2009-cu ildə Türkiyənin Osmaniye şəhərinin Düziçi qəsəbəsində keçirilən “Karacaoğlan Saz Yarışması” şənliklərində səliqəli geyimli, ağ üzlü, qara qaşlı, qara gözlü, şən əhval-ruhiyyəli, 50 yaşlarında azərbaycanlı professor Babek Gurbanovla Gaziantep Universitetində professor işləyən Ruhi Ersoy vasitəsilə tanış olduq. Toplantı açıq havada, sazlı-sözlü bir məclis olduğu üçün Babek müəllimlə bir-birimizi yaxından tanıya bilmədik.
Bir neçə il sonra, 2012-ci ildə Osmaniyədə Novruz bayramı şənliyində Babək müəllim ilə yenidən qarşılaşdıq. İlqar müəllim də onunla birlikdə idi. Əslində onlar bir candə iki ürək kimi hər zaman birlikdədirlər. Bir-birlərindən ayrı heç bir məclisə, konfransa qatılmadıqlarını sonradan öyrəndim. Şənlikdən sonra Novruz yeməyinə qatıldıq və orada söhbət etmək fürsətimiz oldu. Məlum oldu ki, Türkiyədə ad qazanan, Gaziantepdə musiqi mədəniyyətini yaşadan elə bizim Qazaxlımız Babək Qurbanov imiş. Azərbaycanda tanış olmasaq da, Türkiyədə tanış olmaq bizə qismət imiş. Bir də onu öyrəndim ki, qürur duyduğumuz
Kəndimiz bilinsin ki, şair oğlunun
Nəğmələr gülşəni çiçək-çiçəkdir!
Adını dünyaya tanıtmayınca
Köçüb bu dünyadan getməyəcəkdir.
misralarını yazan və adını tarixə yazdıran şair Osman Sarıvəllinin oğlu imiş.
Vətəndən uzaqda, başqa bir dövlətdə bir azərbaycanlı ilə qarşılaşmaq qürurdur. Hələ o azərbaycanlı bir də sənin eloğlun, Qazaxlın olsun.
Orada İlqar İmamverdiyev ilə tanışlığımızı da qeyd etmək istəyirəm. O da Gaziantep universitetində professor olaraq çalışır. Saz sənətini tələbələrinə və Türkiyədə insanlara sevdirir. “O, qaşlarını çatıb sazı sinəsinə basaraq inlətdiyi zaman insanın keçmişi, gələcəyi də gözünün önündə canlanır.” Yaxşı ki onlarla qarşılaşdıq, tanış olduq.
Toplantıdan sonra bir-birimizin telefon nömrələrini aldıq. Onlar iki qardaş idi, məni də sıralarına aldılar, olduq üç qardaş. Haradasa konfrans və ya simpozium olanda mənə də zəng edib gəlməyimi istəyirlər. Onlarla bir mühitdə olmaq mənim də ürəyimcə olurdu.

Professorlar Babək Qurbanov, İlqar İmamverdiyev və Şəhrəbanı Allahverdiyeva tələbələrlə “Türk Kültüründə Musiqi” göstərisindən xatirə
2015-ci ildə Şanlıurfada Harran Universitetinin təşkil etdiyi “Xalq Kültüründə Qadın” adlı simpoziuma qatıldıq. Çıxışlarımızdan sonra Urfanın sıra gecələrinə dəvət olunduq. Babək müəllim hər hansı bir hadisəni elə komik dillə danışardı ki, istər-istəməz gülməli bir mühit yaranardı. Bu iki dost haqqında onu da deyə bilərəm ki, ikisi də çox təmiz və saf insanlardır. Kənddən necə gəlmişdilərsə, o təmizliyi və saflığı qoruyub saxlayıblar. Düzdür, heç biri kənddə yaşamamış, böyük şəhərlərdə oxuyub bizim qürur mənbəyimiz olmuşlar. Onlar ləhcələrini və yöremizin saflığını elə gözəl qoruyub saxlamışlar ki, insanın onlara baxanda uşaq kimi qucaqlayıb öpməyi gəlir.
Yenə bir yerdə olduğumuz günlərdən biri idi. 2014-cü ildə Adıyaman Universitetində “Türk Kültüründə Müzik və Aşıqlıq Geleneği” konfransını təşkil etmişdik. Buraya Prof. Dr. Babək Qurbanovu və Prof. Dr. İlqar İmamverdiyevi dəvət etmişdik. O gün macəra dolu bir gün oldu. Babək müəllim və İlqar müəllim Antepdən Adıyamana gəlmək üçün saat 08:00-da yola çıxırlar. Saat 10:00 radələrində Adıyamanda olmalı idilər. Rektor professor Mustafa Talha Gönüllü ilə saat 10:00 üçün görüş təyin etmişdim. Saat 10 oldu, 11 oldu, 12 oldu – gəlmədilər. Rektor da arada bir soruşurdu: “Nərədə qaldılar?” Mənim də, yoldadırlar, indi gələrlər deməkdən başqa sözüm qalmayır, amma gəlib çıxmırlar. Saat 13:30-da nəhayət gəlib çıxdılar. Sən demə, yol lövhələrinə baxmadan sürə-sürə Osmaniyəyə gedib çıxırlar. Antep ilə Adıyaman arası 100 km, Antep ilə Osmaniyə arası isə 150 km-dir. Yolda birindən soruşublar: “Bura haradır?” Cavab veriblər: “Bura Osmaniyədir.” Adıyaman yolunu soruşanda isə deyiblər: “Tərs istiqamətdədir.” Yenidən Osmaniyədən 250 km yol gələrək Adıyamana gəlib çatdılar. Gəldikdən sonra tələsik rektorla görüşdülər. Allahdan toplantı saat 14:30-da idi.
Tələbələr Babək müəllimin pianinosu və İlqar müəllimin sazı müşayiəti ilə türkülər, şeirlər və mahnılar söylədilər. Bir qədər də lətifələrə yer verildi. Toplantı yüksək səviyyədə keçdi. Sonra bizə gəldik. Babək müəllim Azərbaycan üsulu kərə yağılı plov istəmişdi. Onun istədiyi kimi plov bişirdim, oturub yedik, danışdıq, güldük. Sonra onları yola saldıq.
2017-ci ildə Xocalı soyqırımı ilə bağlı Adıyaman Universitetində konfrans keçirdik. Babək müəllim və İlqar müəllim də dəvətli idilər. Saat 10:00-da konfrans başladı. Tələbələr və müəllimlər zalı doldurmuşdular. Belə ağır gündə bizi tək qoymaq istəmədilər. İlk məruzəçi Babək Qurbanov idi. Babək müəllim çıxışa yeni başlamışdı ki, 6.1 bal gücündə zəlzələ oldu. Bina silkələnir, tavan titrəyirdi. Bütün dinləyicilər zalı tərk etdilər. Babək müəllim və İlqar müəllim yerlərindən qalxmadılar. Biz də bir neçə azərbaycanlı olaraq onlara hörmətimizdən zalı tərk etmədik. Babək müəllim heç nə olmamış kimi çıxışını davam etdirirdi. Az sonra rektorluqdan xəbər gəldi ki, binanı tərk edin, amma Babək müəllim yenə də məruzə edirdi. Sonda işıqlar söndü, o isə çıxışının yarımçıq qaldığı üçün etiraz etdi: “Biz bura konfrans verməyə gəlmişik, indi nə olacaq?” Biz qorxunu unudub gülməkdən keçinmişdik. Dedik: “Ay müəllimlər, siz elə çıxış etdiniz ki, yer-göy yerindən oynadı, bundan artıq nə istəyirsiniz?” O günü həm acı, həm də gülməli bir xatirə kimi illərlə yada saldıq.
Həmin gün axşam saat 18:00-da Adıyaman Ülkü Ocağının dəvəti ilə Adıyaman bələdiyyə salonunda konfrans davam etdi. Universitetdə ürəklərini boşalda bilməyən Babək müəllim və İlqar müəllim orada çıxışlar etdilər. Toplantı onların könlüncə, alqışlarla başa çatdı. Axşam universitetin qonaq evində qaldılar. Səhəri gün Adıyaman Ülkü Ocağı başqanı Ali Önat onları zəlzələdən zərər görən kəndlərə apardı. Evlərin vəziyyəti çox pis idi. Əhali çadırlara yerləşdirilmişdi. Yağış da vəziyyəti daha da çətinləşdirirdi. Babək müəllim və İlqar müəllim kənd sakinlərinə təsəlli verdilər və axşam Antepa qayıtdılar. Bu dəfə yolu onlara yaxşı-yaxşı izah etdik ki, yenə tərs yönə getməsinlər.
2019-cu ildə Babək müəllim aramızdan ayrıldı. İlqar müəllim ilə danışanda hər zaman Babək müəllimi xatırlayırıq. Əslində İlqar müəllim “Babəkşünas”dır. İllərlə ayrılmadığı dostundan ayrı düşmək ona ağır gəlsə də, başqa əlac yoxdur.
Babək Qurbanovun həyat yolunu qısaca belə ümumiləşdirmək olar: 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsini bitirmişdir. 1967-ci ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildə professor elmi adına layiq görülmüşdür. 1981–1989-cu illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda Estetika və Etika şöbəsinin müdiri, 1989–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda kafedra müdiri, 1992–2008-ci illərdə Türkiyənin Erzurum şəhərində Atatürk Universitetində kafedra müdiri, 2009–2019-cu illərdə isə Qaziantep Türk Musiqisi Dövlət Konservatoriyasında professor kimi fəaliyyət göstərmişdir. O, 700-ə yaxın elmi məqalənin və 30 kitabın müəllifi olaraq elm dünyasına böyük bir miras qoymuşdur.
Çox qürurlu bir həyat yolu keçən, dərdini ürəyində saxlayıb, üzündə həmişə təbəssüm gəzdirən Babək Qurbanov 2019-cu ildə sağalmaz xəstəliyə yenik düşərək vəfat etdi. Onun bu dünyadan köçməsini qəbul etmək çətindir. 2016-cı ildə İlqar müəllim zəng edib dedi ki, 9 iyun Babək müəllimin doğum günüdür. Dedim ki, elə 9 iyun mənim də ad günümdür. Güldü, dedi: “Necə oldu ki, ikiniz eyni gündə doğuldunuz, mən kənarda qaldım?” Sonra İlqar müəllim “Babək ilə Şəhrəbanu” adlı uzun bir şeir yazdı bizə. O şeirin bir hissəsi belədir:
Biri bacı, biri qardaş,
Babək ilə Şəhrəbanu.
Elmimizdə iki yoldaş,
Babək ilə Şəhrəbanu.
Səs salıb qoşa adları,
Heyran edir savadları,
Bir nəsilin övladları,
Babək ilə Şəhrəbanu.
Özləri doqquz aldılar.
Məni 23-ə atdılar,
Arzularına çatdılar,
Babək ilə Şəhrəbanu.
Onlar doğma mənsə uzaq.
Ayrı düşdüm qaldım yazıq
Doğduqları məkan Qazax,
Babək ilə Şəhrəbanu.
Hər ikisi professor,
İnanmırsan özündən sor.
Saz üstündə səslənən xor,
Babək ilə Şəhrəbanu.
Bir-birinin həmsirdaşı,
Həm dostu, həm də yoldaşı,
İlqarın cüt arkadaşı,
Babək ilə Şəhrəbanu.
Mən hələ də o gündəyəm — bizim birlikdə ad günümüzü qeyd etdiyimiz o gündə…
Prof.Dr. Şehrabanı Allahverdiyeva
T.C. Adıyaman Üniversitesi Fen Edebiyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü