Əmrah Həsənli: “İmtahanlar yayda olsa, tədris ili gecikəcək”
“Şagirdlər yalnız 3 fənnə yox, bütün dərslərə hazır olmalıdır”
Təhsil problemləri üzrə mütəxəssis, fəlsəfə doktoru Etibar Əliyev Azərbaycanı “dünyanın ən qısa orta təhsil sistemi olan ölkələrindən biri” adlandırıb. Sosial şəbəkədə təhsilimizin hazırkı durumu barədə fikirlərini paylaşan E.Əliyev yazıb:
“Dövlət İmtaham Mərkəzi buraxılış imtahanlarını mart ayında keçirdiyindən yuxarı sinif şagirdləri məktəbə əlvida deyiblər. Tanışım məktəb direktorlarından biri deyir ki, uşaqları məktəbə gətirə bilmirik. Məcburən məktəb təhsilimi olar?! Buraxılış imtahanlarından normal bal toplayan məktəblilərin valideyinləri övladlarının ali məktəbə daxil olması münasibəti ilə banket də düzənləyiblər. Barak Hüseyn oğlu Obamanın maraqlı bir fikrini təkrar xatırlayıram. "Bəzi məktəb göstəricilərində ona görə geridə qalırıq ki, məsələn, bizim uşaqlar hər il Cənubi Koreya uşaqlaraından bir ay az dərs keçirlər." O, amerikanlara belə bir çağırış etmişdi: "Təkcə məktəbdənkənar proqramları genişləndirmək bəs etmir, həm də məktəb günlərini elə planlaşdırmaq lazımdır ki, dərslər üçün çox vaxt ayrılmış olsun".
İmtahan sisteminin məktəbi idarə etməsinin mənfi fəsadlarını artıq görürük. Yekun qiymətləndirmə proqram və materialların yekununda həyata keçirilməlidirsə hansı elmi əsaslandırma ilə məktəblərdə 2 ay dərslər keçilmir?. Bu qərar necə qəbul olunub? Proqram, material bitməmiş imtahan etməyin heç bir məntiqi izahı yoxdur. Dərs ilinin ortasında qiymətləndirmə birbaşa subyektiv yanaşmadır və metodoloji baxımdan doğru deyil. Məktəbin düzənini pozmaq bizə nə vəd verir? Əgər bizim uşaqlar təhsil sistemi inkişaf etmiş ölkələrin uşaqlarından 3 ay az dərsə gedirlərsə, funksional savadsızlığın qarşısının alınması üçün tədbirlər görməliyik. Elə bir vəziyyət yaradıblar ki, uşaqlar məktəbə getməməyə sevinirlər. Halbuki məktəb uşaqları maqnit kimi özünə çəkməlidir. DİM-in yaradılmasının 10 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Emin Əmrullayev və Məleykə Abbaszadənin çıxışlarında xeyli giliey -güzar eşitdik. Yəqin ki, gələn il də Elm və təhsil nazirliyinin yaradılmasının 5 illik yubileyi keçiriləcək. Giley-güzarı azaldıb, uşaqları məktəblərə qaytarın! Məktəb nizamının pozulmasının birbaşa cəmiyyətə mənfi təsiri danılmazdır. Orta məktəb şagirdlərinin davranışı bizi çox narahat edir. Məktəbdə baş verən neqativ halların xor şəklində, bilərəkdən valieyinlərin üzərinə yüklənməsi, sübut edir ki, məktəb artıq öz zəruri funksiyalarını çoxdan itirib”.
Həqiqətən də, sual yaranır, bir halda ki buraxılış imtahanları mart ayında keçirilib, məzunlar imtahan verib, bilik səviyyələrinin necə olduğunu və nə qədər bal topladıqlarını, bu balın qarşıdakı qəbul imtahanlarının nəticələri ilə cəmlənəndə hansı fakültəyə, hansı ixtisasa düşə biləcəklərini indidən ayırd ediblər, o zaman orta ümumtəhsil məktəblərində tədrisi iyun ayının 15-ə kimi uzatmağın mənası nədir?
“Axırıncı aşırım” filmində Abbasqulu bəyin diliylə desək, “buraxın bu camaatı yığılsın evinə-eşiyinə” də! 
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli isə “Sherg.az”a açıqlamasında buraxılış imtahanlarının mart ayında keçirilməsinin səbəbini belə izah etdi:
- İradlarla qismən razılaşmaq olar. Amm digər tərəfdən baxsaq, buraxılış imtahanları əgər tədris ili bitəndən sonra keçirilsə, bu uzun zaman alacaq. Çünki imtahan nəticələri 7-8 həftəyə, hardasa 2 aya yaxın müddətə açıqlanır, ardınca blok imtahanlarının vaxtı yetişir. Bilirsiz ki, blok imtahanları da 2 dəfə keçirilir, abituriyentlərə 2 şans verilir. Bunları nəzərə alanda görürük ki, əgər buraxılış imtahanları tədris ili bitdikdən sonra keçirilsə vaxt məhdudiyyəti yaranacaq. Yeni tədris ili sentyabrın 15-də başlanmalı olduğu halda, çəkəcək oktyabr-noyabr ayına. Yenə də problemlər yaşanacaq. Başqa məsələ budur ki, buraxılış imtahanında şagirdlər 3 fənndən imtahan verir – Azərbaycan dili, Riyaziyyat və xarici dil. Amma məktəbdə tədris olunan fənlərin sayı 3 deyil axı, digər fənlər də var. Şagird məktəbdə digər fənlərdən də yekun imtahan verir, məktəb daxilində və bu qiymətlər də attestata yazılır. Doğrudur, bəzən məktəbdə güzəştlərə gedilir bu imtahanda. Amma məktəb öz məsuliyyətini, şagird də öz məsuliyyətini dərk etməlidir ki digər fənlərdən də imtahan verəcək. Burada məsələ təkcə buraxılış imtahanı deyil, digər fənlərdən də imtahan verilməsidir.