Yalnız riyaziyyatdan deyil, şagirdlərin ingilis fənnindən də bilgiləri çox zəifdir
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanlarında Azərbaycan dili və ingilis dili fənnində daha çox müsbət tendensiyanın müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, xoşagəlməz nəticələr riyaziyyat fənni üzrə qeydə alınıb: “Ola bilsin ki, bu il 11-ci sinfi bitirən şagirdlər riyaziyyat fənnini ayrı dərsliklərdən keçiblər, yaxud dərslikləri 7-8-ci sinifdə dəyişib. Burada daha dərində olan problemləri görmək lazımdır. Ümumilikdə isə hansısa detalı götürüb ümumi göstərici kimi ictimaiyyətə təqdim etmək lazım deyil”.
Bir çox ekspertlər yaranmış durumun acınacaqlı olduğunu vurğulayır və əlavə edirlər ki, müasir dünyada elm deyəndə, riyaziyyatı nəzərdə tuturlar. Bizim gənclər riyaziyyatdan zəif nəticə göstərirlərsə, deməli, savadsızdırlar. Yəni bunlardan gələcəkdə nə mühəndis, nə innovasiya müəllifi çıxacaq. İnnovasiyalar riyazi modellər əsasında qurulur. Bu, acınacaqlı vəziyyətdir.
Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında konkret səbəbləri açıqlayıb:
“Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, son illərdə riyaziyyat fənni üzrə nəticələr digər fənlərlə müqayisədə geridə qalır. Bunun da bir neçə səbəbi var. 2020-ci ilin mart ayından ölkədə koronavirus pandemiyası səbəbi ilə dərslər onlayn formada tədris olunmağa başladı. Texniki və təbiət fənlərində isə məsafədən tədrisin bir o qədər də keyfiyyətli təşkil olunmadığının şahidi olduq. Nə müəllimlərimiz bu fənləri yüksək səviyyədə tədris edə bildi, nə də şagirdlərimiz keçdikləri bilgiləri detallı mənimsəyə bildilər. Bu fənlər individual çalışma tələb edən fənlər olduğuna görə, məsafədən tədris effektsiz oldu”.
Ekspertin sözlərinə görə, riyaziyyat fənni üzrə nəticələrin zəif olması uşaqların götürmə qabiliyyətinin zəif olması ilə əlaqəlidir.
Digər bir səbəb isə 1 və 2-ci qrupda abituriyentlərin daha az balla ali təhsil məktəblərinə qəbul olmaq imkanları ilə bağlıdır. Bu qruplara sənəd verən uşaqların əksəriyyəti yüksək bal toplamaqda maraqlı olmurlar ki, minimum keçid balı ilə hər hansı bir ali təhsil ocağına daxil ola biləcəklər.
K.Əsədov DİM sədrinin ingilis dili fənni üzrə müsbət tendensiyanın müşahidə edilməsi ilə bağlı qeydinin reallığı əks etdirmədiyini deyib. Onun sözlərinə görə, riyaziyyatla yanaşı ingilis dili fənni üzrə göstərilən nəticələr də ürəkaçan səviyyədə deyil:
“Bu da rayonlarda ingilis dili müəllimlərinin 40 faizinin orta ixtisas təhsili müəssisələrini bitirməsi və öz üzərlərində işləməməsi ilə əlaqəlidir. Riyaziyyat və ingilis dili müəllimləri repetitorluğa meyilli olduqları üçün dərslərin keyfiyyətli səviyyədə keçirilməsində və şagirdlərin öyrədilməsində maraqlı olmurlar. Şagirdlərin orta məktəbdəki təhsil bazaları zəif olduğundan sonradan hazırlığa getsələr belə riyyaziyyatı və ingilis dilini yüksək səviyyədə mənimsəyə bilmirlər”.