Test əzbərçilik deyil, tətbiq məsələsidir - Əmrah Həsənli

 “Almaz müəllimin narahatlığı əsaslıdır, amma testləri tam inkar etmək düzgün deyil”

“Almaz müəllimin bu fikri əslində uzun illərdir təhsil mühitində səssiz şəkildə gedən bir müzakirənin açıq ifadəsidir və bu baxımdan cəmiyyətin diqqətini çəkməsi təbiidir. Burada məsələyə emosional yox, peşəkar yanaşmaq daha vacibdir. Məncə, bu fikirdə müəyyən həqiqət payı var, amma onu ümumiləşdirib “testlə hazırlaşan şagird savadlı deyil” kimi kəskin formada təqdim etmək doğru yanaşma olmaz”. 

Sherg.az xəbər verir ki, bu sözləri əməkdar müəllim, Almaz Əsgərovanın “Testlə hazırlaşdırılan şagird savadlı deyil” yanaşmasını şərh edən təhsil eksperti, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri Əmrah Həsənli deyib. 

Ə. Həsənli hesab edir ki, test özü-özlüyündə nə yaxşıdır, nə də pis. Bu, sadəcə qiymətləndirmə alətidir: “Problem alətdə yox, onun necə tətbiq olunmasındadır. Əgər tədris prosesi yalnız test həllinə yönəlibsə, müəllim izahdan çox “doğru cavabı tapma texnikası” öyrədirsə, şagird də mövzunu anlamaqdan çox variantlar arasında seçim etməyə fokuslanırsa, burada artıq əzbərçilik elementləri qaçılmaz olur. Bu halda Almaz müəllimin narahatlığı tam əsaslıdır. Amma digər tərəfdən, hər bir test tapşırığı əzbərçilik demək deyil. Yaxşı qurulmuş test sualları şagirdin yalnız yaddaşını yox, məntiqini, analiz bacarığını, səbəb-nəticə əlaqələrini anlama səviyyəsini də ölçə bilir. Yəni keyfiyyətli test sualı şagirdi düşünməyə vadar edir. Problem ondadır ki, bizdə bəzən test bankları məzmun yox, forma üzərində qurulur və bu da təhsildə balansı pozur. Əslində məsələ daha dərindir. Burada söhbət ümumilikdə təlim fəlsəfəsindən gedir. Əgər sinifdə şagird sual verməyə, müzakirə etməyə, səhv etməyə və öyrənməyə təşviq olunmursa, bütün proses nəticə yönümlü – yəni bal toplamaq üzərində qurulursa, istənilən qiymətləndirmə forması, hətta ən idealı belə, səmərəsiz olacaq. Test də bu sistemin bir parçasıdır və təkbaşına günahlandırılması düzgün deyil”.

TİHA sədrinin sözlərinə görə, düzgün yanaşma test imtahanlarını inkar etmək yox, onları daha təkmil etmək, paralel olaraq açıq suallar, layihə əsaslı qiymətləndirmə, şifahi təqdimatlar kimi alternativ üsulları da sistemə daxil etməkdir: “Şagird yalnız cavabı seçən yox, cavabı əsaslandıran, izah edən, tətbiq edən fərd kimi yetişməlidir. Yəni, Almaz müəllimin dediyi fikir problemin bir tərəfini çox yaxşı ifadə edir, amma həll yolu testləri tam inkar etməkdə yox, tədris və qiymətləndirmə arasında sağlam balans qurmaqdadır. Təhsil sisteminin məqsədi test yazan yox, düşünən və anlayan insan yetişdirmək olmalıdır”.