Ekspert professorla razılaşmır: “Dərsi auditoriyada öyrənmirlər” 

“İstəyən hər şəraitdə oxuyar. Bilmirəm, nə istəyirlər auditoriyadan”

“Dərslərin kompensasiya olunması haqqında düşünmək düzgün deyil”



Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli ali məktəblər açılandan sonra dərslərin kompensasiya olunması ilə bağlı təkliflər verib.

O, deyib ki, 90 dəqiqəlik dərs saatı iki dəfə azalsa, birinci hissədə cari, ikinci hissədə isə buraxılan dərs keçilsə yaxşı olar.

Professorun bu təklifini "Sherg.az"a dəyərləndirən təhsil eksperti Nabatəli Qulamoğlunun fikrincə, bu, gündəm mövzusu deyil: 



"İsti havada tələbərin işini ağırlaşdırmağın mənası yoxdur. Həm də mən həmişə demişəm ki, dərsi auditoriyada öyrənmirlər. İstəyən hər şəraitdə oxuyar. Bilmirəm, nə istəyirlər auditoriyadan. Onu da deyim ki, indi dərslərin kompensasiya olunması haqqında düşünmək düzgün deyil. Bəlkə də, proqramın mənimsənilməsi baxımından distant təhsil kifayət olmayacaq. Amma bu baradə sonra danışmaq və daha effektli, məntiqli təkliflər vermək lazımdır. Hazırda ən vacib məsələ koronavirusla mübarizə aparmaq və sağlamlığımızı qorumaqdır".