Kamran Əsədov: “Müəllim tətil zamanı işə çağırılmamalıdır”
Orta məktəblərdə hazırda payız tətilidir. Və bu, son illərdəki ən uzun payız tətili hesab edilir. Tam 17 gün. Nazirlər Kabinetinin qərarı ilə orta məktəblərdə noyabrın 12-dən 22-dək payız tətilidir. Amma noyabrın 8-i Zəfər bayramı, 9-u Dövlət Bayrağı günü olduğundan və istirahət günləri ilə iş günlərinin yeri dəyişdiyindən məktəblər tətilə noyabrın 8-dən etibarən çıxdı. Altıgünlük iş həftəsi olan məktəblərdə dərslər noyabrın 23-ü, beşgünlük dərs həftəsi olan məktəblərdə isə noyabrın 25-i başlayacaq. Deməli, şagirdlər tətildədir, istirahət edir. Bəs müəllimlər? Müəllimlər üçün payız tətili yalnız faktiki tədrisin olmamasıyla məhduddur. Bundan əlavə müəlimlərə heç bir güzəşt-filan da yoxdur. Müəllumlərdən tətil günlərində də məktəbə gəlmək tələb olunur. Məktəb rəhbərləri bildirir ki, “o qədər işiniz var, tətil günlərində gəlin, işinizi görün!” Bu iş də nədən ibarətdir, elektron jurnal yazmaqdan. KSQ, BSQ qiymətləri “düzməkdən” və ya “düzəltməkdən”. Yaxşı, müəllim bu işlərə 1-2, lap 3 gün sərf etsin. Bəs qalan günlər müəllim niyə məktəbə gəlməlidir? Bəzi ekspertlər hətta tələsik “tətil şagirdlər üçündür, müəllim üçün deyil”, tipli açıqlamalar da verir.
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, fəlsəfə doktoru Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, tətillər müəllimlərin də zehni və fiziki istirahəti üçün vacibdir, müəllimləri tətil günlərində məktəbə gəlməyə məcbur etmək absurddur:
- Müəllimlər tədris ili boyunca həm tədrislə məşğuldur, həm də şagirdlərin inkişafı, onların tərbiyəsi və təhsili üçün davamlı olaraq düşünür və çalışırlar. Hər gün şagirdlərlə işləyən müəllim əslində böyük bir mənəvi yük daşıyır. Bu qədər məsuliyyətli işin öhdəsindən gələn müəllimlər tətil dövründə dincəlməyə və şəxsi ehtiyaclarını qarşılamağa ehtiyac duyurlar. Bu tətillər müəllimlərin də yalnız fiziki olaraq deyil, eyni zamanda zehni olaraq da yenilənməsi üçün əhəmiyyətlidir. Tədris ilində dərslərin sıx qrafiki və məsuliyyətlər, müəllimlərə şəxsi məsələlərini həll etməyə imkan vermir. Müəllim də insandır və onun da sosial həyatı var, olmalıdır. Heç olmasa tətildən istifadə edib tibbi yoxlanışdan keçərlər. Tətil dövründə sosial həyatlarına, ailə üzvlərinə vaxt ayırsınlar. Amma müəllimi tətil günlərində israrla məktəbə çağırmaq, onların bu imkanlarını əllərindən alır. Müəllimlər tətil vaxtı da dincəlmir. Bu isə müəllimin tətildən sonrakı tədris müddətinə yorğun, zehni istirahət etməmiş vəziyyətdə qayıtması deməkdir. Digər sahələrdə çalışan işçilərə müxtəlif zamanlarda məzuniyyət verilir və bu məzuniyyətlər hissə-hissə alına bilir. Lakin müəllimlər yalnız yayda toplu şəkildə məzuniyyət əldə edə bilir ki, bu da onların şəxsi planlamalarını çətinləşdirir. Qış və yaz tətili dövrlərində müəllimlərə də hissə-hissə məzuniyyət verilməsi qanunvericiliyə daxil edilsə, bu, onların iş həyatında daha rahat və balanslı bir vəziyyət yarada bilər. Müəllimlərin tətil dövrlərində işə çağırılmaması, onların şagirdlərə olan marağını və qayğısını daha da gücləndirə bilər, nəticədə tədris prosesi daha sağlam və səmərəli olar. Müəllimlərə bu tətil dövrlərində məktəbdən kənar qalmaq imkanı verilməli, onların dincəlmək hüququna hörmət edilməlidir. Bu, müəllimlərə əlavə motivasiya verərdi.