“Təhsil müəssisələri publik hüquqi şəxs statusunu daşıdıqdan sonra özünü daha yaxşı realizə edə, rəqabətə davamlılıq mexanizmini gücləndirə bilərlər”
"Ən vacib məsələ təhsil müəssisəsinin büdcə hesabına deyil, özünü maliyyələşdirməsi funksiyasının işə düşməsidir"
“Publik hüquqi şəxsə çevrilən kollec bir model olaraq işini layihələr üzərində qurmalı, bazar tələblərinə uyğun hərəkət etməli, “elm həm də pul gətirməlidir” devizi altında çıxış etməlidir”
Azərbaycanda bəzi universitetlərin nəzdindəki kolleclər yenidən təşkil ediləcək.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, “Publik hüquqi şəxslər haqqında” qanuna uyğun olaraq aşağıdakı kolleclər yenidən təşkil olunur:
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə çevrilmə yolu ilə;
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə çevrilmə yolu ilə;
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə çevrilmə yolu ilə;
- Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinə çevrilmə yolu ilə;
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə çevrilmə yolu ilə;
- Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinə çevrilmə yolu ilə;
- Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə çevrilmə yolu ilə;
- Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinə çevrilmə yolu ilə;
- Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə çevrilmə yolu ilə.
Kolleclərin təşkili ilə bağlı “Sherg.az”a danışan AzEdu.az portalının baş redaktoru, təhsil eksperti Elmin Nuri qeyd edib ki, Nazirlər Kabinetinin Qərarı ilə Təhsil Nazirliyinin tabeliyindəki 35 orta ixtisas təhsili müəssisəsindən 9-u publik hüquqi şəxs statusuna malik olan kollecə çevrilmə yolu ilə yenidən təşkil edilib:
“Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanun”una əsasən, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq yaradılan publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər”.
Ekspert bildirib ki, universitet və kolleclərin publik hüquqi şəxs elan edilməsi onların özünüidarə mexanizmləri, tətbiq imkanlarının artırılması üçün əsas şərtlərdən biridir:
“Düşünürəm ki, çağdaş universitet modeli publik hüquqi şəxs statusunu daşıdıqdan sonra özünü daha yaxşı realizə edə, rəqabətə davamlılıq mexanizmini gücləndirə bilər. Həmçinin, bu proses çərçivəsində kolleclərin daxili idarəetmə strukturlarının dəyişdirilməsi də gözləniləndir”.
E.Nuri diqqətə çatdırıb ki, ən vacib məsələ təhsil müəssisəsinin büdcə hesabına deyil, özünü maliyyələşdirməsi funksiyasının işə düşməsidir:
“Çağdaş təhsil modeli üçün də bu, əsas prioritet addımlardan biridir. Bizdə bu prosesin necə olacağı barəsində indidən nəisə demək olmaz. Gərək publik hüquqi şəxsə çevrilən kolleclər artıq sabahdan öz fəaliyyət proqramını yeniləyib, “Yol xəritəsi”ndə müəyyən dəyişikliklər etsinlər. Əsas strateji xətt isə bazar tələblərinə cavab verməkdir”.
Baş redaktor vurğulayıb ki, ali və orta-ali təhsil müəssisələrinin publik hüquqi şəxsə çevrilməsinin əsas üstünlüyü təhsil-marketinq münasibətlərinin, təhsil və bazar iqtisadiyyatı əlaqələrinin genişləndirilməsidir:
“Düzgün qurulan strategiya, atılacaq ağıllı addımlar publik-hüquqi şəxs olan kolleclərə əlavə dividentlər gətirəcək. Bunun üçün isə əməli iş, uğurlu strateji xətt çox vacibdir.
E.Nurinin qənaətincə, publik hüquqi şəxsə çevrilən kollec bir model olaraq işini layihələr üzərində qurmalı, bazar tələblərinə uyğun hərəkət etməli, “elm həm də pul gətirməlidir” devizi altında çıxış etməlidir:
“Bu gün bizim universitet və kolleclərin yeganə gəlir yolu tələbələrin ödədiyi təhsil haqqıdır. Bununla o, müəllim və əməkdaşların əmək haqqısını ödəyir, müəyyən xərclərini təmin edir. Amma XXI əsrin modern təhsil modeli üçün bu, o qədər də arzuolunan hal sayılmır. Publik hüquqi şəxs olan təhsil müəssisəsi öz-özünü maliyyələşdirməyə, bazar tələblərinə uyğun ağıllı strateji addımlar atmağa borcludur. Bu metodu uğurla tətbiq edən kollecdə həm təhsil keyfiyyəti, həm infrastruktur yüksələr, təhsil haqqına isə bəlkə də heç gərək qalmaz. Görək, bizdə bu prosesin gedişatı nəyi göstərəcək? Hər birimiz üçün maraqlıdır: çağdaş universitet və kollec modelimiz özünü publik-hüquqi şəxs kimi təsdiqləyə biləcəkmi?”.