Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Azərbaycan xalqı Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi tərənnüm edir və qəlbində yaşadır
10 May Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. O, müasir Azərbaycanın banisi olmaqla yanaşı, hüquqi dövlətin əsaslarını yaradan lider kimi tarixə düşüb.
1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev qarşısında dağılmış dövlət institutlarının bərpası, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması və hüquqi əsaslara söykənən idarəçiliyin qurulması kimi ciddi vəzifələr dururdu. Ulu Öndər yaxşı anlayırdı ki, hüquqi dövlətin bərqərar olunması olmadan nə sosial sabitlik mümkündür, nə də inkişaf.
1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası, məhz onun siyasi iradəsi ilə hazırlanaraq hüquqi dövlətin əsasını qoydu. Konstitusiya qanunun aliliyini, insan hüquq və azadlıqlarının üstünlüyünü, hakimiyyət bölgüsünü və hüquqi dövlətin digər prinsiplərini təsbit etdi.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, hakimlərin müstəqilliyinin təmin olunması, prokurorluq və hüquq-mühafizə orqanlarının yenilənməsi, eləcə də hüquqi maarifləndirmə tədbirləri Azərbaycanın hüquqi sistemini beynəlxalq standartlara yaxınlaşdırdı.
Onun təşəbbüsü ilə ölkəmiz beynəlxalq hüquq institutlarına qoşuldu, insan hüquqları sahəsində beynəlxalq konvensiyalara inteqrasiya olundu və Ombudsman institutu təsis edildi.
Ulu Öndər hüquqi dövlətin yalnız qanunvericiliklə deyil, həm də hüquqi düşüncə və hüquq mədəniyyəti ilə möhkəmləndirilməli olduğunu qeyd edirdi. Onun dövründə hüquq fakültələri və hüquqşünas hazırlayan təhsil müəssisələri inkişaf etdirilib. Hüquqi maarifləndirmə üzrə dövlət proqramları həyata keçirilib.
Ən əsası isə cəmiyyətin hüquq savadlılığı artırılıb, vətəndaşların öz hüquqlarını tanıması üçün hüquqi bazalar formalaşıb.
Heydər Əliyev hüquqi dövlətin yalnız milli deyil, eyni zamanda beynəlxalq hüquq normalarına uyğun qurulmasını vacib hesab edirdi. Azərbaycan onun dövründə
Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub,
Avropa Şurasının üzvü olub. Hüquq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirilib.
Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində atdığı addımlar bu gün də müasir Azərbaycanın hüquq sisteminin və siyasi sabitliyinin əsasıdır. Onun qoyduğu hüquqi baza və idarəetmə fəlsəfəsi Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək daha da müasirləşdirilib.
Heydər Əliyevin sözləri ilə desək:
“Hüquqi dövlət – bu, insan hüquq və azadlıqlarının təminatıdır, qanunun aliliyidir, dövlətin ədalət və hüquq prinsiplərinə söykənməsidir”.
Bu prinsip bu gün də ölkəmizdə hüququn, sabitliyin və inkişafın təminatıdır.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü şərəfinə “Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik strategiyasında suverenlik və konstitusiya məsələləri” mövzusunda elmi seminar təşkil olunub.
Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli" çərçivəsində filialın struktur rəhbərləri, müəllim və tələbələrin iştirakı ilə keçirilən elmi tədbirdə Ulu Öndərin bənzərsiz fəaliyyətinin belə təqdimatlar əsasında gənc nəslə çatdırılmasının əhəmiyyəti yüksək dəyərləndirilib. Ulu Öndərin zəngin mənalı həyat və fəaliyyətini ehtiva edən film nümayiş olunub.
Heydər Əliyevin dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərini vurğulayan tədbir iştirakçıları qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin təməlində məhz onun uzaqgörən siyasəti, prinsipial mövqeyi və möhkəm iradəsi dayanır. Ümummilli Liderin hüquqi dövlətin formalaşdırılması, milli təhlükəsizliyin təmin edilməsi, iqtisadi islahatların həyata keçirilməsi və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi sahəsində gördüyü işlər əvəzolunmazdır. Onun müəyyən etdiyi strateji inkişaf xətti bu gün də uğurla davam etdirilir və Azərbaycanın siyasi sabitliyi, iqtisadi gücü və beynəlxalq nüfuzu məhz bu irsin davamıdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Yusif Alıyev Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən danışıb. Sherg.az-a açıqlamasında keçirilən tədbirin əhəmiyyətindən danışan professor Yusif Alıyev qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, inkişafının təşəkkülü və suverenliyin qorunmasının izahı məhz bu reallıqların müqayisəli təhlilləri əsasında özünü qoruyur.
O həmçinin bildirib ki, Ümummilli Liderin əzəmətli həyat yolu və qətiyyətli siyasi fəaliyyəti Azərbaycan və dünya tarixinin müxtəlif mərhələləri, həmçinin qlobal siyasətin ən mühüm məqamları ilə birbaşa əlaqəlidir.
Professor deyib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi əksini tapıb. Elə həmin dövrdə bir neçə milli məsələnin Konstitusiyada təsbit olunması uğrunda iş aparılması olduqca çətin olsa da, Heydər Əliyev böyük siyasi iradə sərgiləyərək bu çətinliyin öhdəsindən gəlməyi bacarıb. Ulu Öndər Heydər Əliyev həm də müstəqillik illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafını möhkəm təməl üzərində ucalda bilib.
Professor "Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır! Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır", - deyərək Ümummilli Lider Heydər Əliyevin müdrik kəlamını gənclərin diqqətinə çatdırıb və bildirib ki, bizim hamımıza dünya ölkələrində azərbaycanlılar deyirlər və biz bu adı uca tutmaq üçün çox fəal və Vətən fədakarı olmalıyıq. Süni intellekt və texnologiya əsrində informasiyalardan düzgün istifadə etməliyik, əgər biz millət olaraq özümüz yaratmağı bacarmasaq, yeniliklərə qoyduğumuz adlarla irəli getməkdə çətinlik çəkəcəyik.
Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışan professor Yusif Alıyev deyib ki, Ulu Öndərin zəngin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillər üçün irs olan canlı və unudulmaz tarixdir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - söyləyən Ulu Öndər Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini böyük mətanətlə tarixin çox çətin sınaq və imtahanlarından mərdliklə çıxarıb.
Direktor məruzəsinin davamında deyib ki, Ümummilli Liderimizin uzaqgörən və uğurlu dövlətçilik strategiyası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən praqmatik şəkildə davam etdirilir: “Dünya dövlətləri sırasında özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib və hazırda bu müdrik siyasət də bizim xoşbəxt və firavan gələcəyimizi layiqincə təmin edir. Məhz son hadisələrdən də şahid olduq ki, Çin Xalq Respublikası ilə strateji tərəfdaşlıq əlaqələrinin qurulması, dünya dövlətləri ilə xoş münasibətlərin yaradılması ölkəmizin beynəlxalq inteqrasiyasının təməl prinsipidir. İşğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə diqqət etdikdə də şahid oluruq ki, həqiqətən də, nəyin nə zaman həyata keçirilməsi dövlətimizin başçısının fəaliyyətində siyasi təntənədir. Bütün bu şahidi olduğumuz məsələlər isə bizi bir vətəndaş olaraq qürurlandırır”.
Professor Yusif Alıyev daha sonra qeyd edib ki, Azərbaycan xalqı öz böyük xilaskar oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi tərənnüm edir və qəlbində yaşadır:
“Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünya şöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran müdrik bir şəxsiyyət, dahi insan gəldi”.