- Optimal həll yolu budur ki, şəhid valideynlərinə təgtbiq edilən xüsusi avtomatlaşmış qaydada həyata keçirilməli, onlar bürokratik əngəllə üzləşməməlidir
“Əgər şəhid ailə üzvlərinin və şəhid valideynlərinin 65 yaşı tamam olubsa, gözləmək lazım deyil ki, şəhid valideyni işləmək hüququnun bir il də artırılması ilə bağlı müraciət etsin". Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib ki, şəhid valideyni vətən üçün qəhrəman yetişdirib:
"Şəhid anası və atası ən yaxşı vətənpərvər uşaqları yetişdirə bilər. Onların orta məktəb və ali təhsil müəssisələrində işlələrini təmin etməliyik. Hətta qanunvericilikdə dəyişiklər edib normalar müəyyən etməliyik ki, həmin şəxslər müraciət etməsinlər. Aidiyyəti qurumlara müraciət etdik, amma mən özüm də utandım. Düzdür, qurumlar müraciətə operativ yanaşdı, amma dərsə 1 gün qalmış şəhid anası bildi ki, ona dərs saatı verməyiblər. Bunu kökündən həll etməliyik".
Problem təkcə şəhid anası, şəhid ailəsi üzvləri ilə bağlıdırmı? Tutalım, şəhid anasına xüsusi imtiyaz tanındı, çox yaxşı, bəs digərləri? Bir yandan deyirik, təqaüd yaşına çatanlar işdən çıxsın, orta yaş, gənclərə iş imkanı yaransın, bir tərəfdən də 65 yaş üstü müəllimlərə dərs saatı istənilir. Saatlar bölünəndə isə hər iki tərəf az əmək haqqı alır.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında bildirdi ki, şəhid valideynləri hər zaman ən uca tutulmalıdır, onlar mənəvi baxımdan başımızın tacıdırlar. Şəhid anasının, valideynin, ailə üzvünün hər hansı əngəllərlə qarşılaşması, əlbəttə,qəbul olunmazdır. Şəhid ailələrnə dövlətin tətbiq etdiyi hər hansı güzəşt, istisna cəmiyyət tərəfindən yekdilliklə dəstəklənir. Lakin: 
- Təhsilin gələcəyi, inkişafı baxımından məsələyə sistemin tərəfinə də hökmən baxmalıyıq. Müəllimlik peşəsinin yaş həddi və pensiya məsələsi təkcə fərdi qərarlardan ibarət deyil, birbaşa kadr yenilənməsi, gənclərin əmək bazarına inteqrasiya ilə bağlıdır. Bu gün ali məktəbləri bitirən, müəllimlərin işə qəbul imtahanında yüksək bal toplayan enerjili, müasir metodologiyaya bələd minlərlə gənc kadrımız var. Onların məktəblərə gəlişi təhsilə yeni nəfəs, dinamika gətirir. Əgər təqaüd yaşına çatmış əməkdaşların xidmət müddətini kütləvi şəkildə uzatmağa davam etsək, gənc kadrlara vakansiya yeri qalmır. Dərs saatları kiçik hissələrə bölünür, nəticədə heç bir tərəf normal əmək haqqı ala bilmir. Təbii ki, 60-65 yaş diapozonunda olan, sertifikasiyada 51-dən yüksək bal toplayan təcrübəli müəllimlərin əməyi təqdirəlayiqdir. Lakin sistem elə qurulmalıdır ki, 65 yaşına çatmış müəllim layiqli bir şəkildə təqaüdə çıxmalı, öz istirahət hüququndan istifadə etməli, onu yerinə isə illərlə növbə gözləyən gənc müəllimlər gəlməlidir. Bu, təhsilin təbii rotasiya qanunudur. Hesab edirəm ki, optimal həll yolu budur ki, şəhid valideynlərinə təgtbiq edilən xüsusi avtomatlaşmış qaydada həyata keçirilməli, onlar bürokratik əngəllə üzləşməməlidir. Eyni zamanda ümumi prinsip olaraq da, 65 yaşı tamam olmuş müəllimlərin təqaüdə - istirahətə yola salınması və vakansiyaların tam şəkildə gənc kadrlara açılması təhsilimizin davamlı inkişafı üçün vacibdir. Beləliklə həm mənəvi borcumuzu yerinə yetirmiş olarıq, həm də gənclərimizin gələcəyini sığortalamış olarıq.