İstanbuldakı Mübariz İbrahimov adına məktəbdə dərs ilinin SON GÜNÜ

“Şərq” qəzetinin Türkiyə təmsilçiliyi olaraq İstanbulda fəaliyyət göstərən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan məktəbin fəaliyyətini mütəmadi işıqlandırmağı özümüzə həm də bir mənəvi borc bilirik. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adını əbədiləşdirmək, onların adına yaraşır şəkildə fəaliyyət göstərməklə, bu müqəddəs missyanı gələcək nəsillərə ötürmək də bizim borcumuzdur. 
Bildiyimiz kimi artıq dərs ili yekunlaşdı, bu münasibətlə M.İbrahimov adına məktəbdə ilin yekunlarına dair tədbir keçirildi. Məktəbin direktoru filologiya üzrə fəlsəfə doktoru Aygün Həsənoğlu il boyu şagirdlərin davamiyyətini, dərs hazırlığını ümumi dəyərləndirdi və təhsildə daha uğurlu addımlar atmaq, daha böyük nailiyyətlər əldə etmək üçün şagirdlərə daha çox çalışmağı,  oxumağı tövsiyyə etdi. 
 Tədbirdə məktəbə maddi və mənəvi dəstəklərini əsirgəməyən “Yəsəvi Hərəkatı Dərnəyi”nin başqan yardımçısı Yadigar Bayraqdar da iştirak edirdi. Yadigar xanım dərs ilinin sona çatması ilə əlaqədar balaca məktəblilərə dərnəyin hədiyyələrini təqdim etdi, onu da qeyd edim ki, hədiyyələr hər bir şagirdin istəyinə görə alınıb. Dərnəyin məktəbə başqa dəstəkləri də var, bununla əlaqədar bir az Yadigar xanımla söhbət etdik:
 
 - Yadigar xanım, dərnəyiniz haqqında bilgi verirmisiniz?
- Yəsəvi Hərəkatı Dərnəyi 2012-ci ildə rəhmətlik Mühsin Yazıcıoğlunun mübarizə yoldaşları tərəfindən qurulan, mərkəzi Kayseridə olan bir yardımlaşma dərnəyidir, təxminən 55 bölgədə təmsilçılıyımız var, Afrikadan uzaq Asiyaya qədər 23 ölkədə də fəaliyyət göstəririk. Əslində türkün əlinin uzana biləcəyi qədər hər yerdə var olmağa çalışırıq, insani, təhsil və digər yardımlarımızla uşaqlarımıza və ehtiyac sahibi ailələrimizə yetişməyə çalışırıq. 
- Dərnəyin başqanı kimdir?
- Başqan Mahmud Comərd, müəllimdir, Mühsin Yazıcıoğlu ilə bərabər bir yol gələn mübarizə adamıdır. Mühsin başqanın belə bir xəyalı vardır, “Türkün əli uzansn hilalın kölgəsində”, biz də atamız Əhməd Yəsəvinin adıyla bu ideya uğruna fərqli yerlərdə fəaliyyət göstəririk. Suriyada, Əfqanıstanda, Makedoniyada təhsil və mədəniyyət mərkəzlərimiz var, qurban kəsimləri edib, ailələrə, tələbələrə paylayırıq, sünnət mərasimləri təşkil edirik.
- Azərbaycanda Qarabağla bağlı hansısa layihəniz olubmu?
- Əlbətdə, bərabər fəaliyyət göstərdiyimiz yoldaşlarımız gedib gəlirlər, daha öncə olduğu kimi ən son bu Ramazanda da Qarabağda ehtiyacı olan ailələrə yardım qutuları payladıq, qurban bayramında qurbanlarımızı orada kəsib payladıq, Türkiyədə yaşayan ehtiyac sahibi azərbaycanlı ailələrin uşaqlarına könül qardaşlığı layihəsi əsasında təhsil təqaüdü veririk.
- Bu gün milli qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan məktəbdə dərnəyinizin adından göstərdiyiniz bu dəstək təqdirə layiqdir, bunun üçün sizə təşəkkür edirik... 
- Bu məktəblə keçən ilin Ramazan ayında qida yardım qutularını gətirərkən tanış olduq, sonra bu məktəb üçün daha nələr edə bilərik deyə düşündük və maddi imkanı zəif olan 20 nəfər şagirdə yenə "Könül qardaşlığı" layihəsi əsasında hər ay 120 yeni türk lirəsi məbləğində təhsil təqaüdü verməyə başladıq, əslində dərnəyimiz bu təqaüdü daha çox şagirdə verə bilər. Keçən Ramazan ayında bayram münasibətilə uşaqlara bayramlıq hədiyyələr gətirdik, daha sonra onların dünya görüşünü artırmaq üçün onları teatra apardıq. Bu gün də dərnəyimizin Almaniyada yaşayan bir üzvünün ad günüdür, xanımının arzusu ilə uşaqları sevindirmək üçün hər birinin istəyi üzərə onlara istədikləri hədiyyələri aldıq, onların sevinci bizim üçün hər şeydən önəmlidir. Bundan sonrakı fəaliyyətlərimizdə də bu məktəbə maddi və mənəvi dəstəyimizi davam etdirəcəyik.
- Yadigar xanım, məktəbimiz adına və ümumilikdə Azərbaycan adına dəynəyinizin başqanı Mahmud Comərd bəy başda olmaqda bütün kollektivinizə göstərdiyiniz maddi və mənəvi dəstəkləriniz üçün təşəkkür edirik və gələcək fəaliyyətlərinizdə uğurlar diləyirik.
     Yaqut Misirxanlı,
     İstanbuldan “Şərq” qəzeti üçün