Birincilərin qəbul qaydalarını daha da sadələşdirməliyik


Müəllim seçimi sistemdən silinsə, daha effektiv olar

4 may 2022-ci il tarixindən birinci siniflərə qeydiyyat prosesi başlanılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. 

Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq.

Həmin tarixdən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.

Təhsil üzrə ekspert Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda 2016-cı ildən etibarən uşaqların birinci sinfə qəbulu elektron qaydada həyata keçirilir və bu, kifayət qədər prosesin sürətli, əlçatan olmasına imkan verir: 

"Çox təəssüf ki, bu zamana qədər birinci sinfə qəbul zamanı əsassız tələblər olurdu. Valideynlər məktəblərə müraciət edəndə onlara yerin olmadığı deyilirdi. Həmçinin bu və ya digər sinfə yerləşdirilməklə bağlı əsassız pul istəkləri olurdu. Amma artıq 6 ildən çoxdur ki, uşaqların birinci sinfə qəbulu elektron qaydadadır. Düzdür, yenə müəyyən texniki çətinliklərə rast gəlinir. Sistem açılandan qısa müddət sonra şagirdlərin valideynləri kütləvi şəkildə müraciət edirlər. Bu zaman saytda yüklənmələr, problemlər yaranır. Bu, ciddi bir məsələdir. Bundan əlavə, bildiyimiz kimi Bakı şəhərində yaşayan şəxslərin böyük əksəriyyəti paytaxtda qeydiyyatda deyil. Onlar övladlarına şəxsiyyət vəsiqəsi alarkən bir çox hallarda məktəbin mikroərazisində həmin elektron ərizə olmur. 

Bu zaman da uşaqların qeydiyyatında problemlər yaranır. İlk növbədə Bakı şəhərində uşaqların qəbulu zamanı məktəbin yerləşdiyi mikroərazidə mütləq şəkildə valideyn yaşamalıdır.

 Başqa bir məsələ isə kimin ki interneti var, sürətli şəkildə kompüterlə işləyə bilir, bu adamlar daha çevik olaraq, övladlarının qeydiyyatını həyata keçirə bilirlər. Amma hansısa valideynin internet imkanı zəifdirsə və texniki bilikləri aşağı səviyyədədirsə, o, həmin məktəbdə sinif tapmaqda müəyyən qədər əziyyət çəkir".

Ekspert hesab edir ki, prosesi daha da sadələşdirməliyik:

"Valideynlərin daha çox müraciət etdiyi məktəblərə əlavə müəllimlər qəbul etməklə daha çox uşaqların qeydiyyatını reallaşdırmaq mümkündür. 

Bu gün valideynlər o məktəbləri seçirlər ki, orada tədrisin keyfiyyəti yüksəkdir, digərləri isə sadəcə formal tədrislə məşğuldurlar. 

Mütləq şəkildə orta ümumtəhsil məktəblərinə qəbulda müəllim seçimini sistemdən bağlamalıyıq. Yəni hər kəs seçimi müəllimin adı olmadan, sinfin nömrəsinə görə etməlidir. 

Görürük ki, bir məktəbdə hər hansı müəllimə kütləvi şəkildə müraciət var, digərinə isə yox. Bu da müəyyən qədər çətinlik yaradır. Ona görə də müəllim seçimi sistemdən silinsə, daha effektiv olar".