- “4 il özünü aldatmaqdır. Tələbələrin yarıdan çoxu universiteti bitirə bilmir”
Ali təhsil müəssisələrinə yerləşdirmə başa çatdı. Qəbul olunanlar təbriklər qəbul edir, yeni tədris ilinə, ali məktəb həyatına hazırlaşırlar. Qəbul olunmayanlarsa axtarışdadır; harda oxuya bilərik, hansı ölkəyə gedək, hansı ali təhsil müəssisəsinə? Xaricdə təhsil vədləri məhz bu vaxtlar artır. Ən çox üzərində dayanılan isə, təbii ki qardaş Türkiyədir. Amma...
Sherg.az xəbər verir ki, İqtisadçı Razi Abbasbəyli Türkiyəyə ali təhsil ardınca getmək fikrinə düşənlərə qarşılacaqları çətinliklər, gözlənilən xərclər barədə sosial şəbəkə üzərindən xəbərdarlıq edib:
- Tutaq ki, siz 100 bal toplamısınız. Heç bir ali məktəbə qəbul olmamısınız. Təsəvvür edirsinizmi, sizə deyirlər yalnız attestatla xaricdə "nifuzlu" universitetlərdə təhsil ala bilərsiniz. Məsələn Türkiyədə. Tutaq ki, sizin övladınız attestatla qəbul aldı. Heç düşünürsünüzmü, illik təhsil haqqı var? Tutaq ki, illik təhsil haqqı o qədər də çox deyil. Sizin təyyarə biletlərindən, ev kirayəsindən, qida xərclərindən xəbəriniz var? Bəzən bir az da irəli gedib "attestatla tibb təhsili" də təklif edirlər. Bu zaman təhsil haqqı ən az 20 min ABŞ dollarından başlayır. Tutaq ki, bunları da keçdik - sənədləşmə, transfer, tərcümə-təsdiq (apostel) üçün də 2 min manatı gözdən çıxarın. Çalışın İstanbula, Ankaraya, İzmirə oxumağa övlad yollamayın. Çünki bu şəhərlərdə ən ucuz kitayə 25 min TL (800 AZN) dən başlayır. Qida çox bahadır. Yolpulu, oturum, sığorta xərcləri və sair. Bunları da hesablayın aylıq 1200 AZN. 9 ay 10 min manatdan çox.
R.Abbasbəyli dil bigiləri məsələsinin də böyük problem olduğunu deyir:
- Cizgi filmlərdən "gəliyorum", "gediyorum" bilməklə Türkiyə türkcəsi bilməkdən fərqlidir. Çünki elmi, qrammatik dil çox fərqlidir. Övladınız Türkiyə Universitetlərində ən çox bu məqamdan əziyyət çəkəcək. Çünki ali təhsil ocaqlarında Türkiyə türkcəsində dərslik dili, məsələn ali riyaziyyat, kimya, bialogiya və sair təmamən fərqlidir. Ona görə də Türkiyəyə ali təhsil almağa gedən tələbələrin yarıdan çoxu universiteti bitirə bilmir. Böyük bir qismi 5-6 bəzən 7 ilə bitirə bilir. Özbəkistana, Dağıstana, Ukraynaya da getməyin. Bu daha dəhşətıi zaman və pul itkisidir. Bu sadəcə 4 il özünü aldatmaqdır. Sonunda diplomların tanınmaması dərdi də var. Bunları ona görə xatırladıram ki, həqiqətlər bilinsin. Bunu, indi təzəyə toplaşan milçəklər kimi ortada vızıldayan "attestatla xaricdə təhsil" dəllalları deməyəcək. Qərar verməzdən əvvəl ciddi düşünün. Faydalı olar. Məqsədim Türkiyədə təhsil almaq istəyənləri həvəsdən salmaq deyil. Türkiyədə ən azı 10 nüfuzlu dövlət universiteti var. Həmin universitetlərdə yüksək ali təhsil ala bilərsiniz.