Kamran Əsədov: "Şagirdlər daha erkən yaşlarında tədris prosesinə cəlb ediləndə daha yaxşı oxuyaraq uğurlu kadra çevrilə bilirlər"
Təhsil naziri Emin Əmrullayev Azərbaycanda məktəb yaşının aşağı endirilməsi təklifini irəli sürüb. Nazir bildirib ki, qarşımızda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır. E.Əmrullayevin düşüncəsinə görə, 6 yaşda təhsilə başlamaq gecdir. Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün olduğu qədər biliklərini erkən inkişaf etdirməyə başlasınlar.
Təkliflə bağlı “Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, icbari təhsil yaşının daha aşağı endirilməsinə ehtiyac var:
“Bu ona görədir ki, öyrənməyin yaşı kifayət qədər gəncləşib. Düzdür, Azərbaycanda 2016-cı ildən etibarən dövlət orta təhsil müəssisələrində təhsil alan şagirdlər erkən yaşlarda məktəbəhazırlıq qruplarına cəlb edilirdi. Yəni bu gün ölkəmizdə şagirdlər onsuz da 5 yaşdan etibarən məktəbəqədər hazırlıq qruplarında hazırlaşırlar”.
K.Əsədov qeyd edib ki, yaşın 5-ə endirilməsində problem görülmür, əksinə, imkan verəcək ki, uşaqlar məktəbdə daha çox vaxt keçirsin:
“Bu, onların öyrənmək imkanını da genişləndirəcək. Cədvəl və rəqəmlərə baxsaq, görərik ki, 5 yaşı tamam olan və məktəbəhazırlıq qruplarına gedən şagirdlərimizin sayı 90 mindən çoxdur. Bu, kifayət qədər uğurlu nəticə hesab edilə bilər”.
Ekspert vurğulayıb ki, dünyanın inkişaf etmiş ölkələrində də şagirdlərin məktəblərə 5 yaşından cəlb edilməsinə başlanılır:
"Məsələn, biz bunu Cənubi Koreyada, Sinqapurda yaxud da Avropa ölkələrində müşahidə edə bilərik ki, şagirdlər daha erkən yaşlarda oxumağa cəlb edilirlər. Bu ölkənin iqtisadi inkişafına da öz müsbət təsirini göstərir. Çünki iqtisadi baxımdan da hərəkətlilik artır və bu amil birmənalı şəkildə təhlükəli deyil.
K.Əsədov həmçinin diqqətə çatdırıb ki, hazırda ölkəmizdə uşaq bağçaları və körpələr evində 130 minə yaxın azyaşlı qeydiyyatdadır, onlar da 3-4 yaşdan etibarən öyrədilməyə cəlb edilirlər:
"Əksinə, elmi tədqiqatlar göstərir ki, şagirdlər daha erkən yaşlarında tədris prosesinə cəlb ediləndə daha yaxşı oxuyaraq uğurlu kadra çevrilə bilirlər. Dünya təcrübəsində də həmin şagirdlər daha xoşbəxt şagirdlər hesab edilirlər”.