Vəhdət Partiyası məktəblərdə vahid geyim qaydalarını müdafiə etdi

“Məktəbli forması mövzusunu manipulyasiya edənlər Azərbaycanın suverenliyinə göz dikən xarici düşmən qüvvələrdir”.

Vəhdət partiyası sədrinin müavini Vasif Əfəndiyev Sherg.az-a bildirib ki, məktəblərdə vahid geyim qaydaları ilə bağlı baş verən kiçik insidentlərin böyüdülərək ictimai təhlükə kimi təqdim olunması dövlətimizin daxili sabitliyini hədəf alan xarici dairələrin planlarından xəbər verir. Onun sözlərinə görə, bu qüvvələr Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir və cəmiyyətdəki həssas mövzulardan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar:

“Tarix göstərir ki, dövlətimizin güclənməsini istəməyən düşmən şəbəkələr idarə etdikləri casus və radikal qruplar vasitəsilə mütəmadi olaraq fərqli təxribat ssenarilərini işə salırlar. Yaxın keçmişdə Gəncə şəhərində asayişi qoruyan yüksək rütbəli polis polkovniklərinin radikal elementlər tərəfindən xaincəsinə bıçaqlanması da məhz bu cür xarici təhrikin bariz nümunəsi idi. Eyni zamanda, millət vəkili Fazil Mustafaya qarşı törədilən terror hadisəsi də ölkədə xof yaratmaq və dövlət quruluşuna zərbə vurmaq məqsədi güdən kənar sifarişli terror aktı kimi yadda qalmışdır. Vaxtilə baş vermiş məlum Nardaran hadisələri də xarici dini-siyasi mərkəzlərin ölkəmizdə daxili qarşıdurma yaratmaq və dini inancları alətə çevirmək cəhdinin uğursuzluqla nəticələnən ssenarisi idi. Bu gün məktəbli forması mövzusunu manipulyasiya edənlər, əslində həmin qanlı hadisələri planlaşdıran və Azərbaycanın suverenliyinə göz dikən eyni xarici düşmən qüvvələrdir. Onlar cəmiyyətdə süni daxili cəbhələr açmaq, valideynlərlə təhsil müəssisələrini üz-üzə qoymaqla milli birliyimizi sarsıtmağa cəhd edirlər”.

Vəhdət funksioneri qeyd edib ki, gənclərimizi və uşaqlarımızı hədəf alan bu psixoloji müharibə texnologiyaları vətəndaşlarımızı dövlət orqanlarına qarşı inamsızlığa sövq etmək məqsədi daşıyır: “Lakin Azərbaycan xalqı hər zaman olduğu kimi, xarici kəşfiyyat şəbəkələrinin bu növ ibtidai və oxşar xarakterli təxribat dalğalarını ayıq-sayıqlıqla dəf etmək iqtidarındadır. Təhsil müəssisələrində nizam-intizam qaydalarına qarşı yönələn hər bir süni narazılıq aksiyasının arxasında duran düşmən izləri hüquq-mühafizə orqanları tərəfindən vaxtında ifşa olunur. Vahid məktəbli forması dövlətin təhsil siyasətinin bir parçasıdır və bu mövzuda qanunun aliliyini qorumaq hər bir vətəndaşın borcudur. Xalqımız Gəncə, Nardaran və digər terror cəhdlərindən düzgün nəticə çıxararaq, bu gün məktəblər üzərindən qurulan oyunlara da heç bir halda keçid verməyəcəkdir. Azərbaycan dövləti xarici düşmən qüvvələrin daxili sabitliyimizə yönəlmiş bütün məkrli planlarını və informasiya diversiyalarını tamamilə zərərsizləşdirməyə qadirdir”.