DİM sədri: Qəbul planı 97.07% dolub, dövlət sifarişi əsasında qəbul olunanların sayı artıb

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəznin sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 6-cı nömrəsində yer alan “Ön söz”də qeyd edib.

Məleykə Abbaszadə bildirib ki, onlardan 58 947 nəfəri, o cümlədən 4215 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub.

O qeyd edib ki, 28 108 nəfər, o cümlədən 1145 subbakalavr dövlət sifarişi əsasında, 317 nəfər, o cümlədən 58 subbakalavr dövlət hesablı, 30 522 nəfər, o cümlədən 3012 subbakalavr isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Məleykə Abbaszadənin sözlərinə görə, ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub.

“Boş qalan plan yerlərinə ixtisas seçimi aparılandan sonra bu göstəricilər bir qədər də yüksələcəkdir. Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının 1711 nəfər daha çox olduğunu müşahidə edə bilərik. Eyni zamanda dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 290 nəfər çoxdur. Son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir”, - Dövlət İmtahan Mərkəzinin sədri əlavə edib.