Ekspert: Vahid tələbə kartı hava və su kimi lazımdır

250 minə yaxın şəxsin vahid platformada birləşdirilməsi təhsil alanlara olduqca müsbət köməklik göstərəcək
 
Müxtəlif şirkətlər də maraqlı olacaq ki, böyük tələbə kütləsinə birbaşa çıxış əldə etməkdən ötrü onlara rahatlıqla endirimlər təklif edə, xidmətlər göstərə bilsin
 
 
 Yeni tədris ilindən Azərbaycanda  vahid tələbə kartı istifadəyə veriləcək. Bu  kart vasitəsilə tələbələr müəyyən endirimlərdən faydalana biləcəklər.
Yeni yaradılacaq tələbə kartları təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacaq.

 Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında  vahid tələbə kartlarının üstünlüklərindən  danışıb. Onun sözlərinə görə,  vahid bir kartdan istifadə olunması, tələbələrin bütün xidmət sahələrində endirimlərdən istifadə eləməsinə gətirib çıxaracaq:
 “O cümlədən də tələbələr öz maliyyə münasibətlərini belə bu kart vasitəsindən həyata keçirə biləcəklər. 51 ali təhsil müəssisəsində 187 min, orta ixtisas  təhsili müəssisələrində isə 60 minə yaxın tələbə təhsil alır. Tələbələr gündəlik həyatlarında müxtəlif kartlardan istifadə edirlər.  Tələbə kartı ayrı, ictimai nəqliyyatdan istifadə üçün nəzərdə tutulan kartlar da bir ayrıdır. Bu kartın ən vacib üstünlüklərindən biri bir kartdan müxtəlif istiqamətlərdə istifadə olunmasına imkan verilməsidir. Müxtəlif kartları bəzən tələbələr unudurlar və yaxud da bir kart digər yerdə keçicilik funksiyasına malik olmur. Amma bu platforma imkan verəcək ki, tələbələr bundan rahatlıqla istifadə edə bilsinlər. Məsələn, qardaş Türkiyədə hətta buna yaşıl kart da deyirlər. Tələbələr ictimai nəqliyyatda, kitab satışı yerlərində, yaxud da tələbələrin fəaliyyətinə aid olan sahələrdə güzəştlər əldə edə bilirlər.
 Vahid tələbə kartının yaradılması müxtəlif istiqamətlərdə istifadə olunacaq əməliyyatları özündə əks etdirən bir platforma olacaq.  Yəni onlar həm tələbə bileti, həm ödəniş vasitəsi kimi metro kartından və yaxud da digər nəqliyyat növlərində istifadə olunan kartlardan istifadə edirlər. Söhbət ondan gedir ki, tələbələrə veriləcək həmin vahid tələbə kartı həm onların yeraltı və yerüstü nəqliyyatda, digər bank əməliyyatlarında, həm də tələbə bileti kimi istifadə etmələrinə imkan verəcək. Həmçinin onun yaradacağı müsbət istiqamətlər ondan ibarətdir ki, tələbələr müxtəlif ictimai iaşə obyektlərində, kafe və restoranlarda, kitab satışı yerlərində endirimlərdən yararlana biləcəklər. Tələbələr üçün xüsusi endirimlərin edilməsinə ictimai nəqliyyatda, həmçinin müəyyən dükanlarda, restoranlarda, xidmət sahələrində imkan verəcək. Bu, dünyanın inkişaf etmiş ölkələrində olan bir təcrübədir".

 K.Əsədovun sözlərinə görə, vahid tələbə kartının tətbiq edilməsi tələbələrin ictimai nəqliyyatda gələcəkdə güzəştli istifadə etməsinə də gətirib çıxaracaq bir amildir:
"Hazırda biz tələbələrimizin gün ərzində hansı ictimai nəqliyyatdan, ictimai iaşə obyektlərindən istifadə etdiklərini bilmirik. Bu, bizə imkan verəcək ki, tələbələrin daha çox istifadə etdiyi istiqamətlərdə onlara dəstək verə bilək.
 Vahid tələbə kartı layihəsi Azərbaycan tələbələrini vahid platformada birləşdirəcək. Müxtəlif şirkətlər də maraqlı olacaq ki, böyük tələbə kütləsinə birbaşa çıxış əldə etməkdən ötrü onlara rahatlıqla endirimlər təklif edə bilsin, xidmətlər göstərə bilsin. Ümumilikdə, 250 minə yaxın şəxsin vahid platformada birləşdirilməsi tələbələrə olduqca müsbət köməklik göstərəcək. Bu, Azərbaycan ali təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına öz müsbət təsirini göstərəcək".