16 yaşa qədər uşaqları sosial şəbəkələrdən qorumaq lazımdır

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Yalnız qadağa çıxış yolu deyil, valideynlər də diqqətli olmalıdırlar 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin fevral ayında “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncam dövrümüz üçün nə qədər aktual olduğu göz önündədir. Sosial mediada paylaşılan kontentlərlə və yeniyetmə və gənclərin davranışlarını tutuşdursaq, zərurət aşkar şəkildə özünü göstərəcək.

Dünyamız dəhşətli müharibələr, qlobal böhranlar, aqressiya, əsəb, streslə əhatə olunduğu bir dövrdə uşaqlara daha həssas yanaşma, sosial-psixoloji mühitin sağlamlığı əsas şərtdir. Burada isə hər cür məzmunlu paylaşımlarla gündəlik həyatın ayrılmaz parçasına çevrilmiş sosial şəbəkələrdən qorunmağın vacibliyi önə çıxır. Prezidentin imzaladığı sərəncamda da bu vacib məqamlar diqqət mərkəzinə gətirilib. Sözügedən sərəncamda qeyd olunur ki, sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir. Beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur. Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı da tədbirlər görülməsi təmin edilsin. 

Dövlət başçısının imzaladığı sərəncamda qeyd olunan tapşırıqların aidiyyəti qurumlar tərəfindən necə yerinə yetirildiyi hələ ki tam aydın deyil. Amma Prezidentin köməkçisi Hikmət Hacıyev bu günlərdə məlum məsələ barədə fikirlərini açıq ifadə edib. 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsünə münasibət bildirən H.Hacıyev hesab edir ki, uşaqları zərərli informasiyalardan qorumaq üçün yaş məhdudiyyəti tətbiq edilməlidir: “Sosial şəbəkələr uşaqlara, onların psixologiyasına, gələcək davranışlarına çox ciddi təsir göstərir”, deyən H.Hacıyev mütaliə etdiyi bir kitabdan - psixoloq Conatan Heydt "The Anxious Generation" - “Həyəcanlı nəsil” kitabından sitat gətirib. Psixoloq əsərində qeyd edir ki, yuxarı siniflərə qədər heç bir smartfon: “Uşaqların gün boyu internetə çıxışlarını qadağan etmək üçün valideynlər onlara, 9-cu sinifə qədər, adi telefon - internet-brauzersiz telefon verməlidirlər. 16 yaşına qədər bütün sosial şəbəkələrə qadağa qoyulmalıdır. Uşaqların sosial şəbəkələrə yarış naminə qoşulmalarının əvəzinə onların bu həssas dövründə zehinlərinin inkişafının təbii yollarını axtarın. Məktəblərdə telefon qadağan olunmalıdır. Bütün məktəblərdə - ibtidai təhsildən tutmuş tam orta təhsilə qədər uşaqlar telefonlarını, smart-saatlarını və digər qurğuları xüsusi şkaflara, yaxud çantalarına yerləşdirməlidirlər. Yalnız bundan sonra onlar bir-biriləri və müəllimləri ilə ünsiyyət qurmağa maraq göstərə bilərlər. Daha çox azadlıq və oyunlarda müstəqil - müdaxiləsiz hərəkət. Məhz bunun hesabına uşaqlar sosial bacarıqlarını inkişaf etdirə, qorxunu aradan qaldıra və müstəqil şəkildə böyüyə bilərlər. Və, bütün bunlar böyük maliyyə tələb etmir və hətta qanunvericiliyin köməyi olmadan belə həyata keçirilə bilər. 

H.Hacıyev açıqlamasında qeyd edir ki, sosial şəbəkələrin müsbət tərəfləri də danılmazdır, lakin onun zərərli tərəfləri tam araşdırılmadan, tam öyrənilmədən, istər sosioloji, istər psixoloji və siyasi aspektlərdən araşdırmadan müdafiəsiz şəkildə uşaqlarımızı texno-oliqarxların, texno-oliqarx platformaların əlinə verməməliyik. 

Bununla belə xatırladaq ki, sosial şəbəkələrə girişdə hansı yaş həddinin tətbiqi müzakirə mövzusudur. 

İnformasiya-kommunikasiya məsələləri üzrə mütəxəssis Elvin Abbasov “Şərq”ə açıqlamasında qeyd etdi ki, uşaqların zərərli informasiyalardan, psixo-nevroloji pozuntulardan qorunması, təhlükəsizliklərinin təmini baxımından çox əhəmiyyətlidir. Sadəcə, yaş kateqoriyasının düzgün müəyyən edilməsi vacibdir:  

- Uşaqların sosial şəbəkələrdən istifadəsi üçün ideal yaş həddi həm psixoloji inkişaf, həm də beynəlxalq hüquqi standartlar baxımından minimum 13 yaş hesab olunur. Lakin müasir tendensiyalar, xüsusilə Avstraliya kimi ölkələrin son qərarları bu həddin 16 yaşa qaldırılmasının daha effektiv olduğunu göstərir. Bunun əsas sosioloji səbəbi odur ki, 16 yaşa qədər uşaqların prefrontal korteksi (qərarvermə və nəticələri dərketmə mərkəzi) hələ tam formalaşmadığı üçün onlar alqoritmik manipulyasiyalara, kiberbulinqə və dopamin asılılığına qarşı daha müdafiəsiz olurlar.

Mütəxəssis qeyd etdi ki, qadağanın effektivliyi yalnız yaşla deyil, həm də mərhələli keçidlə təmin edilməlidir: 

- 13 yaşa qədər tam məhdudiyyət, 13-16 yaş arası isə valideyn nəzarəti altında (məsələn, "Family Pairing" rejimi ilə) məhdud istifadə tövsiyə olunur. Çünki kəskin və izah olunmayan qadağalar çox vaxt uşaqların gizli yollarla (saxta yaş göstərməklə və ya VPN vasitəsilə) daha təhlükəli platformalara üz tutmasına səbəb olur. Əsas məqsəd uşağı tamamilə rəqəmsal dünyadan qoparmaq deyil, onun psixologiyasının sosial şəbəkələrin "mənfi təsirlərinə" qarşı immunitet qazanana qədər, təxminən 16 yaşa qədər onu qorumaqdır.