Heç də sevinməyin!

Dirijor çubuğu Dövlət İmtahan Komissiyasının əlindədir

Bu il qəbul imtahanının nəticələrinin yüksək olması heç də uşaqların yaxşı hazırlaşması ilə bağlı deyil


Qəbul imtahanlarında nəticələr heç də pis olmadı.  I ixtisas qrupunda göstəricilər 150-200 arası bal toplayanlar ali məktəbə vəsiqə qazandılarsa da, ənənəvi olaraq III ixtisas qrupunda isə nəticələr gözlənildiyindən yüksək oldu. Hətta abituriyentlər arasında  600-dən çox bal toplayanlar da var.  Niyə “gözlənildiyindən yüksək” deyirik, bu da məlumdur. Məktəblərin pandemiya səbəbindən qapanmasını, dərslərin onlayn qaydada davam etməsini təhsil ekspertləri şagirdlər üçün dezavantaj hesab edirdi. Şagirdlər repetitorların ümidinə qalmışdı, lakin pandemiya səbəbindən repetitorlar da ehtiyatlı davranır, hər uşağı “evə almırdılar” .

Amma mənzərə fərqli oldu. Kütləvi fərdi hazırlıqlar yüksək nəticələrə gətirib çıxardı. Təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə paylaşım edərək yazıb ki, Azərbaycan təhsili, Azərbaycan məktəbi repetitor və hazırlıq kursları qarşısında məhv olub, ölüb: “Bu gün həlledici rol repetitor və hazırlıq kurslarına məxsusdur. Bu, dəhşətli bir tendensiyadır. Mütləq şəkildə qəbul imtahanları sadələşdirilməlidir. Ən yaxşı halda, qəbul imtahanında yalnız 10 və 11-ci sinif dərsliklərindən istifadə olunmalıdır ki, şagirdlər az kitab oxuyub özləri fərdi qaydada hazırlaşsın. Yazıq abituriyentlər 6, 7 fəndən hazırlığa gedir, pul ödəyir, vaxt itirir. Bəs orta məktəb nə edir? Ölkə kölgə təhsilindən xilas olmalıdır. Məktəb şagirdlər üçün hazırda vaxt itkisindən başqa bir şey deyil”.

Repetitorların gücünü orta məktəblərə transfer etmək mümkün deyilmi? Niyə şagird repetitor yanına gedir və nümunəvi şəkildə hazırlıq keçir, hər bir şəraitə malik məktəbdə isə bu mümkün olmur? 

Təhsil eksperti, fəlsəfə doktoru Rafiq İsmayılov “Şərq”ə açıqlamasında repetitorluqla orta məktəbin fərqli missiya daşıdığını bildirdi:

- Məktəb uşağı həyata hazırlayır, repetitor ali məktəbə. Bunlar tamamilə fərqli institutlardır. Nə qədər ki, hazırkı imtahan sistemi mövcuddur, repetitorlara həmişə ehtiyac olacaq. Pandemiya şəraitində, karantin qaydalarının tələbi ilə uşaqlar əyani təhsildən uzaqlaşdı. Amma fərdi qaydada hazırlaşaraq tədrisə davam etdilər, tədris proqramını mənimsədilər. Uşaqların məktəbdən kənar qalması onları tədrisdən deyil, sosial vərdişlərdən, müəllimlə ünsiyyətdən məhrum etdi. Bunlarsa kiçik məsələlər deyil, əksinə, təhsilin çox vacib halqalarıdır. Builki qəbul imtahanlarında yüksək nəticələrə gəlincə, DİM bu məsələləri istədiyi kimi tənzimləyə bilir. Test bankındakı 25 sualdan bəzən 5-i sadə, 10-u çətin, 10-u orta səviyyəli olur. Yaxud da test suallarını 15-i sadə, 15-çətin edirlər. Bunu özləri tənzimləyə bilir. Arzuolunan vəziyyətə salırlar. Ona görə də burada uşaqlar yaxşı hazırlaşmışdı, ona görə nəticələr yüksək oldu” qənaətinə gəlinməsini doğru yanaşma hesab etmirəm.

R.İsmayılov repetitorluğun gücünün məktəbə transfer edilməsinin bu halda mümkün olacağını dedi:

- Bu o zaman mümkün ola bilər ki, təhsil mərhələlər və ixtisas qrupları üzrə aparılsın. Bəzi məktəblər bu sistemlə çalışır, əsasən təmayüllü  məktəblər. Təhsil mərhələləri I-IV, V-IX, X-XI siniflərarası bölünür. Buraxılış siniflərində şagird hansı ixtisas qrupunu seçirsə, o fənlər üzrə tədris almağa başlayır.  Bu halda fərdi qaydada repetitorluğa ehtiyac azala bilər, çünki məktəbdə də şagirdlər artıq ixtisasları üzrə tədris almağa başlayacaqlar. Müəllimlər də tədris proqramını ixtisas qrupu üzrə tədris etməyə üstünlük verəcəklər. 

R.İsmayılov repetitorluq institutunun müxtəlif ölkələrdə fərqli tərzdə mövcud olduğunu dedi:

- Məsələn, Türkiyədə dərsanələr fəaliyyət göstərir. Məktəbdən kənar dərslərə hazırlaşmaq istəyənlər dərsanələrə gedir. Bu, bizdəki hazırlıq kurslarının bir növüdür. Amma orada daha yüksək səviyyədə təşkil olunub. Xarici ölkələrdə imtahan sisteminə görə uşaqlar hazırlaşır. Hansı imtahan sistemini seçirlərsə, ona uyğun hazırlaşırlar. Bizdəki kimi şagirdin müəllimin evinə getməsi, Avropada yoxdur. Bizdə repetitorluq bir qədər eybəcər şəkil alıb.