Tələbənin üzərinə borc öhdəliyi qoymaq qanunvericiliyin pozulmasıdır - Əmrah Həsənli 

“Heç bir universitet rəhbərliyi dövlətin ayırdığı vəsaiti “az” hesab edib, tələbənin üzərinə əlavə maddi yük qoya bilməz"

Qərbi Kaspi Universitetinin dövlət sifarişi əsasında təhsil alan bəzi tələbələrindən 350–370 manat məbləğində ödəniş tələb olunduğu iddia edilir.

Sherg.az xəbər verir ki, bu barədə Qərbi Kaspi Universitetinin tələbələri tərəfindən sosial şəbəkələrdə şikayət paylaşımları edilib. 

Tələbələr bildiriblər ki, onlara dövlət sifarişi üzrə ayrılan vəsaitin tam ödənilmədiyi, qalan hissənin isə tələbələr tərəfindən qarşılanmalı olduğu deyilib. Hətta bununla bağlı tələbələrə mesajlar da göndərilib.

Mesajlarda adları siyahıda olan şəxslərin bu məbləği ödəmədiyi halda imtahanlara buraxılmayacaqları da bildirilib.

Məsələ ilə bağlı danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a bildirib ki, Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrdən əlavə ödəniş tələb olunması barədə yayılan iddialar ciddi narahatlıq doğurur. TİHA sədri qeyd edib ki, dövlət sifarişi – Azərbaycan dövlətinin öz gəncinə verdiyi bir təminatdır və bu vəsait dövlət büdcəsindən tam şəkildə qarşılanır: 

“Heç bir universitet rəhbərliyi dövlətin ayırdığı vəsaiti “az” hesab edib, tələbənin üzərinə əlavə maddi yük qoya bilməz. Bu, həm qanunvericiliyin pozulması, həm də dövlətin apardığı təhsil siyasətinə kölgə salmaqdır. Dövlət heç vaxt yarımçıq öhdəlik götürmür. Əgər bir ixtisasın qiyməti dövlət tərəfindən müəyyən edilibsə, Universitet də həmin şərtlərlə razılaşıb tələbəni qəbul edib. Sonrada təhsil haqqını artırıb, tələbənin üzərinə borc öhdəliyi qoymaq qanunaziddir. Universitetin daxili qiymət siyasəti dövlət sifarişi ilə oxuyan tələbələrin cibinə ziyan verməməli, onların hüquqlarını pozmamalıdır. Tələbəni imtahana buraxmamaqla təhdid etmək isə təhsil ocağının deyil, ticari müəssisə rəhbərliyinin yanaşması ola bilər.  Məsələ Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi diqqət mərkəzindədir. Aidiyyatı qurumlar tərəfindən məsələnin kökü araşdırılır və qısa zamanda hüquqi qiymət verilərək geniş məlumat veriləcəkdir. Dövlətimiz hər bir tələbənin hüququnun qarantıdır”.