“Müəllimin şagirdi döymək ixtiyarı yoxdur, amma məktəbli də öz vəzifələrini bilməlidir. Müəllim vəzifəsini normal yerinə yetirmirsə, məsuliyyət daşıyır”
“Şagird isə qaydalara əməl etmədikdə heç bir hal baş vermir. Sadəcə müəllimləri günahlandırırıq”
“Bununla bağlı qanunvericilikdə dəyişiklik edilməlidir"
Bakıda daha bir məktəb qalmaqalı yaşanıb.Zəngilan rayonu 35 saylı məktəbin musiqi müəllimi 8-ci sinif şagirdini döyüb. Məktəbin musiqi müəllimi Məshəti Hüseynova şagirdə şiddət göstərib. Təəssüf ki, bu tip "tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Əgər müəllimin sözündən çıxan məktəbli varsa, "ustad şapalağı"nın dadını öyrənir.
Hadisəni "Sherg.az"a dəyərləndirən təhsil üzrə ekspert Elşən Ramizoğlunun qənaətincə, müəllimin şagirdi döymək ixtiyarı yoxdur:
"Dəfələrlə bu cür görüntüləri görmüşük. Sonda müəllim töhmət alır, yaxud işdən çıxarılır. Döyməklə tərbiyə vermək olmur, razıyam.
Bizdə formal söylənilən fikirlər var: müəllim şagirdin psixologiyasını bilməlidir və s. Bəzən həqiqətən şagirdi ələ almaq qeyri-mümkünləşir. Təkcə müəllim şagirdin öhdəsindən gələ bilməz. Bəzən məktəblinin öhdəsindən heç valideyni belə gələ bilmir. Bəs, müəllim necə bacarsın?! Müəllimin səlahiyyəti qalmayıb.
Videoya baxanda görünür ki, şagirdi döyəndə digər yoldaşları ona baxıb gülür. Məktəbdə pedoqoji prosesin tamlığı pozulub. Demək, rəhbərlik yerində deyil. Kurikulum yarandıqdan sonra şagirdlərə müstəqillik verildiyini söyləsək də, hər bir halda məktəbli nədənsə çəkinməlidir".
Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə videoların yayılması müəllim nüfuzunu aşağı salır:
"Misal üçün, böyüklər maska taxmırdılar. Cəza, cərimə tətbiqi təsdiqlənən kimi maska taxmağa başladılar. Bir çoxları sağlamlığına görə yox, cərimə yazılmasın deyə, maska taxırdı. Bu gün də şagird öz vəzifələrini bilməlidir. Müəllim vəzifəsini normal yerinə yetirmirsə, məsuliyyət daşıyır. Şagird isə qaydalara əməl etmədikdə heç bir hal baş vermir. Sadəcə müəllimləri günahlandırırıq.
Bir neçə valideyn əlində telefon gəlib deyir ki, "mən deyən olmasa, videoya çəkəcəm". Müəllim də istər-istəməz çəkinib razılaşacaq. Bununla bağlı qanunvericilikdə dəyişiklik edilməlidir".