkələrin müstəqil siyasətinin istənilən təzahürünü təcavüz kimi qəbul edir. Fransanın bu cür xarici siyasəti çox səciyyəvidir. Xüsusilə blogerin də özünün etiraf etdiyi kimi, o, narkotik asılılığına qarşı dərmanların təsiri altında olub.

Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, Əlcəzair Fransanın keçmiş müstəmləkələrindəndir:

“Fransa Əlcəzair ərazisinə digər Afrikadakı mülklərindən fərqli olaraq özünün ərazi bütövlüyü kimi baxırdı. Yəni digər müstəmləkələrinin bir gün ondan qopacağını düşünürdü, amma Əlcəzairdən heç vaxt əl çəkmək istəmirdi. Hətta buradakı xalqı soyqrımla yanaşı assimlasiya etməyə çalışıb. Təsadüfi deyil ki, dünyanın ən böyük soyqrımlarından biri fransızların əlcəzairlərə qarşı törətdiyidir. Bu soyqrım Əlcəzairin xalq mübarizə hərəkatı zamanı baş tutub. Bu gün həmin şəxslərin cəsədlərinin qalıqları ya Fransanın tibb universitetlərində eksponat kimi sərgilənir, ya da muzeylərdə göstərilir. Bu isə öz növbəsində insan haqlarının və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Əlcəzair sözügedən məsələ ilə bağlı Fransaya müraciət etsə də, cavab ala bilməyib. Fransa hələ də Əlcəzairə müstəmləkəsi kimi mövqe sərgiləməyə cəhd göstərir. Ona görə də tərəflər arasında zaman-zaman belə gərginliklər olubdur. Fransa Afrikadakı keçmiş müstəmləkələrində son illər xüsusilə nüfuz itkisinə məruz qalır. Əlcəzair də faktiki olaraq Fransaya eyni tipdə mövqe sərgiləyir. Prezidenti İlham Əliyevin Əlcəzairə səfəri zamanı iki ölkənin birlikdə Fransaya ünvanlanan bəyanatlarını xatırlamaq yerinə düşərdi. Azərbaycan Əlcəzairə sözügedən məsələdə ən çox dəstək verən ölkələrdən biridir. İlham Əliyev əlcəzairlilərə qarşı soyqrım aktını yüksək tribunalarda səsləndirən nadir ölkə başçılarındandır. Fransa Əlcəzairlə münasibətlərində diqqətli olmalı və üzr istəməlidir. Lakin görünən odur ki, Fransa neokolanizm siyasətindən əl çəkmək niyyətində deyil”.