Şəhidlər anılanda ayağa durun, xanım direktor! - VİDEO

“Tədbiri aparıcıları olan uşaqlar açılış etdikdən sonra, şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsini bildirirlər”

“Bu zaman bütün oturan şəxslər ayağa qalxmalı və şəhidlərin ruhuna ehtiramını nümayiş etdirməlidir”

“Belə bir məqamda direktorun şagirdlərin, valideynlərin və müəllimlərin önündə ayağa qalxmaması yolverilməzdir”


"161 nömrəli məktəbdə yaşanan  hadisə qəbuledilməzdir. Bu hörmətsizlikdə iynə ucu qədər də bəraət qazandırılması yer yoxdur". 
Bunu  "Sherg.az"a açlqlamasında "AzEdu.az" Təhsil portalının baş redaktoru Elmin Nuri 161 nomrəli məktəbin direktorunun yayılan videosundan danışarkən deyib.
O bildirib ki, bu hadisə şagirdlərin psixologiyasına ciddi zərbə vura bilər:
"Mən videonu bir neçə dəfə izləmişəm. Tədbiri aparıcıları olan uşaqlar açılış etdikdən sonra, şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsini bildirirlər. Bu zaman bütün oturan şəxslər ayağa qalxmalı və şəhidlərin ruhuna ehtiramını nümayiş etdirməlidir. 

Bu bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə belə olub. Vətən müharibəsindən sonra hətta toylarda da belə bir adət yaranmışdı. 

Direktorun şagirdlərin, valideynlərin və müəllimlərin önündə belə bir hərəkət etməsi isə yolverilməzdir. 

Görüntüləri  izlədikdə görürük ki, sükutdan sonra məktəbin rəhbəri ayağa qalxaraq çıxış edir. Bu da onun ayağa qalxmaqla bağlı problemnin olmadığını sübut edir".

Baş yazar vurğulayıb ki, Bakı şəhər Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparacığını bildirib:

"Mən İdarənin operativ və doğru qərar verəcəyinə şübhə etmirəm. Çünki onların bu istiqamətlərdə xeyli addımlar atdığının şahidiyəm. İnanıram ki bu məsələ ilə bağlı da doğru qərar veriləcəkdir. 

Ona görə ki, bu uşaqlara pis örnəkdir. Şagird psixologiyası ağ kağız kimidir. Ora nə yazsan o da qalacaqdır. Oradakı azyaşlı uşaqlar məktəbi bitirənə kimi bu hadisəni xatırlayacaqlar. 

Düzdür, mən həmin direktoru tanımıram. Bəlkə, onun da vətənpərvərlik naminə atdığı addımlar olub. Amma gördüyümüz kadrlar ürəkaçan deyil. Məktəb rəhbəri ən azından şagirdlərlə danışmalı və kollektivin qarşısında üzrxahlıq etməlidir".