Ali təhsil müəssisələrinə lisenziyasız fəaliyyət göstərməyə imkan yaradılır
İxtisasartırma, ixtisasdəyişmə ilə bağlı fəaliyyət tamamilə distantın üzərinə keçirilə bilər və Universitetlər bundan xeyli fayda əldə edə bilərlər
Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirilib. İclasın gündəliyinə çıxarılan əsas məsələ “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi olsa da, iclasda “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklər də müzakirə edilib. Dəyişiklik layihələri müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.
Sözügedən qanun layihəsi ilə bağlı dəyişiklikləri "Şərq"ə şərh edən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, burada söhbət dövlətə məxsus peşə, orta ixtisas, əlavə təhsil və ali təhsil müəssisələrinin lisenziya almadan fəaliyyət göstərməsindən gedir:
"Sözügedən müəssisələr dövlət tərəfindən yaradıldığı üçün lisenziya ilə bağlı dövlətə yenidən müraciət edilməsinə ehtiyac yoxdur. Digər təhsil müəssisələri isə əvvəlki qaydada lisenziya almaq üçün aidiyyəti strukturlara müraciət etməlidirlər. Dövlətə məxsus təhsil müəssisələrindən fərqli olaraq özəl təhsil müəssisələrinin dövlət qurumlarından lisenziya alaraq fəaliyyət göstərməsinə ehtiyac var". Millət vəkili həmçinin, dövlətə məxsus ali təhsil müəssisələrinin lisenziya almadan fəaliyyət göstərməsinin onlara müstəqillik verilməsi ilə birbaşa əlaqəsinin olduğunu düşünmədiyini qeyd edib: "Dövlət ali təhsil müəssisələrinin lisenziya üçün Təhsil Nazirliyinə müraciət etməsi formal bir prosedur olduğundan ləğvi müzakirə olunur. Universitetlərə müstəqillik verilməsi fərqli məsələdir".
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz lisenziyasız fəaliyyət sahələrinin əhatə dairəsinin genişləndirilməsini təqdir edib:
"Son zamanlar baş verənlər göstərir ki, təhsil müəssisələrinin, xüsusən də ali təhsil müəssisələrinin müstəqilliyi yetərli deyil. Bəzən müşahidə edirik ki, ali təhsil sahəsində adi məsələlər üçün də Təhsil Nazirliyinə müraciət etmək lazım gəlir. Bu baxımdan adıçəkilən qanuna dəyişikliyi müsbət addım kimi dəyərləndirmək olar və gözləmək olar ki, bunun ardınca NK və TN tərəfindən təhsil müəssisələrinin müxtariyyətinin artırılması üçün əlavə addımlar atılacaq.
Ali təhsil müəssisələri isə lisenziyasız fəaliyyət səlahiyyəti qazanandan sonra, düşünürəm ki, daha aktiv fəaliyyətə başlamalıdırlar.
Fikrimcə, lisenziyasız fəaliyyətdən sonra təhsil müəssisələrinin göstərdikləri təhsil xidmətlərinin, təhsil formalarının dairəsi xeyli genişlənməlidir.
Yeni təhsil xidmətləri üçün şəraitin yaradılmasına start verilməlidir. İkinci təhsil, ixtisasartırma, ixtisasdəyişmə ilə bağlı fəaliyyət tamamilə distantın üzərinə keçirilə bilər və Universitetlər bundan xeyli fayda əldə edə bilərlər.
Distant təhsil formasına keçidlə bağlı, resursları zəif olan universitetlər beynəlxalq təcrübədən faydalanmaqla birgə distant platforma hazırlaya bilərlər.
Ali təhsil müəssisələri indidən lisenziyasız fəaliyyətin verə biləcəyi imkanları analiz etməli və bundan faydalanmağa çalışmalıdır. İndidən gələn tədris ilində bunların nəzərə alınması üçün NK, TN və DİM-ə müraciətlər etməlidirlər".