Azərbaycan-Türkiyə Universitetinin yaradılması danışıqlar mərhələsindədir


Xarici ölkə universitetlərinin çox olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər

Azərbaycan-Türkiyə Universitetinin (ATU) yaradılması ilə bağlı danışıqlar davam edir. 
Təhsil Nazirliyindən bildirilib ki, ATU-nun təsis olunması ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında müzakirələr gedir:
"2021-ci ilin dekabr ayında Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə baş tutmuş səfərindən sonra 2022-ci il 15-17 mart tarixlərində Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ali Təhsil Şurasının sədri Erol Özvarın dəvəti ilə Türkiyədə səfərdə olub və səfər zamanı ATU-nun təsis olunması istiqamətində tərəflərin hüquq və öhdəliklərinə dair müzakirələr həyata keçirilib.

Təhsil üzrə ekspert Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə təhsil əlaqələri hər il yüksələn xətt üzrə davam edir:

"Azərbaycan hələ sovet dönəmindən Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlayıb. Lakin bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparılıb və müstəqil olmayıb. Şübhəsiz ki, bu da iki qardaş xalqın milli maraqlarının təmin edilməsi istiqamətində çox mənfi hal olub. Amma müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa, daha böyük önəm verib. 1992-ci ilin 16-23 may tarixində Ankarada türk dövlətlərinin təhsil nazirlərinin toplantısı keçirilib və bu yığıncaqda təhsil sahəsindəki əməkdaşlıqdan, onun qarşısında duran problemlərdən bəhs edilib. İclasda qardaş dövlətlərin təhsilində bir-birinə yaxından kömək etməsi, təhsil ocaqlarının qarşılıqlı təşkili, bu işlərdə qarşıda duran problemlər və onların birgə aradan qaldırılması və s. məsələlər geniş müzakirə edilərək, lazımi qərarlar verilib. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsil aspektində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib. Son illərdə görülən işlərin nəticəsində Türkiyə tərəfinin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycan tərəfi ilə  bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisas artırmaları istiqamətlərində, həmçinin Azərbaycan tərəfinin Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət haldır". 
K.Əsədov qeyd edib ki, Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir: "Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost dövlətin ölkəmizlə də ortaq ali təhsil müəssisəsi yaradılması çox mühüm hadisədir. Hazırda Türkiyədə 21 min azərbaycanlı gənc ali təhsil alır. Digər tərəfdən isə Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir. Məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğunlaşır. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə universitet və orta məktəb yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır ki, qardaş dövlətlər arasında da kifayət qədər çoxistiqamətli müqavilələr var".

Müsahibimiz diqqətə çatdırıb ki, indiki halda Azərbaycan və Fransa birgə universiteti – UFAZ yaradılıb və fəaliyyət göstərir:

 "Türkiyə və Azərbaycanda təhsil sahəsində islahatlar həyata keçirilir. Ölkəmizin birgə məktəb təsis etmək təcrübəsi var. Bakının “Ağ Şəhər” adlanan ərazisində Bakı Fransız Liseyi və UFAZ universiteti var. Bundan başqa, bir neçə ölkə ilə birlikdə Azərbaycanda məktəblər yaradılıb. Seçinov adına Moskva Tibb Universitetinin, Lomonosov adına Moskva Beynəlxalq Universitetinin rəsmi Bakıda filialları var.  İnanıram ki, Azərbaycan-Türkiyə birgə ali məktəbin yaradılmasına dair danışıqlar olacaq və müsbət yöndə həllini tapacaq. Xarici ölkə universitetlərinin çox olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq".