Ekspertdən sərt təpki: “Dərsliklər o qədər çətindir ki...”


"...Heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz”

“IX sinifdə təhsil alan şagirdlər hələ də yeni sistemdə test tapşırıqlarını cavablamaq vərdişlərinə yiyələnə bilməyiblər"


Dövlət İmtahan Mərkəzi respublikanın ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. 

Buraxılış imtahanının birinci mərhələsinin nəticələrini dəyərləndirən təhsil eksperti Kamran Əsədov “Sherg.az”a deyib ki, bu imtahanlar əslində 2008-ci ildən tətbiq olunan kurikulumun təhsil sistemində 12 il ərzində necə mənimsənilməsinin, necə tətbiq olunmasının göstəricisi olmalı idi: 



"Bu müddətdə milyonlarla vəsait sərf olunaraq, kitablar, testlər, vəsaitlər yazılıb, treninqlər keçirilib, tədbirlər təşkil olunub, qonaqlıqlar verilib şəkillər çəkdirildi, imtahanlar keçirildi. Amma nəticələr kurikulumun təhsil sistemində özünü doğrultmadığını, təhsil sisteminin bu vacib işin öhdəsindən gələ bilmədiyini göstərir. Xüsusi ilə qeyd etmək istəyirəm ki, orta məktəblər üçün dərslik hazırlanarkən, tədris proqramları hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır. Dərslikləri çoxyönlü ekspertlər işləməlidir. Dərslik auditoriyaya hesablanmalıdır; hansı şagirdə təqdim ediləcək, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir.

Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir. Ev tapşırıqlarını hazırlayarkən valideyn dəstəyi önəmli amillərdən biridir. Belə ki, onu tamamilə dərsləri ilə baş-başa buraxmaq uşaqda ehtiyacı olduğu anda köməksiz qalacağı hissini oyadır. Burada məqsəd uşaq yorulduqda onun yerinə dərslərini yazmaq deyil. Təəsüflər olsun ki, hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır. Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir. Müasir təlim proqramına, kurikuluma uyğun olaraq şagirdlərə ev tapşırıqları verilməməlidir. Bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir". 

Ekspertin sözlərinə görə, şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər:

"Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər. IX sinifdə təhsil alan şagirdlər hələ də yeni sistemdə test tapşırıqlarını cavablamaq vərdişlərinə yiyələnə bilməyiblər".