Orta məktəb müəllimləri Azərbaycan dilini mükəmməl bilməlidir, dialektlərlə danışmamalıdır
Dünyanın bir çox ölkələrində öz ana dilində sərbəst, normal dil normalarına uyğun danışa bilməyən müəllimlərin siniflərə daxil olmasına icazə verilmir.
2017-ci ildə İranın Təhsil Nazirliyi fars dilində təmiz danışa bilməyən, ləhcə ilə danışan müəllimlərin auditoriyaya girməsini yasaqlayan qərar qəbul edib. Ukrayna Təhsil Nazirliyində də xüsusi komissiya var. Həmin komissiya müəllimlərin Ukrayna dilində təmiz danışması ilə bağlı attestasiyalar keçirir. Yalnız bu attestasiyadan keçən müəllimlər auditoriyaya buraxılır.
Azərbaycanda isə ekspertlər bununla bağlı xüsusi bir qanun qəbul etməyə ehtiyac görmürlər. Qeyd olunub ki, son vaxtlar dilçiliyin inkişafı ilə bağlı kifayət qədər ciddi sənədlər qəbul olunub. Dövlət dili haqqında, qloballaşma şəraitində Azərbaycan dilinin işlənməsi, Azərbaycan dili və Azərbaycan əlifbası haqqında, kargüzarlıq haqqında qanunlarımız var. Problemlər bu qanunlara əməl edilməsi ilə bağlıdır.
Maraqlıdır, ləhcə və dialektlə danışan müəllimlərin təhsil müəssisələrində çalışması nə qədər məqsədəuyğundur?
Siyasi şərhçi Azər Həsrətin fikrincə, bu məsələ illərdir üzərinə gedilən, amma heç cür həllini tapmayan bir problemdir. Onun sözlərinə görə, məktəb müəllimləri, ümumiyyətlə, pedaqoqlar dərs müddətində ləhcə ilə danışmamalıdır:
“Amma başqa yerləri demirəm, Bakının məktəblərini bir nəzərdən keçirən olsa, baxın, nə qədər müəllim ləhcəylə danışır? Az qala yerindən duran ləhcəylə danışır. Belə adamlara pedaqoq demək olmaz! Orta və ali məktəblərdə Azərbaycan dilini bilməyən, dialektlə, ləhcə ilə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil. Bu məsələni diqqətdə saxlamaq lazımdır. Orta məktəb müəllimləri Azərbaycan dilini mükəmməl bilməlidir, dialektlərlə danışmamalıdır.
Digər bir məsələ də odur ki, müəllimlər bir-biriləri ilə “sən”lə danışırlar. Hətta direktorla belə! Bu ferma təfəkkürlü adamlardan yeni nəsil nə götürə bilər axı? Şəxsi münasibətlərdə, təhsil müəssisəsindən kənarda – əgər kiminsə kiminləsə səmimiyyəti varsa – “sən”lə danışmaq olar. Amma pedaqoji prosesdə “sən”lə danışan adamı nəinki məktəbə, heç adi fermaya da buraxmaq olmaz. Çünki belələri ədəbin nə olduğunu bilməzlər. Bu cür mağara təfəkkürlü adamları təhsildən uzaq tutmaq lazımdır! Gələcək nəslin ədəbini düzgün yönəltmək istəyiriksə, belə adamları ya yenidən tərbiyə etməli, ya da təhsildən uzaqlaşdırmalıyıq”.
Təhsil eksperti Elçin Əfəndinin “Şərq”ə açıqlamasına görə, “Təhsil haqqında” qanunvericilikdə müəllimlərin dil bilgiləri ilə bağlı xüsusi tələblər var:
“İşə qəbul zamanı müəllimlərlə müqavilə bağlanan zaman onların Azərbaycan dilinin ədəbi normalarına riayət etmələri ilə bağlı xüsusi tələblər qoyulur.
Pedaqoqların Azərbaycan dilinin etik normalarına əməl etməsi mühüm şərtdir. Mən də hesab edirəm ki, müəllimlərin məktəb daxilində ləhcə və dialektlərdən istifadə etməsi yolverilməzdir.
Ümumiyyətlə, müəllimlər dərs gedişatında məişət üslubuna yox, elmi üsluba üstünlük verməlidir. Çünki məhz bu peşə sahibləri, yüzlərlə uşağın nitq qabiliyyətinin, danışıq vərdişinin və ümumiyyətlə, leksikonunun formalaşmasında bilavasitə iştirak edirlər.
Bununla bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq təlimatlar verilməli, xüsusi təlimlər keçirilməlidir”.