BDU ekstremal şəraitdə daha bir uğura imza atdı

  Cahangir Məmmədli


 Bakı Dövlət Universiteti elmin və təhsilin vahid müstəvidə fəaliyyətini və inkişafını həmişə təmin edən bir məkandır. Pandemiya dövrü universitetin bu fəaliyyət sisteminə nə qədər əngəllər yaratsa da, rəhbərlik çətin situasiyaya təslim olmadı.

Əlbəttə, ilk növbədə distant təhsil prosesinə maksimum diqqət ayrıldı, sonra distant imtahan formatının tədbirlər planı hazırlandı və Bakı Dövlət Universiteti zamanın yaratdığı bu sınaqdan da üzüağ çıxdı. Bütövlükdə universitet tələbələrinin həm onlayn dərs prosesindən, həm də imtahanlardan razı qalmaları bir daha onu göstərdi ki, universitetin ekstremal şəraitdə fəaliyyəti uğurlu nəticələrə gəlməyə imkan verdi. 
  Maraqlı və bacarıqlı yanaşma bir də onu göstərdi ki, universitet rəhbərliyi fakültələrin, ayrı-ayrı əməkdaşların elmi yaradıcılığına da xüsusi diqqət ayırdı və bunun nəticəsi olaraq kollektivin elmi yaradıcılıq potensialı da geniş şəkildə özünü reallaşdırmasından geri qalmadı. Bu çətin sınaq dövründə universitetimiz elmi potensialın gerçəkləşməsi prosesini də onlayn formatında həyata keçirməyi bacardı. Elmi yaradıcılığa  diqqət faktorları sırasında BDU fakültələrinin onlayn elmi konfransları diqqət çəkdi. İstisnasız olaraq universitetin bütün fakültələri təxminən bir ay müddətində elmi konfranslar təşkil etdilər. Bu konfranslarda təkcə həmin fakültələrin müəllim və qabaqcıl tələbələri deyil, həm də hər bir fakültənin elmi yaradıcılıqla bağlı olan və respublikamızın müxtəlif elmi, mədəni, iqtisadi və palitoloji və s. qurumlarda çalışan görkəmli məzunları, ictimai rəydə tanınan alimləri də iştirak etdilər. Onlar qoyulan problemlər ətrafında ciddi müzakirə, polemika formatında sabahın inkişafına təkan verəcək elmi-praktik yenilikləri ortaya qoydular. 
 Aydındır  ki, “koronavirus tətilləri” çoxdan başlamış olsa da, Bakı Dövlət Universiteti bu “tətillərə” təslim olmadı. İndi ali təhsil sistemində rəsmi dövlət məzuniyyəti başlayır. Görünən odur ki, universitetimiz bu rəsmi “tətil” günlərində də öz işini dayandırmır. Universitet rəhbərliyinin və əməkdaşlarının yüksək vətəndaşlıq ləyaqəti hər kəsi məzuniyyət dövründə də, yəni bu günkü sınaq çağında iş başına dəvət edir. 
 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi əslində dünyanın adi çağlarında da məzuniyyəti formal hesab edir. Azərbaycan jurnalistlərimiz-praktik jurnalistlərimiz gecə-gündüz demədən iş başındadırlarsa, fakültəmizin müəllimləri və hətta cəsarətlə deyərdim ki, tələbələri də beləcə gecə-gündüz demədən iş başındadırlar. Fikirlərimizi lap bu günlərdə fakültə rəhbərliyinin təşkil etdiyi elmi konfrans faktı ilə rəsdiq etmək olar. Iyulun 17-də Jurnalistika fakültəsi sözün həqiqi mənasında çox möhtəşəm bir konfransa start verdi. Bu konfransda təkcə fakültənin müəllim və tələbələri deyil, habelə ölkə mətbuatının, KİV sisteminin peşəkar jurnalistləri də iştirak edirdilər. Həmin peşəkar media nümayəndələri sırasında fakültəmizə həmişə dəstək olan, zaman-zaman tələbələrimizə praktikanı tədris edən görkəmli jurnalistlər-“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru, mətbuat tarixinin görkəmli tədqiqatçısı Akif Aşırlı, Türkiyə Anadolu Ajansının Bakı təmsilçisi Tolqa Özgenc, Azərbaycan media mühitində xüsusi çəkisi olan “Modern.az” saytının rəhbəri Elşad Eyvazlı, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Rusiya Xalqlar Dostluğu Universitetinin müəllimi Anar Həsənov kimi media nümayəndələrinin adlarını çəkmək olar. Üstəgəl, fakültənin bütün əməkdaşları və BDU rəhbərliyi iştirak etdiyi konfrans pandemiya dövründə, ümumiyətlə ekstremal şəraitdə medianın fəaliyyət proqramını müəyyən edirdi. Konnfransa BDU-nun prorektoru Əliş Ağamirzəyev moderatorluq edirdi. Universitetimizdə hər kəsin yüksək savad, yüksək təşkilatçılıq və yüksək mədəniyyət sahibi kimi tanıdığı Əliş müəllim həmin keyfiyyətləri bu məqamda da göstərdi. O, konfransı açmaq üçün ilk sözü Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə verdi. Elçin müəllim Jurnalistika fakültəsi əməkdaşlarının görkəmli media nümayəndələri ilə birgə təşkil etdikləri bu konfransı çox uğurlu bir ideya kimi qiymətləndirdi. Elçin Babayev jurnalistikanın ictimai həyatda yeri və rolu barədə, dövlətçiliyimizin inkişafında, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsində rolunu açıqladı. Rektor Azərbaycanda söz və mətbuat azadlığının Ümummilli liderimiz Heydər Əliyev konsepsiyasından bəhs etdi, Azərbaycan jurnalistlərinin klassik milli mətbuat ənənələrinə sadiqliyi barədə əyani faktor üzərində dayandı, Prezident İlham Əliyevin jurnalistikamıza qayğı faktorlarını xatırlatdı və konfrans iştirakçılarına uğurlar arzuladı. 
 Jurnalistika fakültəsinin dekanı, filologiya  üzrə elmlər doktoru Vüqar Əliyev məruzəsində pandemiya şəraitində medianın üzərinə düşən vəzifələrdən bəhs etdi və xüsusi olaraq Ermənistanın bu günlərdə Tovuz dövlət sərhəddində törətdiyi vəhşi təxtibatlar kimi ekstremal bir məqamda medianın necə davranmalı olduğu ilə bağlı çox maraqlı təkliflər irəli sürdü. Vüqar Əliyevin praktik jurnalistlərə bu təklifləri bir daha sübut etdi ki, nəzəriyyənin praktika ilə birgə fəaliyyəti çox vacibdir və Jurnalistika fakültəsinin elmi-nəzəri fikirləri praktiklərlə həmişə yol yoldaşı olmalıdır. 
  “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid məruzəsində XXI əsrin yeni çağırışları, bu konteksdə elektron və ənənəvi medianın vəzifələri kimi maraqlı məqamlar üzərində dayandı, fakültənin nəzdində “məzun mərkəzi”nin yaradılması ideyasını irəli sürdü. Elçin Babayev dərhal bu ideyaya dəstək verdi və qeyd etdi ki, universitet rəhbərliyi və Jurnalistika fakültəsi lap yaxın gələcəkdə belə bir mərkəzin yaradılmasına nail olacaq. Rektor onu da xüsusi vurğuladı ki, fakültənin görkəmli, peşəkar məzunları ilə gənc jurnalistlərin, hətta tələbə-jurnalistlərin hadisələrə baxışlarını birləşdirmək üçün müştərək imzalar kimi bir təşəbbüsü də gerçəkləşdirmək olar.
  Məruzəçi Müşfiq Ələsgərli Avropada və demokratik jurnalist təşkilatlarında pandemiya dövrünün mediası ətrafında gördükləri tədbirlərdən danışdı. Belə bir məsələni xüsusi qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə hələ 2009-cu ildə yaradılmış “Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi” konsepsiyası kimi bir quruma ehtiyacın vacib olduğu indi Avropa da öz təsdiqini tapmaqdadır. Avropa ölkələrində iqtisadi çöküş, medianın reklam qıtlığı ekstremal narahatlıq şəraitində də KİV-ə dövlət dəstəyinin çox vacib tədbir olduğunu göstərdi.  
  Mən  konfransın iştirakçısı kimi qeyd etmək istərdim ki, Müşfiq Ələsgərlinin araşdırmadı ən yeni faktlar və araşdırmalarda zəngin olub, jurnalistika elmi-nəzəri fikrinə səmərəsi ilə diqqəti cəlb etdi. 

  Konfransda çıxış edən Anar Həsənov-Rusiya Xalqlar Dostluğu Universitetinin müəllimi, Rusiyanın müasir media sistemi, Rusiya-Azərbaycan münasibətlərinin mediada işıqlandırılması faktları üzərində dayandı və xüsusilə Ermənistanın Azərbaycana xəyanət motivlərinə azərbaycanlı jurnalistlərin cavablarını qeyd etdi. BDU-dan qürur duyduğunu dilə gətirən Anar Həsənov indiki şəraitdə Ermənistanın düşmənlik siyasətinə qarşı milli mediamızı həmrəyliyə səslədi. 
 Məruzəçi  Tolga Özgenc Türkiyə mətbuatında Azərbaycan mövzusu üzərində dayandı, Türkiyə dövlətinin və Türkiyə kütləvi informasiya vasitələrinin bu gün-Ermənistanın Azərbaycana yeni təcavüzü zamanında bir qardaş ölkə kimi yanımızda olduğu ilə bağlı maraqlı faktlar gətirdi. 

 “Modern.az” saytının rəhbəri Elşad Eyvazlı birbaşa olaraq bu günkü çətin situasiyada informasiya təhlükəsizliyi üzərində dayandı.

O, belə bir ciddi faktı təhlilə çəkdi ki, internet səhifələrində özünü göstərən dezinformasiyalara qarşı peşəkar jurnalistika ciddi mübarizə aparmalıdır. Bu mübarizənin əsasında həm də dövlət qurumlarının, situasiyaya məsuliyyət daşıyan məmurların səviyyəli, peşəkar jurnalistlərə dəqiq informasiya verməkdən çəkinməmələri prinsipi dayanır. Yalnız belə birgəliklə yalan informasiyaçılara qalib gəlmək olar. 

 Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, Professor Allahverdi Məmmədli koronavirusla mübarizədə Azərbaycan telekanallarının səmərəli fəaliyyəti üzərində dayandı, bu sahədə TV maarifçiliyinin müasir səviyyəsini təhlil elədi. Telekanallarımızın bu sahədəki bəzi qüsurlarını-COVİD-19 ətrafında bəzi kanalların panika yaratmaq işini tənqid etdi, bir telenəzəriyyəçisi kimi öz təkliflərini verdi. 
 Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bütün deyilənləri ümumiləşdirdi  və bir daha xüsusi vurğuladı ki, hər bir sahədə olduğu kimi jurnalistikada da nəzəriyyənin praktika ilə birgəliyi uğurlu səmərə verir. Bu günkü konfransda biz bir daha gördük ki, müasir medianın səmərəli fəaliyyəti istiqamətində nəzəriyyə ilə təcrübənin vəhdəti çox vacib keyfiyyətdir. Bu mənada Jurnalistika fakültəsi və media qurumları öz səylərini daim birləşdirməlidirlər.  
 Üç  saata yaxın davam edən konfrans öz işini başa vurdu. Konfrans iştirakçılarında belə bir təəssürat yarandı ki, onlayn formatında keçirilən bu tədbir canlı auditoriya tədbirindən heç də geri qalmadı. İnformasiya texnologiyasının müasir inkişafı hər cür ünsiyyətə şərait yaradır. Yetər ki, iş görməyə istək olsun və bir də istəklərin birgəlik faktı özünü göstərsin.

  Sonda bir faktı da vurğulamaya bilmədim: Bu maraqlı konfransın formalaşmasında və səviyyəli təşkilində fakültənin dekanı Vüqar Əliyevin, elmi işlər üzrə dekan müavini Sevinc Əliyevanın, hər kəsin onlayn sistemə qoşulmasında böyük səy göstərən Arzu İsayevanın əməyi yüksək qiymətləndirilməlidir. Mən konfransın məzmunundan və təşkilatçılıq işindən razı qalan bir fakültə əməkdaşı kimi onlara öz təşəkkürümü bildirirəm.