Müəllimlərini tez-tez dəyişənlərin nailiyyətləri zəif olurdu


Təhsil Nazirliyi artıq bu problemə nöqtə qoydu, şagirdlər rahat nəfəs ala bilərlər

  “Bu ildən verilən qərarla 3 ildən az müddətə ümumtəhsil müəssisələrində çalışan müəllimlər işə qəbul müsabiqəsində yerdəyişmə məqsədilə iştirak edə bilməyəcək. Onlar gərək çalışdıqları işdən ayrılsınlar, yalnız bu zaman müsabiqədə iştirak edə bilərlər”. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. Onun sözlərinə görə, həmin namizəd elektron ərizə qəbulu zamanı işdən ayrılmayıbsa, onun ərizəsi təsdiq edilməyib deməkdir: “Bu səbəbdən də həmin şəxsin müsabiqədə iştirakı mümkün olmayacaq. 

Təhsil Nazirliyinin əsas məqsədi şagird nailiyyətlərinin, tədris keyfiyyətinin artırılması ilə bağlıdır. Təəssüflə qeyd etməliyəm ki, müəllimlərin tez-tez yerdəyişmə etməsi və ümumiyyətlə bir şagirdə bir neçə il ərzində eyni fənn üzrə müxtəlif müəllimlərin dərs keçməsi o şagirdlərin nailiyyətlərində də öz əksini tapır, psixoloji olaraq təsir edir. Ona görə də bu qərar bu ildən qüvvəyə minib. Düşünürəm ki, bu qərar şagird nailiyyətlərinə də müsbət təsirini göstərəcək. Hələ ki, tətbiq edilən bu yeniliyin dəyişdirilməsi ilə bağlı hər hansı qərar yoxdur”. 

  Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında işə qəbul müsabiqəsində yerdəyişmə ilə bağlı dəyişikliyi müsbət qiymətləndirdiyini söylədi:

- Bu dəyişikliyi müsbət qiymətləndirirəm, çünki gənc müəllimlərin işə qəbulunda bir çox hallarda problem yaşanırdı. Əvvəlki qayda ilə işə qəbul prosesində, xüsusən də bölgələrdəki vakant müəllim vəzifəsinə qəbul üçün ərizə verib işə qəbul olunanlar 1 il sonra yerdəyişmə üçün müraciət edirdi. Bu isə bölgə məktəblərində yenə də müəllim çatışmazlığı yaradırdı. Həmçinin həmin məktəblərin şagirdləri də problem yaşayırdı. Müəllimlərin tez-tez dəyişməsi xüsusən ibtidai sinif şagirdləri üçün problemə çevrilirdi. Hər dəfə fərqli müəllimlə qarşılaşan şagird tədrisə adaptasiya oluna bilmir. Bir müəllimə alışmamış, isinişməmiş başqa birisi çıxır şagirdin qarşısına. İbtidai sinif şagirdləri üçün bu, böyük bir problemdir. Onlar hələ uşaqdır və görməyə adət etdikləri müəllimi görmək istəyirlər. Yeni müəllimlə çətin ünsiyyət qururlar. 6-8 yaşlı uşaqların buna bacarıqları yetərli qədər deyil.  Uşaq qarşısındakı müəllimin onunla necə davranacağını bilmir. Çəkinir, bəzi hallarda qorxur, özünə güvən hissini itirir. Amma bir sinif müəllimi uzun müddət eyni siniflə işləyəndə şagirdlə müəllim arasında bağ yaranır, bir-birinə öyrəşirlər, müəllim şagirdləri tanıyır, xasiyyətlərini bilir, şagird də müəlliminə bələd olur. Hər dəfə yeni müəllim şagirdin yenidən adaptasiyasıdır ki, buna da vaxt lazımdır. Bu vaxt axarında isə tədris zəifləyir. Tədris qalır bir kənarda, şagird müəllimi “öyrənməklə” məşğul olur. Buna görə də Təhsil Nazirliyinin bu qərarını doğru sayıram. Hətta hesab edirəm ki, müddət 3 yox, 5 il tətbiq edilməlidir. Heç olmasa, ibtidai sinif müəllimlərinə sinfi təhvil verməmiş yerdəyişməyə icazə verilməməlidir. 

  K.Əsədov qeyd etdi ki, müəllimlərin  işə qəbulu prosesində gənc müəllimlər əvvəlcə bölgə məktəblərində çalışmağa razı olur, sonrasa imtina edirlər: 

- Halbuki, bölgələrdəki məktəblərin şəraiti, bölgənin özünün xüsusiyyətlərini öyrənə bilərlər. Bilmədən, tanımadan, şəraitlə tanış olmadan işə qəbula razılıq verirlər, sonra peşman kimi görünürlər və yerdəyişmə etmək istəyirlər. Vakant yerlərə ərazi təqdim edəndə diqqətli olsunlar, sonra yerlərini dəyişməli olmasınlar. Nəzərə alsınlar ki, belə dəyişikliklər uşaqların psixologiyasına da mənfi təsir edir, tədris prosesinə, dərsin qavranmasına da. Elə ibtidai siniflər var, 4 il ərzində sinif müəllimi 4 dəfə dəyişib. Belə olmaz. Düşünürəm ki, TN-in tətbiq etdiyi məhdudiyyət problemin qarşısının alınmasına yönəlib və doğru qərardır.