Tələbə təqaüdü ilə bağlı yeni qayda DƏSTƏKLƏNDİ: “Ədalətlidir!”

Kamran Əsədov:“Düşünürəm ki, bundan sonra tələbələr dərslərinə daha yaxşı motivasiya olacaqlar. Həm də qrupda rəqabət yaranacaq”



Tələbələrə təqaüd təyin olunması qaydası dəyişib.  Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”a əlavələr  edib. Qaydaya edilən əlavəyə əsasən isə cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilməyəcək.



Yeni qaydanı dəyərləndirən təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında bunun ədalətli olduğunu deyib:

 “Bəziləri belə başa düşürlər ki, kəsri olan tələbə tələbəlik dövründə heç vaxt təqaüd almır. Belə deyil. Sadəcə tələbə akademik borcunu ödəməlidir. Daha sadə dillə desək, əgər tələbənin cari yarım ildə kəsri varsa, o, 25 faiz qaydası ilə və ya alt qrupdan istifadə etməklə kəsrini bağlayıb təqaüd ala bilər. Bu dəyişiklik gec-tez olmalı idi. Əvvəlki qayda ədalətsiz idi. Düşünürəm ki, bundan sonra tələbələr dərslərinə daha yaxşı motivasiya olacaqlar. Həm də qrupda rəqabət yaranacaq”.

Qeyd edək ki, əvvəlki qaydaya əsasən tələbəyə təqaüd verilməsində kəsr nəzərə alınmırdı. Bu zaman yalnız tələbələrin semestr ərzindəki akademik göstəriciləri əsas götürülürdü.