Dərs yükü tədris planları ilə təşkil olunur. Bu barədə Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib. “Dərs yükünün ağırlığı yox onun məzmununa yenidən baxılmalıdır. Hansısa fənnlərin dəyişdirilməsi yolu nəzərdə tutulur. Dərs yükünün çox olması ilə bağlı nə isə etməyə ehtiyac yoxdur”- deyə o bildirib.
Məsələ ilə bağlı “Sherg.az” a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, dərs yükünün çoxluğu ilə bağlı valideynlər və şagirdlər tərəfindən dəfələrlə narazılıqların şahidi oluruq:
“Araşdırdığımız zaman bəlli olur ki, ibtidai sinif pilləsində şagirdlərə bir vaxtlar informasiya yuxarı siniflərdə daha çox verilirdisə, artıq bu aşağı siniflərdə də tətbiq olunur. Hətta, şagird xarici dil öyrənməyə başlayan zaman əlifbanı öyrənmədən sözlər və cümlələr əzbərləməklə məşğuldur. Dərs yükünün azaldılması üçün məzmuna baxmaq daha məqsədə uyğundur. Daha yığcam və dəqiq informasiyaların olduğu vəsaitlər hazırlamaq lazımdır. Belə olduğu təqdirdə vəsaitlərlə işləmək şagirdlər üçün daha əlverişli olar”.
Ekspert qeyd edib ki, vacib olan fənnlərə üstünlük verilməsi dərs yükünün azalmasına şərait yaradar:
“Çalışmalıyıq ki, şagirdlər dərslərdən "qaçmasın". Yəni bir növ əyləncə, hiperaktiv üsulla dərslərin keçirilməsi həyata keçirilərsə, o zaman onlar dərs oxumağa, öyrənməyə daha maraqlı olacaq. Bir sözlə, bu istiqamətdə məzmun dəyişikliyi etməliyik".