Hamı həkim olmaq istəyir, amma yer çatmır: 600 balı keçənlər belə TİBB QAPISINDA QALDI

  • Elçin Əfəndi: "Ola bilsin, kodlaşdırmanı düzgün etmirlər. Müsabiqə böyük olur, 1-2 bal fərqi abituriyentin qəbuldan kınarda qalmasıyla nəticələnir"

Təəssüf ki bu il də buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərsə də, ali məktəbə qəbul oluna bilməyən abituriyentlər var. Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib ki, IV ixtisas qrupunda 97 nəfər 500-dən yuxarı, 30 nəfər isə 600 baldan yüksək nəticə əldə etməsinə baxmayaraq, heç bir ali məktəbə qəbul ola bilməyib. Xatırladaq ki, IV ixtisas qrupu əsasən tibb ixtisaslarıdır.

Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi, Stomatologiya, Əczaçılıq, Tibbi profilaktika, Tibb bacısı işi, İctimai səhiyyə, Reabilitasiya və eroterapiya. Bundan başqa müxtəlif ali təhsil müəssislərində biologiya, kimya, psixologiya, biotexnologiya, biologiya, kimya müəllimliyi və ya kimya-biologiya müəllimliyi, Aqrar və Kənd təsərrüfatı sahəsində baytarlıq, aqronomiya, meşəçilik, zootexnika və digər kənd təsərrüfatı istiqamətləri var. Amma nədənsə abituriyentlər IV ixtisas qrupunu daha çox tibb təhsili üçün seçir. Əsasən də müalicə işi və stomatologiyanı. Halbuki, tibbin digər sahələri də yetərincə faydalı, lazımlı, maraqlıdır, öyrəniləsi çox şey var. Deyəsən, heç kim aqranom və ya kimya, blogiya müəllimi olmaq istəmir. Hamı həkim olmaq istəyir. Kimsənin istəyinə irad bildirə, qarşı gələ bilmərik. Lakin nəzərə almaq lazımdır ki tibb fakültəsi “bezrazmer” deyil. 

E.Əfəndi hesab edir ki, yüksək bal toplamış abituriyentlərin qəbuldan kənarda qalmasının bir neçə səbəbi var: 

- Ola bilsin, kodlaşdırmanı düzgün etmirlər. Müsabiqə böyük olur, 1-2 bal fərqi abituriyentin qəbuldan kınarda qalmasıyla nəticələnir. IV ixtisas qrupunda imtahan verənlər çox vaxt yalniz tibbi, müalicə işini seçir. Alternativ ixtisasları ümumiyyətlə qeyd etmirlər. Bu ixtisasa müsabiqə böyük olduğu, plan yerləri müəyyən sayda olduğu üçün qəbul oluna bilmirlər. Bəziləri maddi imkanı nəzərə alıb yalnız dövlət sifarişli tıhsili seçir, ödənişli təhsili qeyd etmir. Bəziləri prinsipialdır; ya tibb, ya da heç nə. Onlar “müəllimlik, psixologiya yazım, birdən tibbdə yer olmaz, başqasına daxil olum” fikirləşən abituriyentlərdən deyil. Ailəsinin maddi imkanına güvənənlər həm dövlət sifarişli yazir, həm də ödənişli təhsili. İmkanı olmayanlar ancaq tibb – dövlət sifarişi yazırlar və rəqabətə düşürlər. Qəbul olunmamaq riski artır. 

E.Əfəndi Sherg.az-a bildirdi ki, bu il topladığı bala uyğun digər ali məktəblərə qəbul oluna bilən abituriyent əgər imtina edirsə, növbəti il yenidən qəbul imtahanlarında iştirak etmək hüququna malikdir: 

- DİM-in məlumatında da qeyd olunur ki, bu il ali təhsil müəssisəsinə qəbul olanlar düşdükləri universitet də ixtisasdan imtina edərlərsə, cari ildə II tur universitet seçimi və ya 11 illik bazadan kolleclərə ixtisas seçimi müsabiqəsinə buraxılmırlar. Bu şəxslər növbəti il qəbul imtahanlarında iştirak edə bilər. Bir fərqlə ki buraxılış imtahanı verməyəcəklər.