Əks təqdirdə həmin şəxslər bir müddətdən sonra problemli kredit alana çevriləcəklər
"Çünki sonra tələbələr problemli kredit alana çevrilməsinlər. Həmçinin kredit verilən uşaqlar sonra işlə təmin edilməlidir ki, təhsili başa vurandan sonra onu ödəyə bilsinlər. İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 60 faizi öz vəsaiti hesabına, yəni ödənişli əsaslarla, 40 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada var, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir. Amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır. Hətta, 5-7-10 ilə, bəzən isə 30 ilədək müddətdə qaytarılır".
"Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur – 1-2 faiz. Ümumiyyətlə, tələbə kreditləri konstitusiyanın tələblərinə ziddir. Belə ki, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Bunu dövlət təmin edir. Statistikaya baxsaq, görərik ki, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni 1-2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub. Qardaş Türkiyədə də bu kredit sistemi mövcuddur və tələbələrə çox ciddi güzəştlər edilir. Bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin olunur. Bunun üzərində işləmək lazımdır. Çünki kredit götürüb təhsil haqqı ödəyən şəxslər potensial problemli kreditora çevrilir".